Azərbaycan Gürcüstan iqtisadiyyatına kapital qoyur İqtisadiyyat

Azərbaycan Gürcüstan iqtisadiyyatına kapital qoyur

Türkiyə ilə birgə layihələrə Gürcüstan da daxil edilir

Tərlan

Ötən il Azərbaycan Gürcüstan iqtisadiyyatına 95 mln. ABŞ dolları həcmində sərmayə yatırıb. APA-nın Gürcüstan Milli Statistika Departamentinin saytına istinadən verdiyi məlumata görə, bu barədə qurumun dərc etdiyi ilkin hesabatda deyilir. Məlumata əsasən, 2013-cü ildə xarici ölkələr Gürcüstan iqtisadiyyatına ümumilikdə 914 mln. dollar vəsait yatırıb və bu göstərici 2012-ci illə müqayisədə təxminən eyni səviyyədə qalıb.
Hesabata əsasən, Gürcüstana daha çox Niderland (180 mln. dollar), Lüksemburq (145 mln. dollar), Çin (98 mln. dollar) sərmayə yatırıb. Azərbaycan isə bu sırada 4-cü yeri tutur. Azərbaycan kapitalı ötən il Gürcüstana yatırılan xarici sərmayənin strukturunda 10% paya malikdir. Gürcüstana yatırılan sərmayələr əsasən energetika, maliyyə, nəqliyyat sektoruna aid olub. Hesabatda həmçinin qeyd olunur ki, 2013-cü ilin son rübündə Azərbaycan Gürcüstana 72 mln. dollar sərmayə yatırıb və bu göstəriciyə görə ölkəmiz lider olub. Qeyd edək ki, 2012-ci ildə Azərbaycan Gürcüstana 59 mln. dollar ayırıb.
Azərbaycan və Türkiyənin regionda həyata keçirdikləri layihələrə Gürcüstan da daxil edilir. Əslində bu üç ölkənin əməkdaşlığından daha çox qazanan Gürcüstandır. Çünki Azərbaycan və Türkiyə maliyyə imkanları məhdud olan bu ölkəyə sərmayə yatırırlar. Heft-qaz layihələri ilə yanaşı Türkiyə ilə Azərbaycanın daha bir uğurlu, böyük iqtisadi gələcəyi olan layihəsi Gürcüstanın da iştirakı ilə həyata keçirilən Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu xəttinin tikintisidir. Layihə Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir, ölkəmiz tikintiyə 850 milyon dollar investisiya qoyub. Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə təkcə yük qatarları deyil, sərnişin qatarları da hərəkət edəcək. İlkin mərhələdə burada ildə 1 milyon sərnişin, 6 milyon ton yük daşınması planlaşdırılır ki, sonradan bu həcmlərin artırılması nəzərdə tutulub. Bu dəmir yolu Azərbaycan, Gürcüstan və Türkiyə üçün iri həcmdə gəlirlər, yeni infrastruktur, xidmət müəssisələrinin açılması, rahat gediş-gəliş, təhlükəsiz və daha sürətli, ucuz yük daşımaları və yeni iş yerləri, Azərbaycanla Türkiyə arasında mühüm quru əlaqəsi deməkdir. Bu, iqtisadi layihə olmaqla yanaşı həm də tarixi və siyasi bir məsələdir, Türkiyəylə Azərbaycanı Gürcüstan vasitəsilə daha da yaxınlaşdıracaq, birləşdirəcək. Bura Haxçıvan da qatılacaq.
Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttinin istismarına artıq 2015-ci ilin ikinci yarısında başlanacaq. Bu ilin sonunda test qatarını Türkiyə sərhədinə kimi buraxa biləcəyik, 2015-ci ilin ikinci yarısından isə dəmir yolunun istismarına başlanacaq. Bakıda BTQ layihəsi ilə bağlı Azərbaycan və Gürcüstan arasında ikitərəfli formatda görüş keçirilib və bu iclasda layihənin icrası ilə bağlı məsələlər müzakirə olunub. Hazırda layihənin icrası planlı şəkildə davam edir. Ən problemli məsələz Türkiyə sərhədi ilə Gürcüstan ərazisində təxminən 400 metr uzunluqda olan tunelin tikintisi ilə bağlı olub. Bu iş də sürətlə aparılır. Çox böyük iş həcmi yerinə yetirilib. Türkiyə tərəfi də 2015-ci ilin yayına kimi bu işi tamamlamağı nəzərdə tutur və gələn il bu nəqliyyat dəhlizinin tam şəkildə işə düşməsi gözlənilir. BTQ dəmir olu bağlantısı layihəsinin icrasında marşrut boyunca torpaq sahələrinin alınması ilə bağlı problem artıq çoxdan həll olunub və bu layihə üçün bu cür maneələr yoxdur.
Əslində hər iki tərəf BTQ üzrə işlərin qrafikə uyğun getdiyini desələr də, layihə xeyli gecikdirilib. Əvvəllər dəmir yolunun istifadəyə verilməsi tarixi kimi 2014-cü ilin əvvəli bildirilirdi. Bu ləngimə Gürcüstan ərazisində aparılan tikinti işləri və inzibati səbəblərlə bağlıdır. Tikinti səbəblərinə tunelin inşası, inzibati səbəblərə isə dəmir yolunun tikintisi ilə əlaqədar torpaq alqı-satqısında yaranan problemlər qeyd edilir. Ona görə də, əslində indi dəmir yolu işə salınmalıydı. Amma görünür, ən azı il yarım da gecikmə olacaq. Hər halda Azərbaycanın maliyyə dəstəyi ilə layihə çərçivəsində Gürcüstan ərazisində aparılan tikinti işləri davam edir. Bakı-Tiflis-Qars layihəsi ilə yanaşı, Bakının yaxınlığında yeni müasir beynəlxalq dəniz ticarət limanının tikintisi, eləcə də Bosfor boğazında dəmir yolu tunelinin inşası Çin və Mərkəzi Asiyadan yüklərin Qafqaz üzərindən birbaşa 4-cü Pan Avropa dəhlizinə çıxmaqla Avropaya və əks istiqamətdə daşınması üçün əlverişli şərait yaradacaq.
Azərbaycan turizm sahəsində də Gürcüstan üçün əhəmiyyətli ölkədir. Ölkəmizdə turizm xidmətləri hədsiz dərəcədə baha olduğundan azərbaycanlılar qonşu ölkələrə - Türkiyə, Rusiya və Gürcüstana getməyə üstünlük verirlər. Təsadüfü deyil ki, Azərbaycan özü müalicəvi turizm məkanları (mineral sularla bol) ilə zəngin olsa da, insanlar Rusiya kurortlarına üz tuturlar. 1000 dollara yol pulu da daxil Gürcüstanda iki-üç həftə həm istirahət etmək, həm də müalicə almaq mümkündür. Bütün dünyada turizm mübadiləsinin böyük hissəsi qonşu ölkələrin payına düşür. Belə ki, Azərbaycana gələn turistlərin 50-55%-i ətraf xarici ölkələrdən - Rusiya, Türkiyə, İran Gürcüstan və s.-dən gəlir. Bu baxımdan regional turizmin inkişaf etdirilməsi həm Azərbaycan, həm də Gürcüstan üçün çox vacibdir.
Mənfi cəhət ondan ibarətdir ki, ölkəmizdə turizm qiymətləri yüksəkdir. Ancaq rəqəbət qabiliyyətinə görə Gürcüstandan geri olmağımız inandırıcıdır. Çünki qonşu ölkədə qiymətlər ucuzdur. Ötən il Azərbaycana gələnlərin sayı 2 milyon nəfərə yaxın göstərilir. Bu isə qonşu ölkədəkindən ən azı iki dəfə azdır. Şübhəsiz ki, Gürcüstanın turistlər üçün cəlbediciliyi bu ölkədə qiymətlərin qonşu ölkələrlə müqayisədə çox ucuz olması ilə bağlıdır. Hətta Türkiyə və Azərbaycan vətəndaşları istirahət üçün öz ölkələrindən daha çox Gürcüstanı seçirlər. Çünki həm ucuzluqdur, həm də xidmətlərin keyfiyyəti qənaətbəxşdir.