Transxəzər gerçəkləşir İqtisadiyyat

Transxəzər gerçəkləşir

Maroş Şevçoviç : "Türkmənistan Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olacaq və Avropanı təchiz edəcək"

"Rusiya enerji daşıyıcılarından asılılığını azaltmağa çalışan Avropa Birliyi 2019-cu ildə Türkmənistandan qaz idxalını başlamağı düşünür".
Bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç "Röyters"ə müsahibəsində deyib.
Onun sözlərinə görə, Türkmənistan öz ixrac imkanlarını diversifikasiya etmək istəyir: "Öz növbəsində, Avropa Birliyi üçün öz idxal imkanlarını diversifikasiya etmək əhəmiyyətlidir. Bizdə yaxşı qarşılıqlı anlaşma var. Avropa 2019-cu ildə türkmən qazını almağa ümid edir".
Avrokomissar ötən həftənin cümə axşamı Aşqabadda Türkmənistan prezidenti, cümə günü isə Türkiyə və Azərbaycan enerji nazirləri və türkmən baş nazirinin müavini ilə görüşündən danışıb.
"Biz bu formatda Transxəzər qaz kəmərinə aid olan bütün aspektləri müzakirə etdik. Biz strateji istiqamətdə çox böyük addım atdıq və hər şey müsbətə doğru gedir", - deyə o bildirib.
Maroş Şevçoviç indiyə qədər Azərbaycan və Türkmənistan arasında Xəzərlə bağlı olan problemlərin də aradan qalxacağına işarə vurub: "İndi siyasi qərar var ki, Türkmənistan Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olacaq və Avropanı təchiz edəcək. Tərəflər Transxəzər kəməri üzrə işçi qrupu yaratdı. Bura energetika nazirlərinin müavinləri və Xarici İşlər Nazirliklərinin ekspertləri daxil olacaq".
Maroş Şevçoviç bildirib ki, 2019 və 2020-ci illərdə Azərbaycandan Avropanın sərhədlərinə qədər olan qaz kəmərləri tikilib başa çatacaq: "Türkmənistan bu əməkdaşlığın mühüm hissəsi olacaq. Biz Türkmənistan, Türkiyə, Azərbaycan və Avropa Birliyi formatında işləməyə razılaşdıq. Gələcəkdə danışıqlara Gürcüstan da dəvət olunacaq. Çünki Cənub Qaz Dəhlizi nöqteyi-nəzərindən bu ölkə əhəmiyyətli tranzit ölkədir".