Aİ Ukraynaya 2,9 milyard avroluq növbəti yardım tranşını ayırır Dünya

Aİ Ukraynaya 2,9 milyard avroluq növbəti yardım tranşını ayırır

Avropa Komissiyası cümə günü "Ukraine Facility" mexanizmi çərçivəsində Ukraynaya 2,9 milyard avro məbləğində növbəti tranşı ayırıb. Vəsaitin bir hissəsi 90 milyard avroluq dəstək krediti hesabına təmin edilib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Yevropeyska pravda" Avropa Komissiyasına istinadən məlumat yayıb.

Bu, Aİ-nin Ukraynanın bərpası, islahatları və Aİ üzvlüyünə doğru irəliləyişini dəstəkləyən əsas aləti olan "Ukraine Facility" çərçivəsində sayca səkkizinci tranşdır.

Qeyd edildiyi kimi, ümumi məbləğdən 800 milyon avro ilk dəfə olaraq Ukraynaya dəstək üçün nəzərdə tutulan 90 milyard avroluq kredit çərçivəsində ayrılıb.

"Ayrılan bu vəsaitlə biz Ukraynanın maliyyə sabitliyini təmin etməyə kömək edir və onun gələcək bərpasının əsasını təşkil edəcək investisiyaları dəstəkləyirik. Çünki Avropa həmrəyliyi konkret dəstək deməkdir. Avropa nə qədər lazımdırsa, o qədər Ukraynanın yanında olacaq", - deyə Avropa Komissiyasının prezidenti Ursulya fon der Leyen bəyan edib.

Bu tranş da nəzərə alınmaqla, "Ukrayna Planı" çərçivəsində göstərilən ümumi Aİ dəstəyinin həcmi 32 milyard avronu ötəcək (o cümlədən üzv dövlətlər və tərəfdaş ölkələrdən gələn xarici töhfələr, habelə Ukraynaya dəstək krediti vasitəsilə yönləndirilən vəsaitlər). Bu isə "Ukraine Facility"nin birinci istiqaməti çərçivəsində mövcud olan cari maliyyələşmənin təxminən 70%-nə bərabərdir.

Məryəm Quliyeva