Milli Məclisdə oliqarxların həbsi müzakirə olundu İqtisadiyyat

Milli Məclisdə oliqarxların həbsi müzakirə olundu

Oqtay Əsədov: "Kimlərin ajiotaj yaratdığı bilinir, siz heç nəyə görə narahat olmayın"

Zahid Oruc: "Mərkəzi Bankın ehtiyatlarının 1,3 milyard manat azalması sübut edir ki…"

Milli Məclisin dünən keçirilən iclasında "Mərkəzi Bank haqqında" qanuna dəyişikliklər layihəsi müzakirəyə çıxarılıb.
Qanun layihəsində Mərkəzi Bankın kapital ehtiyatları ilə bağlı qaydaları dəyişdirilir, yeni öhdəliklər müəyyənləşdirilir. Dəyişikliyə görə, Mərkəzi Bankın kapital ehtiyatları artıq tədavülə buraxılmış nağd milli valyutanın 15 faizi miqdarında müəyyən edilməyəcək. Əvəzində, onun nizamnamə kapitalından az olmamaq şərti ilə hesabat ilinin mənfəətindən ayırmalar hesabına formalaşdırılacaq. Bununla yanaşı xarici valyutada və qızılda olan aktiv və passivlərin yenidən qiymətləndirilməsi nəticəsində ilin sonuna yaranan zərərin ödənilməsi Mərkəzi Bankın kapital ehtiyatları hesabına təmin olunur. Həmçinin dəyişikliyə əsasən Mərkəzi Bankın fəaliyyəti nəticəsində yaranmış kapital çatışmazlığı bir maliyyə ili təxirə salınmaqla dövlətin buraxdığı qiymətli kağızlar hesabına ödəniləcək.
Layihənin müzakirəsi zamanı çıxış edən deputat Zahid Oruc bildirib ki, Mərkəzi Bankın aprel ayında açıqladığı göstəricilər müəyyən mənada aktivliyi təmin etmək üçün tədbirlər görülməsinə ehtiyac olduğunu təsdiq edir
Onun sözlərinə görə Mərkəzi Bankın ehtiyatlarının 1,3 milyard manat azalması sübut edir ki, maliyyə bazarına dövlətin müdaxiləsi hər kəsin marağındadır: "Bank sahəsindəki sabitlik həm də vətəndaşların xeyrinədir. Bizim həyata keçirəcəyimiz bu dəyişikliklər Mərkəzi Bankın resurslarının genişlənməsinə imkan verəcək".
Zahid Oruc son günlər ölkədə iş adamlarının həbs edilməsi barədə də danışıb. Onun fikrincə, iş adamları ilə bağlı həbslər bütövlükdə bank sektorunda sabitləşmənin həyata keçirilməsi üçün bir addım kimi qiymətləndirmək oalr: "Bu məsələ ətrafında ajiotaj yaradılması başa düşülən deyil. Sadə vətəndaş krediti ödəyə bilməyəndə məhkəmələrdə sanksiyalar tətbiq edilir. Bəzən o vətəndaşlar qoyduqları girovları itirmək məcburiyyətində qalır. Bu vəziyyət qətiyyən ajiotaj yaratmırdı. Son günlər həyata keçirilən tədbirlər də bu cür addımlardandır. Sanki elə qəbul edilir ki, külli miqdarda dövlət vəsaitini yayındırıb müxtəlif cür addım ata bilərlər və onlar borclu deyillər. Ölkə rəhbəri dünən bir daha qeyd etdi ki, biznes mühiti üçün heç bir problem yoxdur, yetər ki, qanun qarşısında öhdəliklər yerinə yetirilsin".
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, kimlərin ajiotaj yaratdığı bilinir: "Azərbaycanda olan hər bir şeyə ajiotaj yaradılır. Siz heç nəyə görə narahat olmayın. Azərbaycanda dövlət orqanları var və onlar bununla bağlı lazımi tədbirlər görür".