Əhmədin ürəyi Vətənlə döyünürdü Hadisə

Əhmədin ürəyi Vətənlə döyünürdü

Vətən uğrunda canından keçərək tarix yazan oğulların ömür yolları qısa olsa da, heç vaxt unudulmur. Qərinələr boyunca gələn nəsillərə örnək olurlar. Məhz Sabirabad rayonunun Poladtoğay kəndində boy-başa çatan Əhməd Anar oğlu Əhmədlinin nəsibi belə bir müqəddəslik olub. O, 44 günlük haqq savaşımızda göstərdiyi misilsiz qəhrəmanlığı ilə 19 yaşında günəş ömrü yaşamaq üçün əlçatmaz, ünyetməz göylərə ucalıb. Fəqət, Vətənin yaşaması naminə müharibə Əhmədin gələcək həyatını yarımçıq qoyub, amma ona böyük şərəf və qürur qatıb. O, cismən aramızdan getsə də, milyonların ürəyində yaşayır. Bütün Azərbaycan xalqı indi Əhmədlə fəxr edir. Dövlət tərəfindən layiq görüldüyü “Vətən uğrunda” və digər medallar da öz yerində ...
Vətən, torpaq sevgisi ilə şəhidlik zirvəsinə ucalan Əhməd Əhmədli yüksək qiymətlərlə orta məktəbi baş vurub 2020-ci ilin 6 yanvarında ordu sıralarına yola düşüb. Əsgərliyini Goranboy “N” saylı hərbi hissəsinin quru qoşunlarının daxilində çəkib. Vətən qarşısında borcunu şərəflə yerinə yetirib, mərd, cəsur və ağıllı bir gənc olaraq hamı tərəfindən xətri əziz tutulub. İri çaplı ağır silahdan atəş açmağın sirlərini dərindən öyrənib və atıcı kimi fərqlənib. Qarabağı işğal etmiş dığalarla hər an döyüşə girməyə hazır durub. Daxilindəki torpağa olan sevgisi onu bir qayda olaraq həmişə döyüş meydanına çəkib.
27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayanda Əhməd doqquz aya yaxin idi ki, canından artıq sevdiyi Azərbaycana keşik çəkirdi. Düşmənə olan nifrət Əhmədi birincilər sırasında müharibə meydanına aparıb. O, Tərtər rayonunun Talış və Suqovuşan kəndləri istiqamətində gedən ağır döyüşlərə qatılıb, yağı gülləsini vecinə almadan qeyrətlə, kişi kimi vuruşub. Düşmənin çoxlu sayda canlı qüvvəsini, hərbi texnikasını məhv edib.
Əhmədin döyüş yolu bununla bitməyib. Neçə-neçə qeyri-bərabər savaşdan zəfərlə çıxıb. Qeyrət, namus rəmzi olan Azərbaycanın müqəddəsliyini canından əziz tutaraq odlardan, alovlardan keçərək torpağın bağrına zəfər bayrağı sancanların cərgəsində olub.
Əhməd öz xalqının yaddaşını, ağrısını və 30 illik torpaq həsrətini çiyinlərində daşıya-daşıya qələbəyə doğru inamla irəliləyib. 3 oktyabr günü ağır və şiddətli döyüşlərin birində yağıya ağır zərbələrə vurmaqla bərabər, özü də atılan qəfil gülləyə tuş gəlib və Vətən üçün döyünən ürəyi susub. Oğulluq borcunu son nəfəsinə qədər şərəflə yerinə yetirdiyi üçün əbədi olaraq əziz övlad kimi xalqın yaddaşına köçüb...
Əhməd öz şərəfli ölümü ilə bir daha göstərdi ki, Vətən, torpaq uğrunda canından, qanında keçməyi bacarmaq ən böyük qürurdur. Bu müqəddəs yolu seçənlər əbədi ürəklərdə yaşayırlar.

Zəfər Orucoğlu