Sığorta-pensiya sistemində elektron xidmətlər İqtisadiyyat

Sığorta-pensiya sistemində elektron xidmətlər

Özəl pensiya fondlarının yaradılması üçün qanunvericilik bazası hazırlanır

Tərlan

Dövlət Sosial Müdafiə Fondu (DSMF) Şirvan şəhərində "Sığorta-pensiya sistemində elektron xidmətlər" mövzusunda regional təqdimat keçirib. APA-nın Mil-Muğan bürosunun verdiyi xəbərə görə, Şirvan şəhərində keçirilən təqdimatda 1 şəhər, 11 rayonu təmsil edən sığortaedənlər, sığorta olunanlar və pensiyaçılar iştirak ediblər. Bildirilib ki, Dövlət Sosial Müdafiə Fondunun əhaliyə təqdim etdiyi electron xidmətlərin sayı 19-a çatdırılıb. "Elektron hökumət" portalının statistikasına görə, fondun göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında qərarlaşıb. O da qeyd olunub ki, Fondun mərkəzi məlumat bazasında 1 milyon 277 min nəfər pensiyaçı və 2 milyon 691 min nəfər sığortaolunan barədə müvafiq məlumatlar toplanılıb. Ötən il ərzində DSMF-nin həm öz saytı, həm də "elektron hökumət portalı" vasitəsilə əhaliyə təqdim etdiyi elektron xidmətlərindən ümumilikdə 700 minə yaxın vətəndaş yararlanıb. Kiçik ödəniş edən, mühasibatlığı avtomatlaşdırılmamış torpaq pay mülkiyyətçiləri, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər DSMF-nin yerli şöbələrində yaradılmış "Yardım maşınları"nın xidmətindən yararlanmaqla öz hesablarını elekytron formatda təqdim etmək imkanı qazanırlar. Təqdimat mərasimində DSMF-nin elektron xidmətləri barədə slaydlar nümayiş olunub, həmçinin sığorta edənlərin, sığorta olunanların və pensiyaçıların elektron xidmətlərlə bağlı çoxsaylı sualları cavablandırılıb, təklifləri dinlənilərək müzakirə olunub.
DSMF bu ilin əvvəlində "Sığortaolunanın onlayn uçota alınması" adlı elektron xidmətini istifadəyə verib. Bu xidmət vasitəsilə sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi prosesini elektron qaydada həyata keçirmək mümkündür. Belə ki, indiyə qədər ilk dəfə əmək fəaliyyətinə başlayan vətəndaşın sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi üçün sığorta edən (işəgötürən) işçi ilə əmək müqaviləsi bağladığı gündən sonra, sığorta olunanın ərizəsinin tərtibini təşkil etməli və onu müvafiq qaydada təsdiq edərək sənədlər toplusunu siyahı ilə birlikdə, DSMF orqanına şəxsən təqdim etməli idi. Bundan sonra isə hər bir sığortaedən öz ofisindən kənara çıxmadan birbaşa elektron qaydada müraciət etməklə, sığortaolunanlar üçün sosial sığorta şəhadətnaməsinin rəsmiləşdirilməsi imkanına malik olacaq.
Tədbirdə DSMF-nin yeni elektron xidmətdən istifadə qaydaları nümayiş etdirilib. Elektron xidmətdən istifadə üçün sığortaedən www.e-gov.az internet ünvanına daxil olur, "Sığortaolunanın onlayn uçota alınması" elektron xidmətini seçir və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş ərizə DSMF orqanı tərəfindən qəbul edilir və bu barədə sığortaedənə elektron təsdiqetmə bildirişi göndərilir. Sığortaedən tərəfindən elektron formada göndərilmiş elektron ərizə formalarına DSMF tərəfindən baxılır. Təqdim edilmiş elektron ərizə formaları yoxlandıqdan sonra sığortaolunan üçün fərdi şəxsi hesab açılır və onun soyadı, adı, atasının adı, doğulduğu tarix, doğulduğu yer, cinsi və sosial sığorta nömrəsi (SSN) əks olunan dövlət sosial sığorta şəhadətnaməsi 1 ay ərzində rəsmiləşdirilir.
Azərbaycanın dövlət pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının formalaşdırılması Azərbaycanda sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramının əsas vəzifələrindən biridir. DSMF sədri Elman Mehdiyev bildirib ki, "hazırda məsələ ilə bağlı qanunvericiliyin hazırlanması mərhələsindəyik. Bunun üçün beynəlxalq təcrübəni nəzərə almaq və mühüm təcrübəyə malik beynəlxalq ekspertləri dəvət etmək üçün Avropa Birliyi ilə əməkdaşlıq çərçivəsində "Tvinninq" layihəsi hazırlanıb. Layihə artıq təsdiq edilib, icraçı təşkilatlar seçilib". Onun sözlərinə görə, həmin ölkələrdən biri Latviya, ikinci tərəfdaş isə Almaniyadır. Bu ölkələrin ekspertləri ilə aparılan ilkin müzakirələr tamamlanıb. Layihənin həyata keçirilməsi dövlət pensiya sistemində yığım komponentinin tətbiqi və qeyri-dövlət pensiya fondlarının yaradılmasının qanunvericilik əsaslarını formalaşdıracaq.
Bu sahədə hələlik bir çox suallar da var. İlk növbədə istər dövlət pensiya sistemində yığım komponentinin tətbiqi, istərsə də qeyri-dövlət pensiya fondlarının yaradılmasının kənar amillərdən asılılığı mövcuddur. Burada əsas məsələ vətəndaşın fərdi hesabında real toplanan pul vəsaitinin gələcəkdə, uzun müddətdən sonra, onun pensiyaya çıxacağı vaxta qədər bazar təsirləri, inflyasiya risklərindən, maliyyə bazarının mənfi tendensiyalarından qorunmasıdır. Ona görə də qeyd edilən komponentlərin tətbiqi ölkədə maliyyə bazarının inkişafını qabaqlamadan reallaşdırmaq lazımdır.
Məsələ ilə bağlı ikinci mühüm amilin yığım hesabları vasitələrinin hansı mənbə hesabına formalaşmasıdır ki, bir çox ölkələrdə bu, məcburi, digərlərində könüllü yığım komponentləri şəklində tətbiq olunur. Qlobal maliyyə böhranı və Fondun təcrübəsi göstərib ki, bir çox ölkələr məcburi yığım komponentindən imtina edib. Çünki məcburi yığılan vəsaitlər dövlət tərəfindən yerləşdirildikdən sonra, onlar konkret divident gətirilməli olduğu halda, bu, baş verməyib, əksində, sistemdə çökmə baş verib.
İkincisi, Azərbaycan kimi sosial sığorta normativləri aşağı olan dövlətlərdə məcburi hissənin hansı tərkibinin dövriyyədən kənarlaşdırılaraq yığım komponentinə yönləndirilməsi məsələsi həll edilməlidir. Belə ki, sosial sığorta normativlərinin artırılması ilə nə işəgötürən, nə də işçi razılaşır. Bir sözlə, bu sahədə araşdırmalar aparılıb və konkret nəticələr irəli sürülüb. Yekun təkliflər DSMF, Maliyyə Nazirliyi və s. qurumlarla yeni Pensiya İslahatı Konsepsiyasının yeni müddəalarını təşkili edir. Sənəd təsdiq olunandan sonra, ölkədə yığım komponentinin tətbiqi, həm də qeyri-dövlət pensiya fondlarının hansı əsaslarla fəaliyyət göstərəcəyinin aydın elementləri məlum olacaq. Məhz bu əsaslarla da normalara uyğun olaraq "Tvinninq" layihəsi ilə qanunvericilik formalaşdırılacaq.
Əslində Azərbaycanda üç pilləli pensiya təminatı sistemi qurulur. Birincisi, həmrəylik prinsipinə, nominal yığıma əsaslanan və bu gün qüvvədə olan sistemə əsaslanan sistemdir. İkinci sistem real yığıma əsaslanır, üçüncüsü isə özəl pensiya fondlarıdır. Bir ara DSMF-da hesab edirdilər ki, I və II sistemin normal fəaliyyət göstərməsi üçün sosial sığorta haqları 35%-ə çatdırılmalıdır. Artırılan 10%-in böyük hissəsinin işçilərin hesabına ödənilməsi məqsədəuyğun sayılırdı. Məsələn, Almaniyada sosial sığorta haqlarının yarısını işəgötürən təşkilat, yarısını işçi ödəyir. Doğrudur, hazırkı Azərbaycan reallığında sosial sığorta haqlarını bu həddə çatdırmaq mümkün deyil. Amma "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda sosial sığorta haqlarının tədricən artırılması nəzərdə tutulub.
Hazırda Azərbaycanda sosial sığorta haqlarının dərəcəsi 25%-dir. Bunun 22%-ni işəgötürən təşkilat, 3%-ni isə işçi ödəyir. Əslində indiki məqamda DSMF-nin sosial sığorta dərəcəsini artırmaq niyyəti düzgün strategiya sayıla bilməz və effekt verməyəcək.