“Ukraynada təhsil alan gənclərimiz arasında yetərincə savadlı, qabiliyyətli gənclər var” Müsahibə

“Ukraynada təhsil alan gənclərimiz arasında yetərincə savadlı, qabiliyyətli gənclər var”

Nicat Mirzəyev: "Ukrayna azərbaycanlılarının lobbiçilik üçün belə savadlı gənclərə çox ehtiyac duyulur"

Bu gün Azərbaycan dövlətinin gənc nəslə yaratdığı şərait, onlara göstərilən diqqət və qayğı, onların xaricdə təhsil almaları üçün dövlət proqramlarının qəbul edilməsi gələcək sağlam və perspektivli nəslin formalaşmasına yol açır. Hazırda Azərbaycandan kənarda, müxtəlif ölkələrdə yüzlərlə, minlərlə gənc təhsil alır və yaşayır ki, həmin gənclər də yaşadıqları ölkələrin ictimai həyatında aktiv rol oynayaraq o ölkələrdə Azərbaycanı layiqincə təmsil edirlər. Belə gənclərdən biri də Ukraynada fəaliyyət göstərən İctimai Gənclər Təşkilatının sədri, Ukrayna Polis Akademiyasının magistrı Nicat Mirzəyevdir. Nicat Mirzəyev Ukraynada yaşayan azərbaycanlı gənclərin fəallığından, bu ölkədə Azərbaycan mədəniyyəti, adət-ənənələrinin təbliği istiqamətində görülən işlərdən danışıb.

-Nicat bəy, rəhbərlik etdiyiniz İctimai Gənclər Təşkilatı nə vaxtdan fəaliyyət göstərir və hansı zərurətdən yarandı?

-Rəhbərlik etdiyim İctimai Gənclər Təşkilatı 2011-ci ildən fəaliyyət göstərir. Təşkilatımızın əsas məqsəd və məramı dövlətimizin və millətimizin özəlliyini, mənsub olduğu dəyərləri Ukrayna millətinə çatdirmaqdır. Eyni zamanda, Ukrayna dövlətinə inteqrasiya etməkdir.
-Təşkilatınızın fəaliyyət istiqamətləri nədən ibarətdir?

-Təşkilat olaraq mədəniyyət, xeyriyyə tədbirləri təşkil edirik. Həmçinin gənclərin iştirakı ilə ekoloji mühitin qorunması, abadlıq məsələlərinə həsr rolunmuş forumlar keçiririk.
-Siz eyni zamanda Qafqaz Milli Mədəniyyət Mərkəzinin Ukrayna üzrə rəhbərisiniz. Mərkəz Azərbaycan mədəniyyətinin Ukraynada təbliğ olunmasında hansı işləri görür?
-Əvvəla onu qeyd edim ki, bu gün insanların çoxu siyasətdən uzaq durur və əsas diqqət mədəniyyətin, adət-ənənələrin təbliğinə yönəldilir. Biz də öz növbəmizdə Ukraynada rəqslərimizi təqdim edirik. "Yalli", "Uzun dərə","Şalaxo","Naz eləmə", "Igidlər rəqsi", "Nəlbəki", "Süleymani" və s. rəqslərimizi Ukrayna ictimaiyyətinə çatdırırıq. Bundan əlavə milli mətbəx festivalları təşkil edir və ora təşrif buyuran insanlar milli xörəklərimizin nə qədər dadlı, ləzzətli olduğunun şahidinə çevrilirlər. Həmçinin milli geyim sərgiləri də təşkil edirik. Burada Azərbaycanımızın müxtəlif regionlarının milli geyimləri, adət-ənənələrini nümayiş etdiririk.
-Etiraf etmək lazımdır ki, bu gün Azərbaycan diasporunun dağınıq şəkildə fəaliyyət göstərdiyi ölkələrdən biri də Ukraynadır. Bəs, bu pərakəndəlik, fikir ayrılığı Ukraynadakı azərbaycanlı gənclər arasında da özünü büruzə verirmi?
-Mən düşünürdüm ki, bu barədə heç kim bilmir. Diaspora sədrləri özlərini boş-boşuna tərifləməklə məşğuldurlar. Bu da onların şəxsi maddi maraqlarından irəli gəlir. Əsas problem də budur. Yəni şəxsi maraq və ambisiyalar. Nə zaman bunlar bir kənara qoyulacaq, o zaman da iş başlanacaq. Əlbəttə bu mənfi tendensiya gənclərə də təsirsiz ötüşmür. Əgər ağsaqqallar, böyüklər bir olmazsa, o zaman gənclər də bir olmayacaq. Çox təəssüflə və ürək ağrısıyla bunları etiraf edirəm. Ümid edirəm ki, çox qısa zamanda diasporamızın fəaliyyəti dövlətimizin və millətimizin istədiyi kimi olar. Bunun üçün də diasporamızın Hikmət Cavadov kimi gözəl, savadlı, bacarıqlı sədri var. Əgər hamımız dəstək olsaq, inanıram ki, diasporamızı irəli apararıq.

-Təşkilatınızın Ukraynadakı Azərbaycan səfirliyi, eləcə də bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, digər qurumlarla əməkdaşlığı hansı səviyyədədir?

-Bu baxımdan nəticə ürəkaçandı. Səfirliyimiz və diaspora təşkilatımız Ukraynadakı digər təşkilatlarla çox güclü əməkdaşlıq edirlər. Və bu əməkdaşlıq da çox gözəl alınır.
-Bəs diaspor təşkilatları gənclərimizin potensialından nə dərəcədə istifadə edirlər?

-Ukraynada təhsil alan gənclərimiz arasında yetərincə savadlı, qabiliyyətli gənclər var. Ukrayna azərbaycanlılarının lobbiçilik üçün belə savadlı gənclərə çox ehtiyacı var. Əgər millətimizi, dövlətimizi sevdirmək istəyiriksə, onu brend etmək üçün, yalnız mədəni, təhsilli, elim adamları olmalıdır. Amma bizim bir böyük səhvimiz var ki, bu da başqa ölkələrə, millətlərə lazımı qədər inteqrasiya edə bilməməyimizdir. Gənclərimiz təhsilini bitirən kimi geri qayıdır və çoxu burada qalıb işləmir. Ona görə də gənclərdən yetərincə istifadə edilmir.

-Təşkilatınız Ukrayna gənclərinin Azərbaycana, Azərbaycan gənclərinin isə Ukraynaya səfəri, hər iki ölkənin təbliği istiqamətində hansısa layihələr həyata keçirməyi düşünürmü?

-Əlbəttə. Ukraynalılarla bağlı bir neçə belə səfər keçirmişik və nəticəsi də çox xoş alınıb. Və düşünürük ki, bu kimi səfərləri davamlı və geniş şəkildə keçirək.
-Cari ilin sonuna qədər Ukraynada Azərbaycanla bağlı hansı tədbirlər keçirməyi düşünürsünüz?

-Hazırda Ukrayna müharibə vəziyyətindədir və ona görə də yaralı əsgərlər üçün çoxlu konsertlər keçirmişəm. Məlumat üçün qeyd edim ki, konsertlər "Kavkaz" Ansamblımızın iştirakı ilə baş tutub və bunu davam etdirmək istəyirəm. Bundan başqa xeyriyə aksiyaları keçirərək əsgərlərə humanitar yardım etməyi düşünürük. Burada da məqsəd Ukrayna cəmiyyətinə Azərbaycan xalqı, millətinin necə fədakar, yardımsevər olduğunu göstərmək, eyni zamanda Azərbaycanın da belə bir faciə yaşadığını ukraynalılara çatdırmaqdır.