“Sənətə qulluq etmək çətin məsələdir“ Müsahibə

“Sənətə qulluq etmək çətin məsələdir“

Anar Şuşalı: "İndiki toylar məktəb deyil"


Əməkdar artist Anar Şuşalının APA-ya müsahibəsi


- Bir neçə gün əvvəl Muğam Mərkəzində konsertiniz oldu. Tamaşaçılar tərəfindən necə qarşılandınız?



- Tamaşaçılar konserti çox gözəl qarşıladılar. Hətta belə olacağını təsəvvür etmirdim. Çünki belə demək olarsa, hazırkı vəziyyətdə Azərbaycan musiqisinə təcavüz olunur, qeyri-peşəkarlar meydan alıblar. Ona görə sıxıntım var. "Bülbülsayağı" konsertini dahi Bülbülün adı ilə bağladıq. Azərbaycan Milli Konservatoriyasında üç ildir, yeni kafedra açılıb və mən oranın müəllimiyəm. İstədik ki, bu konserti həm də yeni işlərimizin təsdiqi kimi edək. "Bülbülsayağı" layihəsi musiqi aləmində özünü doğruldub. Birinci pilot layihəmiz də çox yaxşı qarşılanmışdı. Sevinirəm ki, budəfəki işimiz də insanların ürəyincə oldu. Birinci konsertimizdə Azərbaycan musiqisinin nəhəngləri – Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu iştirak edirdi. Layihəmizin ideya müəllifi Milli Konservatoriyanın rektoru, xalq artisti Siyavuş Kərimidir. Biz Siyavuş müəllimlə 20 ildir bir yerdə çalışırıq. 1996-cı ildə Rafiq Babayev adına yaradıcılıq studiyasına getmişdim, Siyavuş müəllim qulaq asdı və hiss elədi ki, məndə nə isə var. Sonralar Ulu Öndərimizin iştirak etdiyi dövlət tədbirlərində bir yerdə olduq, konsertlərdə çıxış etdik. Siyavuş müəllim rektor təyin olunandan sonra bir yerdə çalışmağı təklif etdi, mən də qəbul etdim. Onunla çalışmaq mənim üçün xoşdur. Çünki təəssübkeş adamdır, Azərbaycan mədəniyyətini çox sevir. Hazırda konservatoriyada baş müəllim kimi çalışıram. Əvvəllər konsert fəaliyyətində Siyavuş müəllimlə bir yerdə idik. Sonralar başı təhsil-tədris işinə qarışdı, amma zaman-zaman böyük layihələrə imza atdı. Budəfəki konsertdə ifa olunan musiqilərin hamısı demək olar, yaddan çıxıb. Yəni çox nadir hallarda ifa olunur. İstədik həmin musiqiləri yeni nəfəslə təqdim edək ki, bax, Azərbaycan musiqisinin kökü budur.



- Qeyri-professionallardan danışdınız. Sizin konsertdə belə ifaçılar var idi?



- Tamaşaçı bizim təxmin etmədiyimiz qədər çox idi. Ona görə deyə bilmərəm. Axıra qədər bir nəfər zaldan çıxmadı. Təbii ki, mən o adamları dəvət etməmişdim, amma konsertə gəliblərsə, xəbərim yoxdur. Mənim o ifaçılarla əlaqəm yoxdur. Olsa da, müəllim-tələbə səviyyəsindən o tərəfə keçmir.



- O ifaçılardan Milli Konservatoriyanı bitirənləri var?



- Yox. Qətiyyən ola bilməz. Çünki Milli Konservatoriyanı bitirən artıq qeyri-peşəkar olmur.



- Yəni konservatoriyaya istedadsız adam gəlmir?



- Gəlirsə də, biz dərhal onu uzaqlaşdırırıq. İstedadsız adam Milli Konservatoriyada duruş gətirib oxuya bilməz. Ümumiyyətlə, sənətə qulluq etmək çətin məsələdir. Sənəti o qədər sevmək lazımdır ki, o da sənə sirlərini versin, qarşılıqlı münasibət göstərsin.





- Ara musiqiləri, qeyri-peşəkar ifaçılar hər zaman olub. Siz müəllim və ifaçı olaraq onun qarşısının alınması üçün nə etmisiniz?



- Şəxsən öz payıma deyirəm ki, çox şey etmişəm. Əlimdən gələni edirəm ki, onların qarşısı alınsın. Əvvəla, öz sənətimlə mübarizə aparıram. İkincisi, tədrislə məşğul oluram və çalışıram ki, həmin adamları fikirlərindən daşındırım. Alınmayanda onları həyatın keşməkeşlərinə buraxıram ki, özün qərar ver, amma belə yaramaz. Qeyri-peşəkar, amma istedadlı insanları görürəmsə, onları sənətə yönəltməyi özümə borc bilirəm. Pedaqoji işlə məşğul olduğuma görə istedadlı, amma təcrübəsi, təhsili olmayan adamları dərhal tanıyıram. O adamlara deyirəm ki, təhsil al, bu işlə professional məşğul ol. Mən sənətə gələndə Üzeyir Hacıbəyovu, Fikrət Əmirovu, Qara Qarayevi meyar bilmişəm. İstəmişəm, onların yolunu davam etdirim. Çünki insan ömrü əbədi deyil və onun yolunu davam etdirən lazımdır. Ona görə çalışıram, tələbələrimi düz yol yönəldim, doğru təhsil verim. İstedad işartısı gördüyüm adamlara deyirəm, gəl yanıma, nədənsə başlayaq, təhsil al. Yaxud mənim yanıma gəlmirsədnsə, başqasının yanına get, təki istedadın itib-batmasın.



- Qeyri-peşəkarlıqdan professional sənətə gətirdiyiniz adamların adını soruşsam, deyərsiniz?



- İndi ağlıma gəlmir. Adbaad demək də, məncə düzgün çıxmaz. Yenə deyirəm, bu sənət ağır sənətdir və təkcə maddi tərəfi fikirləşmədən iz qoyub getmək çox çətindir. Musiqi tarixində qalmaq bəzən ciddi sənətlə məşğul olan insanlara da qismət olmur. Təmənnasız xidmət hər adamın iradəsinə uyğun gəlmir. Sadəcə, ad çəkməmək mənim hüququmdur, icazə verin, ondan istifadə edim. (Gülür). Müsahibəni oxuyanda hərə öz payını götürəcək. Əgər adama bir şeyi sübut etmək istəyirsənsə, onu öz əməlinlə sübut etməlisən. Vacib olan əməldir. Mən 20 ildir peşəkar səhnədəyəm və yaşıma görə özümü sübut etmişəm. Çalışıram, gələcəkdə də bu davamlı olsun. Son illər bütün sahələrdə insanlar başa düşüblər ki, təhsil almaq lazımdır. Eyni zamanda da musiqidə. Bu təbii prosesdir. Musiqiyə yeni gəldiyim vaxtlarda yaxşı ki, kənar işlərlə məşğul olmaq məcburiyyətim olmadı. Ailə qurmamışdım, maddi sıxıntım yox idi və tələbə olduğum müddətdə yalnız təhsil haqqında düşünürdüm. Ona görə də o burulğanın içinə düşmədim. Amma genetika məsələsi də var, mühit də vacibdir. Mən gözümü açıb ciddi mühitə düşmüşəm, muğama qulaq asmışam. Toylara da gedəndə yalnız öz repertuarımı diktə etmişəm. İndi də məni öz repertuarıma görə çağırırlar. Toy məsələsi bizdə bir az ucuzlaşdırılıb, amma vaxtilə bizim görkəmli musiqiçilərimiz toyda formalaşıblar, bişiblər. Amma indiki toylar məktəb deyil. Toyda öz repertuarımla göstərmək istəyirəm ki, ciddi sənət insana necə zövq verir. Mənim təhsilim İtalyan opera sənəti təhsildir. Bununla yanaşı, muğam da oxuyuram. "Bülbülsayağı" layihəsində muğam da ifa etmişdim, insanlar bir az təəccüblənmişdilər.



- İndi toya gedən musiqiçilərin əksəriyyəti təbii ki, maddi ehtiyacdan gedir...



- Mən ilk növbədə səhnə müğənnisiyəm. İnanmıram ki, toyda oxuyan adam mənəvi ehtiyac hiss edib, orda iştirak etsin. Yeni başlayan müğənni toyda çıxış edir ki, insanlara öyrəşsin, formalaşsın. Belə ola bilər. Toya gedən adamlar təbii ki, maddi ehtiyacdan gedirlər. Əslində, bu, təkcə ehtiyac yox, industriya və işdir. Toylarımız bərbad vəziyyət alıb, hədəqəsindən çıxıb. Dünyanın heç bir yerində belə toylar olmur. Toyun ən vacib məsələlərindən biri musiqi tərtibatıdır. Bizim ailədə, qohum-əqrəbada nə vaxt toy olubsa, belə şeylərə fikir vermişik. Çünki insan hansı musiqiyə qulaq asırsa, onun ruhu o şəkildədir. Amma musiqi təkcə ruhun qidası yox, həm də millətin güzgüsüdür. Bir xalqın musiqisinə baxanda bilmək olur ki, onun mədəniyyəti, mənəviyyatı necədir. Ona görə mədəniyyətə, musiqiyə barmaqarası baxmaq mümkün deyil. İncəsənət adamları seçilmiş adamlardır və onlara cəmiyyətdə hörmət olmalıdır.



- Tələbələrinizin səviyyəsi necədir, onlardan narazılığınız yoxdur?



- Tələbələrin istedadları da, xarakterləri də müxtəlifdir. İstedadı olmayan tələbəni bəri başdan burdan uzaqlaşdırmağa çalışırıq. İstedadsız adam burda oxumağı bizim üçün də, özü üçün də əziyyətdir. O, gedib başqa sahədə özünü tapmalıdır.



- Parlaq istedadlar var?



- Bəli, deyə bilərəm ki, var. Zamanı qabaqlayıb ad çəkə bilmərəm. Təcrübədə belə bir şey var ki, müəllim ad çəkməməlidir.



- Amma xatırlayıram ki, Siyavuş Kərimi istedadlı tələbəsi kimi sizin adınızı çəkmişdi...





- (Gülür). Nə bilim. O Siyavuş müəllimdir, bu onun böyüklüyüdür.



- Televiziyalarla münasibətiniz necədir?



- Televiziya məkanının vaxtının çox hissəsi ayrı-ayrı şou proqramlara, qeyri-ciddi verilişlərə gedir. Bir iki verilişdən sonra başa düşülür ki, onların məqsədi insanların vaxtını almaqdır. İstəyərdim, telekanallarımız daha ciddi musiqilərə vaxt ayırsın. Televiziya o qədər güclü vasitədir, nə versə, tamaşaçı ona öyrəşir.



- Kimlərə məmnuniyyətlə qulaq asırsınız?



- Azər Zeynalova qulaq asıram. Bizim yaxşı dostluq münasibətimiz var. Onun özünə məxsus ifası, səs tembri var və onun ifasını çox sevirəm. Mənsum İbrahimovu, Arif Babayevi, Nəzakət Teymurovanı, Gülüstan Əliyevanı, Aygün Bayramovanı, Zabit Nəbizadəni, İlkin Əhmədovu, Təyyar Bayramovu, Bəyimxanım Vəliyevanı məmnuniyyətlə dinləyirəm.



- Xaricdə təhsil almaq fikriniz var?



- Əlbəttə. Xaricdə təcrübəmi artırmaq istəyirəm. Bir müddət sonra bu işlə ciddi məşğul olmaq niyyətindəyəm. İndiyə qədər sənətlə bağlı nə arzum olubsa, çatmışam. Konsert vermək istəyirdim, baş tutdu, "Arşın mal alan"da oynamaq istəyirdim, qismət oldu. İndi də Milanda təhsil almaq istəyirəm. İnşallah, bu arzuma da nail olaram. İndiki zamanda əlçatandır. Bizim tələbələrimiz dövlət xətti ilə gedib təhsil alırlar. Deyirlər ki, mənim tembrim italyan tembrinə yaxındır. İtalyan dilini də tələbəlik vaxtı yaxşı mənimsəmişəm. İnşallah, qabaqda hələ uzun bir yol var.



- Yəni iki-üç ilə arzunuz gerçək olar...



- İnşallah, təki olsun. İncəsənətin istənilən sahəsindən xəbərim var və məşğul oluram. Elə sahə var ki, peşəkarlığa can atıram, eləsi var, həvəskar səviyyədə məşğulam. Məsələn, rəssamlıq, ağac üzərində oyma sənəti, fotoqraflıq, operatorluq, aranjeman və s. Pantomima Teatrında özümü aktyor kimi sınamışam. Amma bunların başı əlbəttə, mənim musiqi sənətimdir, ifamdır.



- Təhsil alandan sonra xaricdən dəvət olsa, ölkədən kənarda işləyərsiniz?



- Mənim ifa etdiyim tərz Azərbaycana məxsusdur. Avropa musiqisini də yetərincə ifa edirəm, tamaşaçılar da bunu qəbul edib. İtalyan və rus dilində diksiyam yaxşı səviyyəsindədir. Yəni dünya musiqisini yaxşı mənimsəmişəm. Amma Azərbaycan musiqisi, musiqidə azərbaycançılığı təbliğ etmək mənim üçün başlıca meyardır.