“ATƏT/DTİHB-nin seçkini müşahidədən imtina etməsi birbaşa təzyiq xarakteri daşıyırdı” Müsahibə

“ATƏT/DTİHB-nin seçkini müşahidədən imtina etməsi birbaşa təzyiq xarakteri daşıyırdı”

Niyaməddin Orduxanlı: "ATƏT/DTİHB, istərsə də Avropanın bir çox təşkilatları birbaşa ABŞ-ın maraqları çərçivəsində fəaliyyət göstərir"

Artıq parlament seçkiləri arxada qaldı. Noyabrın 1-də seçki məntəqələrinə gələn seçicilər növbəti 5 il üçün öz deputatlarını seçdilər. İstər Mərkəzi Seçki Komissiyası, istər yerli, istərsə də beynəlxalq müşahidəçilərin qənaəti və verdikləri rəy ondan ibarətdir ki, 1 noyabr seçkiləri azad və ədalətli, demokratik şəraitdə baş tutub. Bəs görəsən seçki mübarizəsinə qoşulan, lakin bu mübarizədən məğlub ayrılan namizədlər seçkilərin nəticələrini necə qiymətləndirir? Bu və ya digər məsələlərlə bağlı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BXCP) ictimai-siyasi məsələlər üzrə katibi Niyaməddin Orduxanlı ilə söhbətləşdik. Niyaməddin Orduxanlı ABŞ Dövlət Departamentinin ATƏT/DTİHB-nin Azərbaycanda seçkiləri müşahidə etməməsinə haqq qazandırmasına da münasibət bildirdi və qeyd etdi ki, Dövlət Departamentinin bu mövqeyi doğru deyil.
-Parlament seçkilərinin nəticələrini necə dəyərləndirirsiniz?

-Biz bir müxalif siyasi təşkilat olaraq seçkiyə qatılmışdıq. Əslində bu seçkilərdən gözləntilərimiz çox böyük idi, amma ölkədə proporsional seçki sisteminin mövcud olmaması, partiyamızın maddi imkanlarının məhdudluğu və seçicilərin partiyaların seçki fonduna maliyyə vəsaiti köçürməkdə maraqlı olmaması, Seçki Məcəlləsinin tələbinə görə 60-dan az namizədi qeydə alınmış partiyalara pulsuz efir vaxtının nəzərdə tutulmaması, müxalif namizədləri iqtidar və imkanlı bitərəf iş adamları qarşısında qeyri-bərabər vəziyyətdə qoymuşdu. Bütün bunlara baxmayaraq dünən mən 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən qalıb gəlmiş Hacı Salayevi təbrik etdim və ona gələcək fəaliyyətində uğurlar arzuladım. Digər tərəfdən çox sevincliyəm ki, liderim-BAXCP sədri Qüdrət Həsənquliyev 7 saylı Culfa-Ordubad seçki dairəsindən böyük səs çoxluğu ilə, 20 000-dən artıq səs qazanmaqla qalib gəldi. Qüdrət bəy yenidən on minlərlə üzvü olan BAXCP kimi milli partiyanı parlament partiyası edə bildi. Artıq bu proses bizim üçün bitmiş hesab edilir. Və biz BAXCP olaraq ruhdan düşmürük və əminik ki, milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəy demişkən "zaman seçki sistemində də islahatları qacılmaz edəcək". Bu zaman öz mütərəqqi ideyaları ilə həmişə fərqlənmiş BAXCP cəmiyyətdə olduğu kimi, parlamentdə də aparıcı siyasi qüvvəyə çevriləcək. Buna mənim qətiyyən şübhəm yoxdur və biz bundan sonrakı fəaliyyətimizi də bu istiqamətdə quracağıq...

-Əvvəlki seçkilərdən fərqli olaraq əksər beynəlxalq təşkilatlar seçkilərlə bağlı müsbət rəy söylədi. Bu mövcud reallığın artıq beynəlxalq aləm tərəfindən qəbulu demək deyilmi?

-BAXCP-nin əvvəl gündən də mövqeyi o olub ki, Azərbaycan hakimiyyəti ilə beynəlxalq təşkilatlar arasında nəinki seçkilərdə, bütün sahələrdə əməkdaşlıq davam etdirilməlidir. Beynəlxalq təşkilatlarla əməkdaşlığı dayandırmağın əleyhinə olmuşuq. Qarşılıqlı münasibətlər çərçivəsində Azərbaycan höküməti heç bir beynəlxalq təşkilatlarla əməkdaşlığı dayandırmamalıdır. Beynəlxalq təşkilatlar da Azərbaycana qarşı ədalətli, hüquqa söykənən və demokratik prinsiplərə uyğun olan fəaliyyət istiqaməti götürməlidir. Özünün və başqa bir dövlətin siyasətinə uyğun və ya maraqlarına görə , dövlətə və onun başında olan hökumətə təzyiq yolunu seçməməlidir. Seçki ilə bağlı beynəlxalq təşkilatların verdiyi müsbət rəyləri təqdir edirəm. Bu istiqamətdə fəaliyyətin davam etdirilməsini arzulayıram.

-Ancaq ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu seçkini müşahidədən imtina etdi. Qurumun bu addımı sizcə pozuculuq, Azərbaycana qarşı qərəzli yanaşmadan xəbər vermirmi?

-ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkini müşahidədən imtina etməsi birbaşa təzyiq xarakteri daşıyırdı. Bu yolla nəyəsə nail olmaq mümkün deyil. Və heç bir halda bu demkratiyanın inkişafına xidmət edə bilməz. Əksinə, ATƏT/ DTİHB seçkilərin demokratik şəraitdə keçirilməsində maraqlıdırsa, Azərbaycan höküməti ilə seçkidən öncə əməkdaşlıq etməkdə maraqlı olmalı idi. Daha siyasi maraqları üçün bu cür münasibət göstərməməliydi. Onların bu cür mövqeyi cəmiyyətdə birmənalı qarşılanmadı. Problemlərin həllini müzakirələrlə, əməkdaşlıqla çözmək lazımdır.
-Bu arada ABŞ Dövlət Departamenti də ATƏT/DTİHB ilə eyni mövqedən çıxış etdi. Dövlət Departamentinin bu yanaşmasını nə dərəcədə məqbul hesab etmək olar?
-Əslində artıq hər kəsə bəllidir ki, istər ATƏT/DTİHB, istərsə də Avropanın bir çox təşkilatları birbaşa ABŞ-ın maraqları çərçivəsində fəaliyyət göstərir. ABŞ-dan gələn bəyanatları bunlar olduğu kimi yayırlar. ABŞ –ın iradəsindən kənar heç bir fəaliyyət göstərə bilməzlər. Onların hər ikisinin yerdiyi bəyanatın uyğun olması bununla bağlıdır. Eyni mərkəzdən hazırlanmış bəyanatlardır...
-Maraqlıdır ki, radikal düşərgə bu dəfə seçki nəticələrinə elə də ciddi etiraz bildirmədi. Bu həmin qüvvələrin gücsüzlüyü ilə bağlıdır, yoxsa xarici dairələrdən onlara hansısa etiraz bildirmək barədə hələlik tapşırıq gəlməyib?

-Deməzdim ki, radikal müxalifət təmsilçiləri seçkinin nəticələrinə etiraz etmir. Əksinə, seçki hələ başa çatmamış Əli Kərimli və buna oxşar adamlar öncədən seçkinin nəticələrini kölgə altına alırdılar. Bütün fəaliyyətlərini təxribata yönəltmişdilər. Bu istiqamətdə də xeyli fəaliyyət göstərdilər. Bu məsələdə Əli Kərimli həmin beynəlxalq təşkilatların maraqlarından çıxış edirdi. Bilirdi ki, özünün seçilmək şansı yoxdur. Ona görə də çalışırdı ki, Azərbaycan dövlətinin imicinin korlanmasında əlindən gələni əsirgəməsin. Onun üçün şəxsi maraqlardan başqa, heç bir maraq yoxdur.