“Azərbaycanda dini dövlət qurmaq mümkün deyil və gələcəkdə də mümkün olmayacaq” Müsahibə

“Azərbaycanda dini dövlət qurmaq mümkün deyil və gələcəkdə də mümkün olmayacaq”

Yaqub Məmmədov: "Azərbaycan inkişaf edən sivil ölkədir"

"Nəzərə almaq lazımdır ki, bizim həm də Dağlıq Qarabağ kimi problemimiz var. Bu problem Rusiyanın iştirakı olmadan həll edilə bilməz. Odur ki, Rusiya ilə münasibətlərin kəskinləşdirilməsi həm də Dağlıq Qarabağ məsələsində daha böyük düyünün yaranması, bu münaqişənin həll edilməməsi deməkdir. Bu mənada indiki mürəkkəb vəziyyət bizim maraqlarımıza uyğun deyil. Əlbəttə ki, tarixi reallıqları nəzərə almaqla proqnozlaşdırmaq lazımdır ki, Rusiya-Türkiyə müharibəsi nə verə bilər. Münasibətlərin müharibə vəziyyətinə gəlməsi və bunun başlaması ancaq böyük fəlakətlərə səbəb ola bilər". Bunu Teleqraf.com-a müsahibəsində Milli Məclisin sabiq sədri, professor Yaqub Məmmədov bildirib.
- Türkiyə-Rusiya münasibətlərində gərginlik davam edir, tərəflər münasibətlərinə yenidən baxacaqlarını bəyan edib. Bu fakta münasibətiniz necədir?
- Əslində, çox mürəkkəb məsələdir. Düzü, mənim üçün də gözlənilməz oldu. Hadisəyə qədər heç kimin ağlına gəlməzdi ki, Türkiyə Rusiyaya məxsus hərbi təyyarəni vuracaq. Çünki son onillikdə Rusiya ilə Türkiyə arasında ciddi yaxınlaşma olmuşdu, geniş iqtisadi əlaqələrin qurulması kimi böyük işlər görülmüşdü. Şübhəsiz ki, bunun Azərbaycan üçün müsbət təsiri var idi. Bu, yaxşı situasiya idi. Lakin qəfildən münasibətlərin pozulması və həm də gərginləşməsi gözlənilməz oldu. Əslində, münasibətlərin bu şəkildə olması heç arzuedilən də deyil. Açığı, mən Türkiyə-Rusiya münasibətlərinin belə qəti pisləşməsinin tərəfdarı deyiləm, əksinə, bunun əleyhinəyəm. Çünki bu yaxşı bir perspektiv vəd etmir. Əksinə, bu işlərin bizə mənfi təsiri var.
- Bu cür hallar, situasiyalar necə həll oluna, idarə edilə bilər?
- Bu, çox güman ki, təkcə Türkiyənin məsələsi deyil. Son illər Türkiyə ilə Rusiyanın yaxınlaşması Qərb dünyası üçün, xüsusilə NATO dövlətləri üçün arzuedilən proses deyildi. Rusiya ilə münasibətlərin bir qədər yaxınlaşması hətta Türkiyə rəhbərliyinin müstəqil siyasət aparmasına səbəb olmuşdu. Türkiyə siyasi rəhbərliyi dünyada müstəqil siyasət yeridirdi. Bu isə Qərbin xoşuna gəlmirdi. Mənə belə gəlir ki, iki ölkə arasında yaxşı münasibətlərin qəfildən kəskinləşməsində Qərbin müəyyən rolu olub. Qərb xüsusilə, NATO və Amerika istəməzdi ki, Rusiya-Türkiyə arasında belə yaxınlaşma, isti münasibətlər qurulsun, strateji əməkdaşlıq olsun. Onun nəticəsində Qərb ölkələri Suriyada yaşanan proseslərdən istifadə edərək münasibətlərin pisləşməsinə çalışdı və buna nail ola bildi.
- Ötən ilin yayında bəyan etmişdiniz ki, Suriya böhranı həll edilməsə, bu daha böyük fəsadlara səbəb olacaq, arzu edilməyən reallıqlar yaranacaq. Demək olarmı ki, artıq fəsadlar özünü göstərməkdədir?
- Faktiki olaraq Suriyada ciddi böhran var, məsələlər silah vasitəsilə həll edilir, burada bir neçə ölkə aktiv iş aparır. İndi baxın görün Suriya məsələsi hansı problemlərin yaranmasına gətirib çıxarıb. Suriya ətrafında baş verənlər böyük bir prosesdir, bura nəhəng güclərin toqquşduğu məkandır. Odur ki, bu prosesin daha qorxunc nəticələri ola bilər. Məncə, çalışmaq lazımdır ki, bu olmasın. Böyük müharibə təhlükəsi yaranıb, bu baş verə bilər. İndi ağıllı başlar çalışmalıdır ki, münasibətlərdə gərginlik müharibə fazasına keçməsin. Ağıllı insanlar, hadisələrə təsir imkanları olanlar səslərini çıxarmalı, Suriya məsələsinin böyüyüb müharibə həddinə çıxmasının qarşısını almalıdır. Suriyada indi elə gərgin situasiya mövcuddur ki, böyük müharibənin başlaması üçün kiçik bir qığılcım lazımdır. Çalışmaq lazımdır ki, belə ssenari baş verməsin.
- Rusiya-Türkiyə münasibətlərinin pisləşməsi Azərbaycana hansı formada təsir edə bilər?
- Bu iki dövlət arasında münasibətlərin indiki həddə gəlməsi maraqlarımıza uyğun deyil. Azərbaycan hər iki dövlətlə çox yüksək səviyyəli münasibətlər qurub. İndi bu münasibətlər fonunda Azərbaycan hər hansı birinin mövqeyini müdafiə etsə, bu, yaxşı ola bilməz. Odur ki, münasibətlər gərgin durum yaradıb. Nəzərə almaq lazımdır ki, bizim həm də Dağlıq Qarabağ kimi problemimiz var. Bu problem Rusiyanın iştirakı olmadan həll edilə bilməz. Odur ki, Rusiya ilə münasibətlərin kəskinləşdirilməsi həm də Dağlıq Qarabağ məsələsində daha böyük düyünün yaranması, bu münaqişənin həll edilməməsi deməkdir. Bu mənada indiki mürəkkəb vəziyyət bizim maraqlarımıza uyğun deyil. Əlbəttə ki, tarixi reallıqları nəzərə almaqla proqnozlaşdırmaq lazımdır ki, Rusiya-Türkiyə müharibəsi nə verə bilər. Münasibətlərin müharibə vəziyyətinə gəlməsi və bunun başlaması ancaq böyük fəlakətlərə səbəb ola bilər. Mən həm regionu, həm də dünyanı nəzərdə tuturam. Bu prosesin müharibə fazasına keçməsi ancaq mənfi nəticələr yarada bilər. Odur ki, biz tərəflər arasında münasibətlərin yoluna düşməsini arzu edirik.
- Rusiya-Türkiyə iqtisadi əlaqələrinin dayandırılması nə ilə nəticələnəcək?
- Burada hər iki tərəf itirəcək. Çünki iqtisadi münasibətlərdən tərəflərin ikisi də mənfəət götürür. Lakin mənə elə gəlir ki, bundan daha çox Türkiyə itirə bilər. İqtisadi baxımdan Rusiya Türkiyə üçün böyük bir bazar idi. Türkiyə vətəndaşları Rusiyada böyük biznes qurmuşdu, tikinti sahəsi demək olar ki, onların nəzarətində idi. Üstəlik də, Türkiyənin qida və tekstil malları Rusiyada satılırdı. Rusiyadan Türkiyəyə turist axını mövcud idi, bu Türkiyənin dövlət büdcəsinə gəlir gətirirdi. Bu baxımdan münasibətlərin pisləşməsindən Türkiyənin itkiləri olacaq. Sözsüz ki, bu durumda Rusiyanın da itirəcəkləri olacaq. Çünki Rusiya blokadada olduğu bir zamanda Türkiyə ilə yüksək səviyyədə iqtisadi əlaqələr yaratmışdı və bu imkandan səmərəli istifadə edirdi. Yəni tərəflərin itirəcəyi şeylər çox olacaq.
- Vəziyyətdən çıxış yolu varmı?
- Sözsüz ki, çıxış yolları axtarılmalıdır. Tərəflər görüşməli, müzakirə aparılmalıdır. Tərəflər təyyarə böhranını müzakirə etməli, onun hansı şəraitdə vurulduğu hər iki tərəfə aydın olmalıdır. Bir daha deyim ki, son illərdə Rusiya-Türkiyə münasibətlərində ciddi yaxınlaşma var idi, dostluq münasibətləri yaranmışdı. Türkiyə silahlı qüvvələri həmin qırıcını vurmamalı idi. Putin təsadüfən demədi ki, bu, arxadan vurulan zərbədir. Rusiya rəhbərliyi ağlına gətirməzdi ki, Türkiyə belə bir addım ata bilər. İndi bu səbəbdən də Rusiya rəhbərliyi bir qədər əsəbləşib, əlaqələri dayandırır və bütün kanallarda Türkiyə əleyhinə verilişlər verilir. Bu, baş verməməli idi, indi baş veribsə, həlli yolları axtarılmalı və tapılmalıdır. Nəticədə Rusiya-Türkiyə münasibətləri yumşalmalıdır. Əks təqdirdə, bu böyük fəlakətlərə yol aça bilər. İkincisi, bəli, Rusiya tərəfə öncədən xəbərdarlıq edilmişdi ki, Türkiyə hava məkanı pozulmasın. Belə hallar əslində çox olur. 1950-1960-cı illərin əvvəllərində Tayvan-Yapon müharibəsi zamanı 200 dəfə xəbərdarlıq edilmişdi. Bəli, türklər xəbərdarlıq etmişdi. İndi sonuncu dəfə Rusiya təyyarəsi çox qısa müddətə sərhədi pozub. Mən demirəm ki, Türkiyə səhv edib. Türkiyə öz sərhədlərini qoruyub. Sözsüz ki, Türkiyənin tərəfindəyəm və istəməzdim ki, Türkiyənin sərhədləri pozulsun, hərbi qüvvələr sərhədə yaxın ərazilərdə əməliyyat keçirsin. Lakin dərindən düşünəndə, strateji baxanda Türkiyə-Rusiya münasibətləri pisləşməməlidir. Əlbəttə, Rusiya da gərək sərhədi pozmamalı idi. Özü də, bir neçə dəfə ona xəbərdarlıq edilmişdi. Fikrimcə, diplomatik yolla bu məsələni həll etmək mümkün olmalı idi. Görünür kənar qüvvələrində burada rolu və ya təsiri olub. Hər halda strateji olaraq Rusiya-Türkiyə münasibətlərinin bu formada pisləşməsinin qəti əleyhinəyəm.
- Dünən Rusiya və Türkiyənin xarici işlər nazirləri bir araya gələrək müzakirələr aparıb. Sizcə, bu dialoq münasibətlərdəki gərginliyi dayandıra bilərmi?
- Hesab edirəm ki, zaman keçdikdə münasibətlər düzələcək. Nəzərə alın ki, hər iki dövlətin başında əyləşənlər təsadüfi insanlar deyillər. Əlbəttə, hamısı götür-qoy edirlər. Çünki prosesin pisləşməsi və dərinləşməsi hər iki ölkə, region və dünya üçün çox böyük fəsadlara səbəb ola bilər. Ona görə də, düşünürəm ki, məsələ böyüməyəcək. Zənnimcə, zaman keçdikcə bu kəskinləşmə sönməyə səbəb olacaq. Yavaş-yavaş münasibətlər yumşalacaq və düzələcək. Amma şübhəsiz ki, münasibətlərin əvvəlki səviyyəyə çatdırılması baş verməyəcək. Çünki bunun üçün müəyyən zaman lazımdır. Yəni bu tez bir zamanda baş verməyəcək. Amma gec-tez Rusiya-Türkiyə münasibətləri normallaşacaq.
- Siz Azərbaycanda idarəçiliklə məşğul olmusunuz, bir müddət prezidentin səlahiyyətlərini icra etmisiniz. Dinin siyasətə qatılması, siyasətdə dindən istifadə olunması və hansısa məqsədlərə nail olunması kimi faktları necə qiymətləndirirsiniz?
- Mən bunun tamamilə əleyhinəyəm. Hesab edirəm ki, din siyasətdən kənarda olmalıdır. Din ölkənin ictimai-siyasi həyatına təsir etməməlidir. Dinin funksiyası var və onunla məşğul olmalıdır. İndi din gəlib siyasətlə məşğul olursa, hakimiyyət uğrunda mübarizəyə qatılırsa, buna qarşı mübarizə aparılmalıdır. Dinin siyasi proseslərə müdaxiləsinə qarşıyam.
- Müəyyən qruplar var ki, ölkəmizdə islam dövləti qurmaq haqqında düşünürlər. Bu, mümkündürmü?
- Azərbaycanda dini dövlət qurmaq mümkün deyil və gələcəkdə də mümkün olmayacaq. Azərbaycan inkişaf edən sivil ölkədir. Avropa səviyyəsinə çatmaq istəyirik. Əlbəttə, burada müəyyən təsirlərlə gənclərimizi bu istiqamətə çəkməyə çalışırlar. Ancaq bunun heç bir perspektivi yoxdur və Azərbaycanda dini dövlət qurmaq olmaz.