“Rusiyanı orayaSuriyanın leqal hakimiyyəti dəvət edib” Müsahibə

“Rusiyanı orayaSuriyanın leqal hakimiyyəti dəvət edib”

Türkiyənin keçmiş XİN rəhbəri: "Ona görə də Moskvanın əli o biri ölkələrlə müqayisədə daha güclüdür"

Türkiyənin Misir və Səudiyyə Ərəbistanındakı keçmiş səfiri, Oksford Universitetinin keçmiş müəllimi, 58-ci hökumətin xarici işlər naziri Yaşar Yakışın APA-ya müsahibəsini təqdim edirik.

- 24 noyabrda Türkiyənin Rusiya təyyarəsini vurulmasından sonraiki ölkə arasında yaranmış mürəkkəb vəziyyəti siz necə dəyərləndirirsiniz?
- Bu hadisə iki ölkə arasında 95 ildən bəri kərpic-kərpic hörülmüş münasibətlərin bir anda ciddi şəkildə pozulmasına səbəb oldu. Rusiya təyyarəsinin vurulma əmrinin hansı səbəbdən verildiyini bilmirik; daha əvvəl də istər o bölgədə, istərsə də fərqli nöqtələrdə Türkiyə hava sahəsinə başqa ölkələrin təyyarələrinin girməsi müşahidə edilib. Ancaq bu cür məsələlər əksəriyyətlə diplomatik yollardan həll edilib. Mən 1963-65-ci illərdə əsgərliyimi Qarsda bölük komandiri kimi yapdım. Hərbi hissəmiz SSRİ ilə sərhədin lap yaxınlığında yerləşirdi. O vaxt da sovet təyyarələri bizim hava sahəmizə girirdi. Biz müəyyən zaman məsafələrində öz etirazımızı nota verərək bildirirdik. Heç vaxt təyyarə vurmadıq. Suriya səmalarında Rusiya təyyarəsinin vurulmasına dair əmrin nə üçün verildiyini bilmirik, yaxın gələcəkdə də bunu öyrənmək mümkün olmayacaq. Bəlkə o əmri verənlər gələcəkdə xatirələr yazsalar, səbəb orada öz əksini tapacaq. Məncə, təyyarəni vurmaq kimi radikal bir addım atmağa gərək yox idi. Hər hansı bir ölkə təyyarəsinin hava sahəsinə girməsinə qarşı lazımi tədbiri görməsinə Türkiyənin əlbəttə, haqqı var və ciddi durumlarda o haqqından istifadə etməlidir. Amma indiki vəziyyətdə Rusiya təyyarəsinin vurulması Türkiyənin Suriyadakı fəaliyyət sahəsini tamamilə daraltdı və hətta deyərdim ki, sıfıra endirdi. Rusiyanı oraya Suriyanın leqal hökuməti dəvət etdiyinə görə, rus hərbi qüvvələri orada daha çox təsir gücünə malikdirlər. Necə ki, Türkiyənin Hələbə yardım aparan maşın karvanı sərhədi keçər-keçməz Rusiya onu vurdu. Bundan sonra Suriyadakı böhranın həllində də Türkiyənin Rusiya ilə əməkdaşlıq etməsi çətinləşəcək. Təyyarənin vurulmasıyla Türkiyə ilə Rusiya arasında yaranmış son dərəcə ciddi böhran bəzi Qərb ölkələrini məmnun etmiş ola bilər, çünki onlar son illərdə Türkiyənin Rusiya ilə münasibətlərini inkişaf etdirməsindən məmnun deyildilər.
- Diplomatik karyeranızda Türkiyənin Hələbdəki Baş Konsulluğunda işlədiyiniz də yazılır. Son 1 ayda Türkiyə Suriyadakı proseslərə milliyyətçi çizgidən baxaraq oradakı Bayırbucak türkmənlərini və Hələbi qorumağı özünün təbii vəzifəsi olduğunu vurğulayır. Bu siyasət davam etdirilə biləcəkmi? Davam etdirilsə, Türkiyənin uğur qazanma ehtimalı nə dərəcədə yüksəkdir?
- Bəli, indi Türkiyə etnik təməldə Bayırbucak türkmənlərini qorumağı özünün əsas vəzifəsi olduğunu vurğulayır. Mən 1980-84-cü illər arasında Türkiyənin Hələbdəki Baş Konsulluğunda işləmişəm. Bölgəni qarış-qarış gəzdiyimə görə, oraları yaxşı tanıyıram. O bölgədə etnik cəhətdən bizimlə eyni insanların olmasına baxmayaraq, daha çox ərəb dilində ünsiyyət qura bilirdik. Türkiyə etnik cəhətdən türkmənləri qorumağı özünə borc bilir. Rusiya isə o bölgədəki terror qruplarını bombalayır. Bəzən deyirlər ki, Rusiyanın bombaladığı bölgələrdə İŞİD terror təşkilatı yoxdur, müxalifləri bombalayır. Rusiya o bölgədə "Əhrar-əl-Şam" və "Nusra" kimi terror təşkilatlarını bombalayır. Unudulmamalıdır ki, Rusiya üçün "Əhrar-əl-Şam"ın aradan götürülməsi indiki mərhələdə İŞİD-lə mübarizədən daha önəmlidir. Digər tərəfdən, Bayırbucak bölgəsində çeçen terrorçular var. Onlar Rusiya vətəndaşlarıdır və Rusiya o terrorçuları yenidən ölkəyə qayıtmadan məhv etməyə çalışır. Ona görə də məsələyə geniş çərçivədə baxmaq lazımdır. Rusiyanı oraya Suriyanın leqal hakimiyyəti dəvət edib, ona görə də Rusiyanın əli o biri ölkələrlə müqayisədə daha güclüdür. İnanıram ki, Bayırbucak və Hələb bölgələrini terror qruplarından təmizləyəndən sonra Rusiya İŞİD-lə mübarizəyə daha fəal şəkildə qoşulacaq.
- Türkiyənin bölgədə narahatlıq hiss etdiyi əsas məsələ PYD və YPG-nin Suriyada özünə hakimiyyət qurmasıdır. Təyyarə vurulana qədər Türkiyə ilə ABŞ arasındakı müzakirə və mübahisələrin əsas mövzusu İŞİD-dən azad ediləcək 98 km-lik cizgiyə kimin yerləşəcəyi məsələsi idi. Türkiyənin Rusiya təyyarəsini vurması Suriyanın şimalındakı "kürd məsələsi"nin gələcəyinə necə təsir göstərəcək?
- Bildiyiniz kimi, bölgədə İŞİD-ə qarşı savaşda Qərbin ən yaxın müttəfiqi rolunda oradakı kürdlər çıxış edir. Qərb bundan məmnundur. İndiyə qədər Rusiya kürdlərin Suriyadakı təmsilçisi olan PYD və YPG-nin Moskvada təmsilçilik açmasına soyuq baxırdı. Təyyarənin vurulmasından sonra Suriyadakı kürdlərin o istəyinin Moskva tərəfindən yerinə yetiriləcəyinə inanıram ki, bu da Türkiyənin böyük itkisi sayılmalıdır. Digər tərəfdən, Suriyadakı "kürd məsələsi"nin gələcəyində Türkiyə ilə Rusiyanın əməkdaşlıq imkanlarının 24 noyabrda təyyarənin vurulmasından sonra aradan qalxdığını düşünürəm. Başqa bölgələrdə olduğu kimi, kürd bölgəsinin gələcəyində də Rusiya Türkiyənin söz sahibi olmasına qarşı çıxacaq. İndi kürdlərin ulduzlarının yüksələn vaxtıdır, proseslər onların bəxtinin də gətirdiyini göstərir. Qərb onları İŞİD-ə qarşı mübarizədə bölgədəki ən yaxın müttəfiqi sayır. Bu duruma Rusiyanın bölgədəki kürdlərlə əməkdaşlığı əlavə edilincə, yaşayacağımız sıxıntıları təsəvvür etmək mümkün deyil. Kaş təyyarənin vurulması üçün əmr verilərkən bütün bu faktorlar göz qabağında tutulaydı.
- İŞİD hələ Türkiyənin Mosuldakı Baş Konsulluğunda dövlət elan etməzdən əvvəl siz APA-ya müsahibənizdə dünya ölkələrinin İŞİD-in uzun müddət səhnədə qalmasına icazə verməyəcəklərini demişdiniz. Gəldiyimiz nöqtəni necə dəyərləndirirsiniz: dünya ölkələri İŞİD-i əngəlləyə bildimi?
- İŞİD-in kökünü tamamilə kəsmək mümkün deyil. Ancaq dünya ölkələrinin İŞİD terror təşkilatına qarşı qurduğu koalisiya onun qol-qanadını tamamilə sındıracaq. İŞİD-in Parisdəki terror aksiyasından sonra Fransanın İŞİD-ə qarşı koalisiyada xeyli fəallaşması bu prosesdə çox böyük önəmə sahibdir. Mən Suriyanın şimal-qərb bölgələrindəki yuvalanmış terror təşkilatına qarşı mübazirəsini tamamlayandan sonra Rusiyanın da o koalisiyada aktivləşəcəyini düşünürəm. RusiyanınSuriyadakı rolunu və gücünü nəzərə alsaq, İŞİD-in belinin sındırılmasında Rusiyanın verəcəyi dəstəyin önəmini daha yaxşı dərk etmək olar. Mənim 1,5 il qabaq sizə dediyim proqnozda bir az gecikmə olsa da, İŞİD terror təşkilatına qarşı beynəlxalq koalisiyanın mübarizəsinin müsbət nəticələnəcəyinə inanıram. Dünya baş kəsən bir təşkilatın "dövlət" adı altında mövcudluğunu qəbul etməyəcək.