Revmatizm xəstəliyi haqqında bilmədiklərimiz... Müsahibə

Revmatizm xəstəliyi haqqında bilmədiklərimiz...

Azərbaycanda 100 mindən çox insan ondan əziyyət çəkir

Ən qədim xəstəliklərdən biri olan revmatizm Azərbaycanda da əhali arasında geniş yayılıb. Revmatik xəstəliklərə sərf olunan iqtisadi xərclər cəmiyyətdə ağır yük kimi qiymətləndirilir. Bu qrup xəstəliklər birləşdirici toxumanın zədələnməsi ilə müşayiət olunur. Bəs bu xəstəliyin ilkin əlaməti nədir və xəstələnməmək üçün nələrə diqqət etməliyik? Bu və ya digər suallara Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Revmatologiya və Qastroenterologiya şöbəsinin müdiri, professor, əməkdar elm xadimi Sahib Musayev aydınlıq gətirib.
-Revmatizm birləşdirici toxumaların iltihabı xəstəliyidir. Xəstəliyin əsil adı revmatik qızdırmadır. Bu da gənc qızlarda və oğlanlarda daha geniş yayılıb. Revmatizm xəstəliyi xəstənin fiziki iş qabiliyyətini və aktivliyini əlindən alır. Buna səbəb isə iri oynaqlarda və ürəkdə revmatizmin yaratdığı ağırlaşmalardır. Xəstəlik daha çox uşaqlıq illərində, əsasən də immun sistemi zəif olan uşaqlarda müalicə almadıqları halda inkişaf edir. Müalicəsi kifayət qədər güclü olmayanda xroniki hala keçir və uzun illər tədricən inkişaf edərək ağırlaşmalara səbəb olur.
- Bəs revmatik xəstəliklərin əsas əlamətləri nədir?
- Oynaqlarda ağrı, şişkinlik revmatik xəstəliklərin əsas göstəricilərindən sayılır. Bu, çox vaxt hərəkət məhdudluğuna və oynağın deformasiyasına gətirib çıxarır. Belə hallar müşahidə edilən insanlar tez yorulur və onların əmək qabiliyyəti aşağı düşür. Oturaq həyat tərzi də deformasiyaedici ostreartrozlara və fiziki-psixi gərginliyə səbəb olur. Həmçinin qığırdaqda finksional vəziyyətin pisləşməsinə gətirib çıxarır. Həm az hərəkət edən, həm də həddindən artıq fiziki işlə məşğul olan insanlarda, məsələn, idmançılarda da vaxtından tez qığırdağın zədələnib sıradan çıxması halları müşahidə edilir. Bunun sonrakı fəsadı isə əlillikdir. Revmatit artritə vaxtında diaqnoz qoyulub müalicə olunmazsa, əlilliyə gətirib çıxarır. Əgər vaxtında diaqnoz qoyularsa, belə xəstələr uzun müddət iş qabiliyyətlərini saxlayırlar. Məsələn, sistem qırmızı qurd eşənəyi əvvəllər sağalmayan xəstəliklər qrupuna aid olunurdusa, indi bu xəstəliyə vaxtında diaqnoz qoyulması o insanların sağalmasına çox böyük kömək edir. Müasir müalicə metodlarından istifadə edən xəstələrin təxminən 20 faizi sağalır. Düzgün və vaxtında diaqnoz qoyulmazsa, revmatizm vaxtından əvvəl ölümə və əlilliyə səbəb olur.
Təkcə Avropada 100 milyon insan bu xəstəlikdən əziyyət çəkir. Bu göstərici kişilər arasında 40 faiz, qadınlarda isə 60 faiz təşkil edir. Revmatik xəstəliklərin müalicəsinə çox böyük miqdarda maliyyə xərclənir. Azərbaycanda isə 100 mindən çox insan bu xəstəlikdən əziyyət çəkir. Bu insanlar diaqnoz qoyulan andan etibarən daim həkim-revmatoloqun nəzarəti altında olmalıdır.
- Bu xəstəliyin hansı növləri geniş yayılıb?
-Son zamanlar daha geniş yayılmış revmatik xəstəliklər sırasında əsas yeri mübadilə pozuntuları ilə müşayiət olunan xəstəliklər tutur. Bunların padaqra xəstəliyi üstünlük təşkil edir. Bu xəstəlik purin mübadiləsinin pozulması ilə ortaya çıxır. Xəstəliyi yaradan başlıca səbəblərdən biri yağlı yeməklərdən istifadə, spirtli içkilərin qəbuludur. Əsas əlaməti isə baş barmağın qızartılı şişməsi və dözülməz ağrılardır. Son vaxtlar ətraf mühitin çirklənməsi, sosial-psixoloji gərginliyin artması, digər tərəfdən əhali arasında həkim məsləhəti olmadan dərman vasitələrinin qəbul edilməsi ciddi bir xəstəliyin yaranmasına səbəb olur.
Cəmiyyət üçün ən ciddi problemlərdən biri birləşdirici toxumanın diffuz xəstəlikləridir. Bura əsasən sistem qırmızı qurd eşənəyi, sistem sklerozu, şarp sindromu, şiqren xəstəliyi və s. aid edilir.
Revmatik xəstəliklər sırasında daha geniş arealı əhatə edən behçet xəstəliyidir. Bu xəstəliyin əsas əlamətləri ağız boşluğunda aftoz stomatitdir. Xəstəliklə bağlı ilkin məlumatı olmayan insanlar diş həkimə müraciət edirlər, amma onlar bunun əslində revmatik xəstəliyin bir əlaməti olduğunu başa düşmürlər. Gözlərin zədələnməsi zamanı da insanlar adətən göz həkiminə müraciət edirlər. Onlarda belə təsəvvür yaranır ki, bu, göz xəstəliyidir. Əslində bu kimi xəstəliklər nə diş xəstəliyi, nə də göz zədələnməsidir. Üçüncü əlamət isə cinsiyyət orqanlarının zədələnməsidir. Bu xəstəlik qadınlarda vaginit, kişilərdə balanit kimi göstəricilərlə özünü büruzə verir. Bu zaman belə xəstələr ya ginekoloqa, ya uroloqa müraciət edirlər. Təsəvvür edin ki, uzun müddət bu xəstələr diaqnozsuz qalır və nəticədə çox pis fəsadlara gətirib çıxarır. Bu xəstəlik daha çox Orta Asiyada, Türkiyədə, İranda, Yaponiyada geniş yayılıb.
Bəzi xəstəliklər var ki, məsələn reaktiv artritlər, birləşdirici toxumanın diffuz xəstəlikləri xroniki xəstəliklər hesab olunur. Bu xəstəlikləri olan insanlar uzun müddət revmatoloqun nəzarəti altında olmalıdır. Oynaq xəstəliklərinin səciyyəvi xəstəliklərindən biri də ostreartrozdur. Bu, oynaq qığırdaqlarının zədələnməsidir. Burda az hərəkətlilik, yəni hipodinamiya, şişmanlıq, endokrin xəstəliklər müşahidə olunur. Qadınlarda manopauzadan (aybaşının kəsilməsi) sonra bu xəstəliyin başvermə tezliyi artır.
- Oynaq xəstəliklərinin geniş yayılması və yaranma səbəbi haqqında nə deyə bilərsiniz?
- Oynağın zədələnməsi, oynaq artriti, ağrısı və şişkinliyi ilə müşayiət olunan bu xəstəliyin 120 növü var. Bir şeyi xüsusi olaraq vurğulayım ki, revmatoloq hər şeydən öncə, hematoloq, pulmonoloq və nefroloq olmalıdır. Çünki bu xəstəliklərin əksəriyyəti adını sadaladığımız xəstəliklərin əlaməti kimi özünü göstərə bilər. Sonda onu da deyim ki, revmatik xəstəliklərin yaranma səbəbləri məlum olmadığına görə, onun müalicəsi yalnız patogenetik şəkildə aparılır.
- Azərbaycanda bu xəstəliyə dəqiq diaqnoz qoymaq mümkündürmü?
- Revmatik xəstəliklər digər xəstəliklərdən onunla fərqlənir ki, bu xəstəliklərin bioloji zədələnmə markorları mövcuddur. Yəni bu xəstələrə dəqiq diaqnoz qoymaq üçün ən müasir immunoloji metodlardan istifadə etmək lazımdır. Əks halda, bu xəstəliklərin düzgün diaqnozunun və müalicəsinin aparılması mümkün deyil. Klinikamızda müasir standartlara cavab verən, yüksək keyfiyyəti ilə seçilən immunoloji, hematoloji, mikrobioloji genetik laboratoriya var. Bu da bizə vaxtında həmin xəstəliyi aşkar etməyə və bu xəstəliyə qarşı ən müasir müalicə metodlarından istifadə etməyə imkan verir.