“Ermənistanda bəzi mənbələr bu hadisələrin arxasında Rusiyanın olduğunu qeyd edirlər” Müsahibə

“Ermənistanda bəzi mənbələr bu hadisələrin arxasında Rusiyanın olduğunu qeyd edirlər”

Hatəm Cabbarlı: "Dağlıq Qarabağ probleminin həlli istiqamətində Sərkisyana təzyiq edildiyi vurğulanır"

Ermənistanda daxili siyasi gərginlik hər ötən gün bir qədər də artır. Artıq bir neçə gündür ki, paytaxt İrəvanda atəş səsləri eşidilməkdədir. Erebuni post-patrul alayının Təsisedici Parlament hərəkatı üzvlərinin "Sasna Çrer" silahlı qrupu tərəfindən ələ keçirilməsindən 10 gündən artıq müddət keçsə də, mərkəzi hakimiyyət hələ də silahlı qruplaşmanı zərərsizləşdirməyə müvəffəq olmayıb. Bunun başlıca səbəblərindən biri isə sadə xalq kütlələrinin də silhalı birləşməyə dəstək nümayiş etdirməsidir. Digər tərəfdən isə Qərbdən, konkret olaraq Birləşmiş Ştatlardan Sərkisyan hakimiyyətinə olan təzyiq Ermənistan hakimiyyətini həm silahlı qruplaşmalara, həm də xalqa qarşı güc nümayiş etdirmək niyyətini alt-üst edib. Düzdür, hadisələrin ilk günündə hüquq-mühafizə orqanları hərəkətə keçərək qiyamı yatırmağa çalışsa da, sonradan prezident Serj Sərkisyana okeanın o tayından verilən "təmkinli ol" tövsiyyəsi hakimiyyətin əl-qolunu bağlamış oldu. Bundan ruhlanan qiyamçılar, eləcə də ona qoşulan sadə ermənilər artıq prezident Serj Sərkisyanın istefasını tələb edirlər. Sərkisyan üçün digər bir arzuedilməz situasiya ondan ibarətdir ki, siyasi müxalifət də onun istefası tələblərinə qoşulub. Bəs görəsən bütün bu proseslər Ermənistanı hara aparır? On gün əvvəl başlamış silahlı qiyam prezident Serj Sərkisyanın istefası ilə nəticələnə bilərmi? Bu və ya digər suallarla Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin sədri Hatəm Cabbarlıya müraciət etdik. Mərkəz sədri "OLAYLAR"-a verdiyi müsahibədə Ermənistanda baş verən silahlı qiyamın arxasında bəzi xarici güclərin olması barədə deyilənlərə də münasibət bildirib.
- Ermənistanda baş verən son proseslər bu ölkəni hara aparır?
-Bu gün Erebuni post-patrul alayının Təsisedici Parlament hərəkatı üzvlərinin "Sasna Çrer" silahlı qrupu tərəfindən ələ keçirilməsindən 10 gün keçir və nədənsə hökumət bu qiyamı həll etməkdə tələsmir. Əksinə hakimiyyət silahlı qrupa kütləvi informasiya asitələrinin nümayəndələri ilə görüşməyə imkan verir. Həmçinin hökumət həbsdə olmasına baxmayaraq hərəkatın lideri Jirayr Səfilyanın bəyanatlarının yayılmasına səssiz qalır.
-Sizcə Sərkisyanın hakimiyyətinin qiyamçılara qarşı ciddi tədbir görməməsi nə ilə bağlıdır?
-2008-ci ildə prezident seçkilərinin nəticələrinə etiraz etmək üçün mitinq edən insanlara qarşı hərbi və polis qüvvələrindən istifadə edərək 20-dən çox vətəndaşın ölümünə (bəzi mənbələr 50-dən çox insanın öldürüldüyünü qeyd edirdi) səbəb olan Serj Sərkisyan rejimi niyə bir qrup terrorist dedikləri silahlı insanların qiyamını həll etmir? Düzdür, 27 iyulda hökumət qüvvələri terrorist dedikləri silahlı qruplaşmaya qarşı kiçik əməliyyat keçirib və 3 nəfər yaralanıb. Yaralananları polis ələ keçirib və xəstəxanaya aparıb. Məhkəmə onlar haqqında iki aylıq həbs qəti-imkan tədbiri seçib.
-Ola bilərmi ki, siyasi müxalifətin də qiyamçılara dəstək verməsi Serj Sərkisyanı bir qədər ehtiyatlı addım atmağa vadar edir?
-Hadisə yaşanan gün bütün siyasi partiyalar "Sasna Çrer" silahlı qrupun bu hərəkətini qınasalar da, son günlərdə bəzi kiçik siyasi partiyalar onlara dəstək mahiyyətində bəyanat verirlər.
-Bəs qiyamın yatırılması mümkündürmü?
-Hələlik təsdiq olunmasa da önümüzdəki günlərdə qiyamın yatırılacağı barədə informasiyalar verilir.
-Ermənistanda baş verən son hadisələrə xarici dairələrin təsiri nə dərəcədə mümkündür?
- Düzdür, Ermənistanda bəzi mənbələr bu hadisələrin arxasında Rusiyanın olduğunu qeyd edirlər. Və bununla da Dağlıq Qarabağ probleminin həlli istiqamətində prezident Serj Sərkisyana təzyiq edildiyini vurğulayırlar.
-Bəs cərəyan edən hadisələr Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar prosesinə hansı mənfi təsir göstərə bilər?
-Ermənistanda yaranan problemin Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi prosesini ləngitməyə, daxili narazılığı önə çıxararaq güzəştə getməmək istəyi ilə də izah edənlər var. Amma bu zaman daxili ictimai rəydə silahlı qruplaşmaya simpatiya bəsləyən insanların həndəsi silsilə ilə artdığını da görmək mümkündür.