“O hadisələr 31 martda yox, 21 martda başlamışdı” Müsahibə

“O hadisələr 31 martda yox, 21 martda başlamışdı”

Aydın Universitetinin professoru: "Türklər Novruz bayramını qeyd edəndə ermənilər hücumlara başladılar"

" Fransa mənbələrindən əldə etdiyim məlumatlara görə, o dönəm 30 min türk qətlə yetirilib"

Türkiyənin 57-ci hökumətinin türk dünyasına cavabdeh dövlət naziri, İstanbuldakı Aydın Universitetinin professoru Abdulhaluk Çayın APA-ya müsahibəsini təqdim edirik.

- Bolşevik inqilabından sonra İstanbul mətbuatında Ziya Gökalp fəth barədə, Əhməd Ağaoğlu Rusiya müsəlmanlarının türk mənşəyi barədə, Hüseynzadə Əlibəy türklərin ata yurdları barədə yazılar yazırdılar. İttihad və Tərəqqi hökumətinin baş naziri Ənvər paşa da "Ərəbistanın məlun çöllərindən" Qafqaz və Orta Asiyaya yönəlməyin planlarını qururdu. Kim kimdən təsirlənirdi: Ənvər paşa yazarlardan, yoxsa yazarlar Ənvər paşadan?
- Onu bir anda 1917-ci il hadisələrinə bağlamaq yanlışdır. 1905-ci ildəki müharibədə Rusiya Yaponiyaya məğlub olandan sonra öz içindəki azlıqlara bir sıra hüquqlar verdi. 1905-ci ildə Kazanda Rusiya müsəlmanlarının ilk qurultayı keçirildi və növbəti seçkidə Dumaya 28 türk-müsəlman millət vəkili seçildi. İndi biz Türkiyədə deyirik ki, 1934-cü ildə qadınlara seçmə-seçilmə haqqı tanıdıq. Halbuki 28 may 1918-də elan edilən Azərbaycan dövləti qadınlara seçmə-seçilmə haqqı verib. Bu, Azərbaycandakı aydınlanma hərəkatının nəticəsiydi. Rusiyada təzyiqlərin başlamasından sonra oradakı ziyalıların bir qismi Osmanlı imperiyasına qaçdılar. Türk milliyyətçiliyi dediyimiz fenomen də böyük ölçüdə onların liderliyində yarandı. 1917-ci ildəki bolşevik inqilabından sonra Leninin imzaladığı 3 nömrəli dekret ilə Şaumyana Qafqazda vəzifə verdilər. Şaumyan işləmək üçün əvvəlcə Tiflisə gəldi, ancaq orada menşeviklərin qarşısında tab gətirə bilməyərək Bakıya getdi. Bakıdakı qətliamın səbəbkarlarından biri Leninin əmrini yerinə yetirən Şaumyandır.
- İttihad və Tərəqqi hökumətinin bolşevik inqilabından sonra Bakıya marağı daha da artdı və bu işlərlə məşğul olan Həsən Ruşəni 1918-ci ilin martında Bakıda ilk kəşfiyyat şəbəkəsini qurdu...
- Birinci Dünya müharibəsində biz 7 dövlətlə savaşırdıq. Savaşa girmək istəməsək də, savaşın əsas hədəfinin Anadolu torpaqları olduğunu gördük. Çanaqqala savaşlarındakı qələbəmiz Rusiyada çarlığın yıxılmasına səbəb oldu, orada bolşevik üsuli-idarəsi quruldu. Kutul-Amarə zəfərində ingilis general əsir götürüldü. Yanlış hərbi taktikalar bizim İraqı itirməyimizə səbəb oldu. Daha sonra oralardan geri çəkdiyimiz əsgərlərdən ibarət olan Qafqaz İslam Ordusunu yaratdıq. Mavərayi-Qafqaz hökumətiylə İttihad və Tərəqqi hökuməti arasında Trabzonda aparılan danışıqlarda məlum olmuşdu ki, indiki Ermənistan və Qarabağ ərazisində ancaq 5 yerdə erməni əhalisi çoxluqdadır. İrəvan əhalisinin 84%-i türklərdən ibarət idi. Anadolunun isə heç bir vilayətində erməni çoxluğu yox idi. 31 mart qətliamından sonra İrəvan və ətrafından təxminən 300 min nəfər Azərbaycan türkü Qars-Ərdahan tərəflərə köçür, təxminən o qədər türk əhalisi də Azərbaycan torpaqlarına köçmək məcburiyyətində qalır. Trabzondakı müzakirələrdə Anadoludan köçən ermənilərin geri qayıtmasına icazə verilməsi istənilsə də, heyət başqanımız general Rauf Orbay o tələbi rədd edir. Həmin məlumatları o vaxt bizə Azərbaycan heyəti vermişdi. O vaxt Qafqaz Federasiyasının yaşamayacağı məlum oldu...
- 31 mart - 4 aprel arasında Şaumyanın öz etirafına görə, 3 min türk soyqırıma məruz qoyuldu. Bəzi Qərb mənbələrində isə soyqırıma məruz qoyulan Azərbaycan türklərinin sayı 12 min göstərilir. Sizdə bu barədə hansı məlumatlar var?
- O hadisələr 31 martda yox, 21 martda başlamışdı. 31 martdakı soyqırım əməliyyatları isə birbaşa Şaumyanın göstərişiylə başlamışdı. Türklər Novruz bayramını qeyd edəndə ermənilər hücumlara başladılar. Fransa mənbələrindən əldə etdiyim məlumatlara görə, o dönəm 30 min türk qətlə yetirilib. Bunu ermənilər özləri etiraf edirlər. Ermənilər qətliamları təkcə Bakıda yox, Azərbaycanın bir çox bölgələrində həyata keçiriblər. Lenin Şaumyana göndərdiyi teleqramda "neft bölgəsində qazandığı zəfərə görə" təbrik etdiyi kimi, eyni zamanda "diplomatiya sahəsində də diqqətli olmasını" tövsiyə edirdi.
- Mavərayi-Qafqaz hökumətində ermənilər və gürcülər Azərbaycan türklərinin Osmanlıya qarşı savaşmayacağından narahat olarkən Nəsibbəy Yusifbəyli bunu təsdiqləmişdi. Ermənilərin Bakıda törətdikləri soyqırım xəbərləri və raportlar İstanbula çatanda nə cür analizlər edildi?
- Qətliama dair xəbərlər, əlbəttə ki, həssaslıqla analiz edilirdi. 5 fevralda 3-cü ordunun komandanı Vəhib paşa Ərzincan sazişinin ləğv edildiyini elan edən kimi, o bölgədə rus işğalı altında olan bölgələrimiz dalbadal azad olunmağa başlandı. Trabzonda Azərbaycan heyəti ilə İttihad və Tərəqqi heyəti arasındakı müzakirələr 14 aprelə qədər davam etdi. Gizli müzakirələr nəticəsində biz Azərbaycanın öz dövlətini qurmasının ən doğru yol olacağını gördük və buna dəstək verməyi qərarlaşdırdıq. 26 mayda gürcülər, 28 mayda isə Azərbaycan türkləri və ermənilər Tiflisdə öz müstəqilliklərini elan etdilər. 17 iyunda paytaxt Gəncəyə köçürüldü, çünki Bakı hələ ki Şaumyanın nəzarəti altında idi. Qaliçiya cəbhəsindən 1 diviziya və Kutül-Amarə cəbhəsindən 1 diviziya birləşdirilərək Nuri paşanın komandanlığında Qafqaz İslam Ordusu yaradıldı. İngilislərin 7 B planında olan Bağdad-Bəsrə-Bombey koordinatlardan çıxınca almanlar o planı şimala tərəf çevirdi: Bizans (yəni, İstanbul), sonra Bakı, Buxara və Bombey. Yəni, türk ordusu Xəzər dənizinin şimalından Türküstana gedəcək, oradan cənuba tərəf irəliləyəcəkdi. Öz ağıllarına görə bizə qarşı hiylə törətdilər. Azərbaycan Cümhuriyyəti elan ediləndən sonra biz Batumda 3 dövlətlə müzakirə apararaq sərhədləri müəyyənləşdirdik. Bir az əvvəl sənin verdiyin suala cavab verim: Azərbaycanla gizli saziş imzaladıq. Türk ordusunun yardım etməsinə dair Azərbaycanın tələbini İttihad və Tərəqqi qəbul etdi və Nuri paşanın ordusu o şəkildə yaradıldı.
- Bu nəticəyə vara bilərikmi: 31 mart-4 aprel tarixləri arasında ermənilərin Azərbaycan türklərinə qarşı yapdıqları soyqırımdan sonra Qafqaz Seymindəki azərbaycanlı millət vəkilləri milləti və coğrafiyanı qorumaq üçün müstəqil dövlət elan etməyi qərara aldılar. Yəni, ermənilərin yapdığı soyqırım nəticəsində bizim daha sıx birləşməyimiz qacılmaz oldu.
- Təbii... Mən sizə daha acı bir şey söyləyim. Brest-Litovsk sazişindən sonra Rusiya Almaniya ilə gizli bir saziş imzaladı: Bakı neftinin yarısının almanlara verilməsinin əvəzində Nuri paşanın Azərbaycana müdaxiləsinin qarşısının alınmasına çalışıldı. Poti sazişiylə almanlar Gürcüstandan keçən dəmiryolu xəttini nəzarət altına almağa çalışdılar. Biz orada alman zabitlərini əsir aldıq. Almaniya baş qərargahının şikayətindən sonra Vəhib paşa vəzifəsindən çıxarıldı. Buna baxmayaraq, biz Bakının qapısına gələndə almanlar yüksək rütbəli bir zabitini "türk ordusunun müttəfiqi" kimi oraya göndərərək dedi ki, biz də sizinlə birgə Bakıya girək. (Gülür – M. Ə.)

- Türk ordusu Qafqaza nəzarət edəndə gürcülər də özlərini çox rahat hiss edirdilər.
- Gürcülər türk ordusunun Qafqaza getməsinə çox da qarşı çıxmadılar.
- 28 may 1918-də Milli Azərbaycan dövləti elan ediləndən bir neçə gün sonra hökumətin ilk işi 31 mart - 4 aprel tarixlərində ermənilərin Bakıda türklərə qarşı törətdiyi soyqırımı dünya dövlətlərinə çatdırmaq oldu. Xarici işlər naziri Məhəmməd Həsən Hacınski əcnəbi dövlətlərə yazdığı məktuba ermənilərin bizə qarşı törətdiyi soyqırımın sənədlərini də əlavə etdi. Onunla bağlı nə demək istərdiniz?
- Erməni təbliğatı qarşısında dünya ölkələri çox da reaksiya göstərə bilmədilər. Bilirsiniz ki, Avropadakı toplantılara Topçubaşının rəhbərliyi altında heyət getdi. Fransızlar, ingilislər ermənilərdən öz mənafeləri naminə istifadə edərək onları quru yerdə qoydular. Ona görə Azərbaycanın müraciəti çox da nəzərə alınmadı. Qərb ölkələri Azərbaycanı Rusiyanın bir hissəsi kimi qiymətləndirdilər. İngilislər o bölgədə bir türk dövlətinin qurulmasını qəbul edə bilmədilər. Ona görə də cəhdlər nəticəsiz qaldı.