“Azərbaycan karateçiləri dünyada ciddi rəqib kimi tanınırlar” Müsahibə

“Azərbaycan karateçiləri dünyada ciddi rəqib kimi tanınırlar”

Yaşar Bəşirov: "Beynəlxalq turnirlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunacaq"

Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyasının texniki komitəsinin və Avropa Karate Federasiyasının idarə heyətinin üzvü Yaşar Bəşirov ölkəmizdə idmanın bu növünün inkişafı, qazanılan uğurlar və qarşıda duran vəzifələr barədə AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.
- Yaşar müəllim, ötən il Azərbaycan Karate Federasiyası üçün hansı uğurlarla əlamətdar olub?
- Ötən il əsas uğuru Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında əldə etdik. Azərbaycan karateçiləri bu nüfuzlu yarışda 5 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq ümumi hesabda birinci yeri tutdu. Bununla da daha bir tarixi uğura nail olduq. Prezident İlham Əliyevin karateçilərimizin yarışlarını arenada izləməsi və qalib idmançılarımıza medallar təqdim etməsi bizə unudulmaz anlar bəxş etdi. Dövlətimizin başçısı bu uğur münasibətilə kollektivimizi təbrik etdi və xatirə şəkli çəkdirdi. Prezident İlham Əliyev Dünya Karate Federasiyasının (WKF) prezidenti Antonio Espinos ilə görüşdə də Azərbaycan karateçilərinin çıxışlarından məmnun qaldığını bildirdi.
Birinci Avropa Oyunlarının keçirilməsinə yüksək səviyyədə rəhbərlik edən Təşkilat Komitəsinin sədri, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva hər zaman karateçilərimizi, federasiyanın fəaliyyətini dəstəkləyib.
Ötən il yeniyetmə və gənc karateçilərimiz İspaniyada keçirilən dünya çempionatında iki gümüş və bir bürünc medal qazanıblar. "Premyer Liqa" və digər beynəlxalq turnirləri də nəzərə alsaq, ümumilikdə, mövsümü uğurla başa vurduq.
Onu da qeyd etmək istəyirəm ki, keçən il, həmçinin ənənəvi "Baku Open" beynəlxalq turniri, prezidenti olduğum Qaradəniz və Xəzər Dənizi Ölkələrinin Karate Federasiyasının çempionatı, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan beynəlxalq turniri yüksək səviyyədə təşkil etdik.
- Azərbaycanda karatenin inkişafı istiqamətində Federasiya tərəfindən hansı işlər görülür?
- Hər ilin sonunda Federasiyada növbəti mövsüm üçün fəaliyyət proqramı hazırlanır, müxtəlif yerli yarışların təşkili və xaricdə mötəbər turnirlərdə iştirak, bu yarışlara hazırlıq işləri, regionlarda karatenin inkişafı istiqamətində planlar, hakim və məşqçi seminarları, eləcə də bir sıra işlərin görülməsi müzakirə olunur, təqvim planı üzrə fəaliyyətə başlanır. Əvvəlki sualınızın cavabında da qeyd etdiyim kimi, bölgələrdə beynəlxalq yarışlar, yığıncaqlar, seminarlar keçirilir. Bu siyahıya Naxçıvan Muxtar Respublikasında keçirilən beynəlxalq yarışı, Sumqayıtda Qaradəniz və Xəzər dənizi ölkələrinin çempionatını, Şəkidə beynəlxalq turniri da əlavə etmək olar. Həvəsləndirici tədbirlər istiqamətində fərqlənən regionlarda çalışan müəllimlərə federasiyadan aylıq məvacib verilir. İnkişaf yönündə bu və digər işlər, federasiyada yeni təyinatlardan sonra, o cümlədən birinci vitse-prezident Fərid Əsgərov və baş katib Mirhəsən Seyidovun kollektivə qoşulması, onların yeni ideyaları və büdcəmizin artırılması daha səmərəli nəticələrə səbəb oldu. Son ay yarım ərzində müxtəlif rəsmi turnirlərdə əldə olunan tarixi uğurlar da bunu təsdiqləyir.
- Azərbaycan karateçiləri 2018-ci ildə hansı beynəlxalq yarışlarda iştirak edəcəklər?
- Bu il yeniyetmə və gənclər Rusiyada Avropa çempionatında və Xorvatiyada Qran-Pri yarışında, böyüklər isə Paris və Dubayda Dünya Karate Federasiyasının (WKF) yüksək reytinqli Premyer Liqasında, eləcə də İspaniyada "A seriyası" turnirlərində uğurla çıxış ediblər. İl ərzində mötəbər yarışlarımız çoxdur. Cari ildə milli komandamızı martın əvvəlində Avstriyada daha bir "A seriyası" turniri, ondan bir neçə gün sonra Rotterdamda, apreldə Rabatda, iyunda isə İstanbulda "Premyer Liqa" turnirləri, mayın əvvəlində Serbiyada Avropa çempionatı və elə həmin ayın sonunda Bolqarıstanda Yeniyetmələrin Olimpiya Oyunlarına lisenziya xarakterli liqa yarışı gözləyir. İlin ikinci yarısında bir sıra nüfuzlu turnirlərlə yanaşı, ən əsas yarışlardan biri kimi Argentinada Yeniyetmələrin Olimpiadasına lisenziya qazanmaq imkanlarımız böyükdür. Həmçinin noyabrın əvvəlində kişilər və qadınların arasında dünya çempionatında iştirak edəcəyik. Payızda Rafael Ağayevin beynəlxalq seminarı, Qaradəniz və Xəzər dənizi ölkələrinin növbəti çempionatı, "Baku Open" ənənəvi beynəlxalq turniri keçiriləcək. Bu beynəlxalq turnirlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunacaq. Azərbaycan Karate Federasiyası hər bir yarışa və tədbirə ciddi hazırlaşır, müxtəlif təlim-məşqlər təşkil olunur.
- Karate artıq Olimpiya idman növləri sırasına daxil edilib. Sizcə, bu, Azərbaycan karateçiləri üçün hansı imkanlar yaradacaq?
- Xüsusi qeyd etmək istəyirəm ki, karatenin Yay Olimpiya Oyunlarının proqramına daxil edilməsində Prezident İlham Əliyevin böyük rolu olub. Bunu nəinki mən, Braziliyada Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyasında karatenin Olimpiadanın proqramına salınması ilə bağlı tarixi qərardan sonra keçirilən yığıncaqda WKF-in prezidenti Antonio Espinos və digər mütəxəssislər də bildiriblər.
Prezident İlham Əliyevin təşəbbüsü ilə karatenin birinci Avropa Oyunlarının proqramına daxil edilməsi bu prosesə böyük təkan verib. BOK-un prezidenti Tomas Bax Bakıda olarkən iki gün ərzində birinci Avropa Oyunlarının karate yarışlarını izləyib və idmanın bu növü onda böyük təəssürat yaradıb. Artıq biz Olimpiya reytinq xalları verən liqa yarışlarına qatılmışıq. Çalışacağıq ki, Olimpiadaya lisenziya qazanaq və 2020-ci ildə Tokiodan Vətənə yüksək əyarlı medallarla qayıdaq. Bunun üçün kifayət qədər potensialımız var. Dövlətin diqqət və qayğısı ilə imkanlarımızı bu yolda məqsədyönlü şəkildə istifadə edirik.
- Azərbaycanın bölgələrində karatenin inkişafı üçün hansı addımlar atılır?
- Dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda hər il Olimpiya İdman komplekslərinin tikilib istifadəyə verilməsi artıq adi hal alıb. Bu, çox sevindiricidir. Mən hər zaman xarici ölkələrdə yarışlarda, konqreslərdə bu barədə həmkarlarıma məlumat verirəm və bu, onlar tərəfindən böyük marağa səbəb olur. Belə komplekslərin artması idmanın digər növləri kimi, karatenin də inkişafına böyük imkanlar yaradır. Bölgələrdə karate seksiyalarının sayı artır. Karate üzrə region yarışlarını, seminarları Olimpiya İdman komplekslərində təşkil edirik. Bütün bunlar karatenin inkişafına və kütləviliyinin artmasına müsbət təsir göstərir. İdmanın inkişafı Azərbaycanda dövlət siyasətinin əsas fəaliyyət istiqamətlərindən biridir. Ona görə də bütün bölgələrimizdə Olimpiya İdman komplekslərinin fəaliyyətə başlaması bu prosesə mühüm töhfə verir.