“İqtisadi və sosial amillər Azərbaycan kişisinin obrazını dəyişib” Müsahibə

“İqtisadi və sosial amillər Azərbaycan kişisinin obrazını dəyişib”

Mehriban Zeynalova: "Müharibənin psixoloji fəsadları davam edir"
"Avropada təhsil alan gənclərimiz özləri ilə ölkəyə bir çox hallarda qüsurlu dəyərləri gətirirlər"

Ətrafımızı saran intiharlar, zorlamalar, dağılan ailələrin ah-naləsi, atılan uşaqların faciəsi - bu qorxulu nağıllar həqiqətdir. Amma ölkənin tədbir tökməli olan qurumları susqun, hərəkətsiz, cəmiyyət isə şok içində baş verənləri seyr etməkdədir. Nədir səbəb? Niyə bir vaxtlar ailənin yaşam səbəbi, qoruyucusu olan kişi bu gün onun dağılmasının və tapdanmasının səbəbkarıdır. Bir zamanlar namusu və qeyrəti ilə dillərdə dastan olan qadın bu gün belə məsələlərdə laqeyddir... Axı niyə? "Təmiz Dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova ilə birgə bu səbəbləri çözməyə çalışdıq...

- Doğulandan valideynlərimiz, həm də ictimai rəy tərəfindən beynimizdə Azərbaycan kişisinin obrazı formalaşdırılıb. Bizim gözümüzdə o, mərddir, qoçaqdır, ailəcanlıdır, hətta ailəsi üçün özünü ölümə verən bir qəhrəmandır. Hətta Azərbaycan nağıllarında da kişilər yalnız qəhrəman obrazlardır. Biz də o nağılları oxumaqla Azərbaycan kişisi haqqında rəyin forlaşdırılmasına yardımçı oluruq. Bir çox tədqiqatçıların fikrincə, mentalitet dəyişmir, dəyişən yalnız sterotiplərdir. Mən fərqli düşünürəm, fikirləşirəm ki, müxtəlif dövrlər üçün mentalitet və streotiplər dəyişir. Nəylə bağlı dəyişir və bu dəyişkənliyə təsir edən hansı amillərdir? Məsələn iqtisadi amil önəmli yer tutur. Məhz bu amil Azərbaycan kişisinin mövcud obrazının dəyişməsinə səbəbdir. Keçid dövründə kişilər işsiz qaldı, evdə oturdular, kifayət qədər aqressiya və depressiyaya düşdülər, bəzən qadınlar mövcud situasiyada səbirsizlik göstərdilər. Məsələn, ən xoşuma gəlməyən ifadə "Sən nə kişisən" ifadəsidir. Bu ifadə həmin vaxt səsləndi. Halbuki Azərbaycan cəmiyyəti və Azərbaycan ailəsində kişiyə bu sözü demək zamanında böyük bir faciələrlə nəticələnərdi. Bu sözü demək kişinin mənliyi, qüruru və varlığını məhv etmək demək idi. Amma indi belə ifadələr ictimai yerdə kişinin üzünə deyilə bilər. Əslində bu dəhşətli bir fenomendir. Biz özümüz də bilmədən özümüzü qısır edirik. Fikrimcə, bunun faciəsi gələcəkdə daha qabarıq görünəcək. Bu gün baş verənlər aysberqin təkcə görünən hissəsidir. Qadın kişini aşağıladıqca özünü də aşağılamış olur. Görürsünüz, yenə də bu qadınların üzərinə düşür. Əvvəlki formalaşdırılmış kişi obrazını saxlamaq və gücləndirmək üçün güclü qadının olması lazımdır. Deməli, Azərbaycan qadınının özü də zəifdir. Ta qədimdən Azərbaycan kişisinin obrazını formalaşdıran qadın olub. Bu gün qadın bunu eləmirsə, demək ki, kifayət qədər kamil, kifayət qədər səbirli, kifayət qədər tolerant deyil. Azərbaycan qadını da artıq dəyişib.
- Necə bilirsiniz, bəlkə artıq Azərbaycan qadını formalaşdırdığı kişinin əslində ona layiq olmadığının fərqinə varıb? Axı Azərbaycan kişisi qapısına gələn hörmətli elçiyə "bir qız nədi ki, sənə qurban" deyən atadır.
- Biz insanları adətən olduğu kimi qəbul edə bilmirik. Bizə qəhrəman obraz lazımdır. Məsələn, Kəlbəcərdə əsir düşən Dilqəm qəhrəman oldu. Üstündən 5 gü keçməmiş onun narkotik alverçisi olması ilə bağlı videolar yayıldı. İstənilən insanı bir günə qaldırmaq da olar, salmaq da. Sadəcə bizə bir xalq olaraq bir-birimizə dəstək verib kömək etməyimiz lazımdır. Ümumi cəmiyyətdə baş verən psixoloji gərginlik, insanların bir-birinə inamsızlığı, etibarsızlığı, bütün proseslərdə həyata bağlılığın azalması, intiharların çox olmasını götürsək, sabaha ümid azalır. Bunu belə demək istəməzdim, amma belədir. Təbii ki, ata hər adama "sənə qurbandır" deməzdi. O, yalnız əmin olduğu, güvəndiyi adama "qızım qurbandır" deyə bilərdi. Yəni balaca kənddə hamı bir-birini gözəl tanıyır. Ata qarşısındakına tam etibar etməsəydi, övladının gələcək təminatına əmin olmasaydı heç vaxt o ifadəni işlətməzdi. Çünki qız namus idi. Bu gün "qız namusdu" ifadəsi kifayət qədər aşılanıb və öz dəyərini itirib. Burada söhbət ümumiyyətlə, qızın bir nəslin namusu, qeyrəti və onun gələcəyi kimi baxılması məsələsinin dəyişməsindən gedir. Azərbaycan ailələrində baş verən problemlərin arxasında həm də anonimlik dayanır. Urbanizasiya ona gətirib çıxarır ki, insanlar bir-biri haqqında kifayət qədər məlumatlı deyillər. Bu halda qurulan ailələrdə təbii ki problemlər yaşanır. Urbanizasiya qloballaşmanın təsirindən baş verən böyük prosesdir və biz onu təbii hal ki saxlaya bilmərik. Cəmiyyətdəki kişi obrazının kifayət qədər güvənli olmaması həm də iqtisadi amilin doğurduğu bir haldır. Eyni zamanda müharibə amili mütləq xüsusi olaraq qeyd edilməlidir. Həmin gərginliklərin başlanğıc dövründə doğulan uşaqların əksəriyyətində psixoloji problem var. Çünki hamiləlik dövründə anaların keçirdiyi gərginlik, aclıq və susuzluq, bir-yerdən başqa yerə köçmək, iş yerlərinin olmaması öz sözünü deyib. Bu gün kütlə psixologiyasını dərindən araşdırsaq görərik ki, həmin müharibənin təsirləri danılmazdı. Ana bətnində uşağın keçirdiyi stress nəticəsiz qalmayıb. Heç kim müharibənin fəsadlarının aradan qaldırılması üçün kütləvi psixoloji yardımlar etməyib. Amma müharibənin psixoloji fəsadları davam edir.
Bizə deyirlər, ki, Qarabağ müharibəsi bizdən asılı deyil və bu dünya ölkələrinin problemidir. Dünya ölkələri ədalətsiz mövqe tutaraq problemimizi həll etmirlər. Bütün kənar müdaxilələr gətirib ona çıxarır ki, biz öz haqqımızı tələb edə bilmirik, çünki, sabah beynəlxalq aləm bizi vəhşi tanıyar. Bu gün dünya əvvəlki deyil, hər dövlət öz marağı naminə ətrafına ziyan verməkdən çəkinmir. İnsanlar da əvvəlki kimi məsum deyillər. Qadınlar da əvvəlki toxunulmazlıq statusunda deyillər artıq və özlərini kifayət qədər əlçatan təqdim ediblər. Yəni yaşanan iqtisadi amillər həmin qadınlara, onların ailələrinə də təsirini göstərdi.
- Mövcud psixoloji vəziyyət kişilərlə yanaşı həm də qadınlara təsir edir. Bəs niyə qadınlarda belə aqressiya müşahidə edilmir?
- Deməzdim qadınların hamısı səbrlidir. Müəyyən təbəqə var ki, onlar kişilərə qarşı aqressivdilər, bir hissəsi ümumiyyətlə seksual oriyentasiyasını dəyişib. Bunların hamısı cəmiyyətdəki psixoloji zərbənin qalıqlarıdır. Kişilərin qadınlara qarşı aqressiyasının səbəbində isə yenə də formalaşmış obraz durur. Onlar da hesab edirlər ki, kişi qəhrəman kimi görünməlidir və ona hörmət olunmalıdır. Burda kişi və qadın aqressiyasından deyil, insan faktorundan söhbət gedir. Bir-birinə hörmət hissinin azalmasından gedir. Bu gün kişilər özü "kişi yoxdur" deyirsə, prosesdə biz də günahkarıq deməkdir. Anam həmişə deyir ki, "atanın ətəyində namaz qılmaq olardı". Bəlkə də atam ideal adam olmayıb. Amma anam onun haqqında bizdə həmin qəhrəman rəyini yaratmışdı. Axıra qədər də atam bizim gözümüzdə ədalətli, güclü, mərd, qayğıkeş bir insan (əslində elə beləydi - M.Z.) oldu. Kişi həmişə istəyir ki, qadın onu etibarlı və güvənli görsün. Amma ətraf imkan vermir ki.. Əvvəl qadın özünü və uşaqlarını qoruyub saxlamaq üçün çaba göstərirdisə, indi kişi aqressiyasını qadına yönəltməklə onu əldə etməyə çalışır. Sosial şəbəkələr hazırda ailələrə çox ziyan vurur. Burada çox kişilər həyatına müxtəliflik və rəngarənglik gətirəcək, onun seksual tələbatını ödəyəcək qadın axtarır. Bu seksual problemlərdən irəli gəlir.
- BMT-nin hesabatlarının birində qeyd edilir ki, SSRİ dağılandan sonra əhalinin işsiz qalan kişi təbəqəsi evdə oturduğu halda qadınlar pul qazanmaq üçün hər cür işə əl atırdılar...
- Bu gün ABŞ prezidentinin övladı hansısa kafedə işləməyi özünə ayıb saymaz. Amma keçmiş SSRİ dönəmində bu düşüncə tərzi yox idi. Sosial təbəqələşmə var idi. Və hər kəs özünü yüksəkdə görürdü. Keçid dövründə qadınlar daha çevik davrandılar. Bu da ondan irəli gəlirdi ki, qadınlar öz övladlarının qarşısında daha böyük məsuliyyət hiss edirlər. Analıq hissi güclü olduğuna görə qadın istənilən işə razı idi. Amma kişilər daha aşağı işlərə getməyi özlərinə rəva bilmədilər. Onların illərlə evdə oturmağı ailədə kişinin rolunun azalmasına, qadının rolunun isə artmasına gətirdi. Bunu uşaq da müşahidə etdi ki, ana daim işləyir, ata isə evdə oturur və anaya heç bir sahədə dəstək vermir. Təbii ki, kişinin nüfuzu aşağı düşdü. Ata sonradan işləməsinə baxmayaraq əvvəlki nüfuzunu bərpa edə bilmədi. Sosial rolların dəyişməsi münasibətlərin kəskinləşməsinə gətirib çıxartdı. Bunu idarə etmək üçün cəmiyyətdə hər hansı cəhdlər isə olmadı. Bu gün cəmiyyətdə rolu aşağı salınmış atalar öz uşaqlarını, həyat yoldaşlarını qətlə yetirirlər. Bizdə bir-birinə doğrusunu söyləmək kimi də ənənə yoxdur. Biz qorumaq naminə hər şeyi gizlədirik. Bu qorumağın altında isə böyük zədələr və zərbələr var. Heç bir kişi öz zəifliyi haqda övladları ilə danışa bilmir. Kimsə deyə bilməz ki "övladım, mən filan işdə işləyə bilmərəm, çünki bacarığım buna imkan vermir". Amma qadın deyir "mən getdim süpürgəçi işlədim, övladımı saxladım". Bax bu ailədaxili təzadlı münasibətlər uşaq-böyük münasibətlərində formalaşmış zirvələrdən kişinin rolunu çox aşağı saldı.
- Azərbaycan ailəsinin xilası nədədir?
- Ailə institunun yaradılması kifayət qədər vacibdir. Onun özünün ideologiyası, öz siyasəti, öz proqramı olmalıdır. Ailə məsələləri ilə bağlı ciddi tədqiqatlar aparılmalıdır, boşluqlar aşkarlanmalıdır. Ailə ilə bağlı qanunların qəbulu və yeni normaların müəyyənləşməsi vacibdir. Bu gün kifayət xədər Avropa ölkələrində təhsil alan gənclərimiz var. Bir çox hallarda onlar da özləri ilə qüsurlu dəyərləri gətirirlər. TV proqramlar kifayət qədər qüsurludur və ailələrin dağılmasına gətirib çıxarır. Ailə modelinin və ailə institutunun kifayət qədər güclü olmayanda bu ölkənin gücünə də təsir göstərir. Çünki ailə dövlətin formalaşması üçün vacib olan atributlardan biridir. Ailədə vətəndaş böyüyür. Və bu vətəndaşın normal böyüməsi üçün ortaya ailənin normal inkişafına kömək edəcək ciddi proqramlar qoyulmalıdır.

Ülviyyə Tahirqızı