“Bir azərbaycanlının sayəsində biz dinə, Allaha iman gətirdik” Müsahibə

“Bir azərbaycanlının sayəsində biz dinə, Allaha iman gətirdik”

Hüsnan bəy Fanani:“İndoneziyaya Azərbaycanı ürəyimdə aparacam...”

4 ildir ki, İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan bəy Fanani iki dost və qardaş ölkə arasındakı əlaqələrin möhkəmlənməsi və genişlənməsinə çalışıb. Azərbaycanda İndoneziyanı, İndoneziyada Azərbaycanı tanıdıb. Diplomatik fəaliyyət müddəti az olsa da, Azərbaycan və azərbaycanlılara sevgisi böyükdür, tükənməzdir. Elə azərbaycanlılar da onu çox sevir – sadə, səmimi və mehriban bir diplomatı özümüzdən biri hesab edirik. Hüsnan bəy Fanani Azərbaycanda keçirdiyi İndoneziya mədəniyyəti günləri çərçivəsində Azərbaycan mədəniyyətini də təbliğ edib. Sintezatorda ölkəsinin milli musiqilərini ifa edən səfirin, daha sonra “Azərbaycan” , “Sarı gəlin” mahnılarını oxuması, ona Odlar Yurduna, onun sakinlərinə olan sonsuz sevgisinin nümunəsidir. Təəssüf ki, səfir gələn ay bizi tərk edir, ölkəsinə qayıdır.
Bu ərəfədə onunla görüşüb, təəssüratlarını öyrəndik.
“Xalq Cəbhəsi”nin ilk sualı dünyanı vahimə içində saxlayan koronavirusla bağlı oldu. Əhali sayına (270 milyon) görə dünyada dördüncü yerdə olan, Cənub-Şərqi Asiyanın ən böyük adalar dövləti İndoneziyada pandemiyaya qarşı mübarizənin necə aparıldığını öyrəndik.
- Koronavirus bütün dünyaya yayılsa da, bu İndoneziyaya gec çatdı – fevral və martın sonlarında. Amma buna baxmayaraq, virusun qurbanlarının sayı digər ölkələrə nisbətdə çox azdır. Pandemiya ölkələrin iqtisadiyyatına da ağır zərbələr vurub, müəyyən böhran yaşandı. İqtisadi baxımından da İndoneziya Cənub Şərqi Asiyada önəmli yer tutur, iqtisadiyyatın mərkəzi hesab olunur. Pandemiya İndoneziya iqtisadiyyatına da mənfi təsir göstərib, bizim ölkədə iqtisadiyyat dedikdə xalqın iqtisadiyyatı nəzərdə tutulur. Orada bir çox kiçik və orta müəssisələr-təşkilatlar vardır ki, onlar xalq tərəfindən istifadə olunur, böhran orada çalışan işçilərin dayanması deməkdir. Hökumətin qərarından sonra bir çox fabrik və zavodlarda fəaliyyət dayandırıldı, əhalinin bir qismi isə evdə qalmaq məcburiyyətində oldu. Pandemiya ilə mübarizəyə görə, 17500 adadan, 34 əyalətdən ibarət, 570 şəhəri olan İndoneziya zonalara bölünüb – qırmızı, sarı və yaşıl. Qırmızı zona xəstələrin sayının artdığı, əhalinin daha sıx yaşadığı şəhərlərdir, sarı zonada virusa az yoluxanlar, yaşıl zona isə normal həyatın davam etdiyi yerdir. Baxın, Azərbaycanın iri şəhərlərinə giriş, çıxış qadağan olunub. Amma bu qadağanı İndoneziyaya tam tətbiq etmək olmaz. Qadağaların tətbiqi əyalətlərdəki vəziyyətdən asılıdır. Orada əhalinin gəliri, həyatı onların yalnız iş yerlərindən asılıdır. Virusa yoluxanların artım sayına gəlincə, son aylarda bu Cənub Şərqi Asiya ölkələrində də özünü biruzə verdi. Mart ayında İndoneziyaya giriş-çıxış dayandırıldı, xüsusən də paytaxt Cakartaya. Hazırda Cakarta qırmızı zona elan edilib. Digər ölkələrdə olduğu kimi, İndoneziyada virusdan qorunmaq üçün insanlar arasında sosial məsafə saxlamaq və evdə qalmaq kimi qaydalar da tətbiq edilir. Bundan başqa əhaliyə sanitar-gigiyenik qaydalara riayət etmək tövsiyə olunub.
- Cənab səfir, bunu daha çox hansısa supergüclərin əvvəlcədən hazırladığı ssenari və ya bioloji silah olduğu iddiaları da səsləndirilir. Siz necə fikirləşirsiz?
- Mənim fikrimcə, bu məsələdə iki fərziyyə var – birincisi, böyük dövlətlər tərəfindən həyata keçirilən bir ssenaridir. Bu, inandırıcı ola da bilməz. Bu, əsas güc ölkələrinin ssenarisi olsa idi, bu ölkələrdə minlərlə insan virusdan ölməzdi. İkinci ssenari bioloji silahın olmasıdır ki, bu da inandırıcı görünmür. Vyana Konvensiyasına əsasən bioloji silahdan istifadə qadağandır. Bir ehtimal da var ki, bu da dünyanın maliyyə sistemini, iqtisadiyyatını qorumaq məqsədilə kapitalizm tərəfindən həyata keçirilən bir ssenaridir. Elə bir kapitalistlər ki, dünyadakı xalqların inkişafını istəməsinlər. Axı xalqlar inkişaf etdikcə onların maliyyə və maddi baxımdan idarə edilməsində çətinlik yaradır. Zəngin insanların sayının artması onların fəaliyyətlərinə əngəl olur. Çünki kapitalistlər istəməzlər ki, onlardan başqaları zənginləşsinlər. Onlar istəyirlər ki, həmişə başqalarının üzərində ağalıq etsinlər. Digərlərinin zənginləşməsi onların kapitallarının itirmələri ilə nəticələnə bilər. Dünyada əksər qüvvələrin kapitalistləri müdafiə etdiyini də göz önünə almaq lazımdır.
- O zaman bu virus haradan meydana çıxıb?
- Düşünürəm ki, Allahın qəzəbinin nəticəsidir. Bizə bəxş etdiyi həyata görə həmişə Allaha şükr etməliyik. Yalnız Allah bizim üzərimizdən hökmranlıq edə bilər. Hər şeyin müvəqqəti, Allahın daimi olduğunu nəzərə almalıyıq. Həyatımız bur anlıqdır. Dünyanın tanınmışları - Lenin, Linkoln, Vaşinqton, Stalin neçə yaşında vəfat ediblər. Ən yuxarısı 80 yaşında. Məhəmməd Peyğəmbər isə 63 yaşında dünyadan köçüb. O zaman necə ola bilər ki, biz bütün dünyaya hakim olmaq iddiasında olaq. Bəlkə də Allah bizə qəzəblənib, xatırlatma edir. Göstərir ki, mən varam. Birinci dünya müharibəsindən sonra Avropada müəyyən hadisələr baş vermişdi ki, bu, Allahın varlığının göstəricisi idi. Sonra da İkinci dünya müharibəsi oldu, ardınca SSRİ dağıldı, ABŞ-da hadisələr baş verdi. Dünya xəritəsinə baxsanız, nələrin baş verdiyini görmək olar. Yalnız Allahına inanan, ona sığınan, inam gətirən xalqlar xoşbəxt yaşayırlar. Azərbaycan da bu ölkələr sırasındadır. Bura Nuh peyğəmbərin, nəvə və nəticələrinin yeridir. Nizami, Füzuli, Nəsimi, Nəimi və başqa mütəfəkkirlərin məskənidir. Allah Azərbaycana neft bəxş edib, odlar yurdudur bura. Burada Allaha inam, etiqad olduğundan sabitlikdir.

- Koronavirus dönəmindən sonra yeni dünya düzəninin formasını necə görürsüz?
- Koronavirisdan sonra insanlar mehriban olacaqlar. Böyüyə hörmət olacaq, insanlar sağlamlıqlarının qeydinə qalacaq, bir-birlərini incitməyəcəklər. Ölkələr bir-birinə yaxınlaşacaq. İslam ölkələri arasında mehribançılıq yaranacaq. İnsanların əlaqələrini asanlaşdıracaq texniki vəsaitlər ortaya çıxa biləcək. Dünyanın ən ucqar yerində insanlar bir-birləri ilə telefonsuz əlaqə saxlaya biləcəklər. İşqalçı ölkələrin sayı azalacaq, qan tökülməsinə, müharibələrə son qoyulacaq...
- Müharibədən söz düşmüşkən, dünyanın siyasi xəritəsində müharibələrin daha çox müsəlman ölkələrində baş verməsinin əsas səbəbləri nədir?
- İkinci dünya müharibəsindən sonra dünyada ABŞ və SSRİ hegemonluğu ələ almağa çalışdı və hər biri istəyirdi ki, digər ölkələri öz əsarətlərində saxlasınlar. Mənim sizə bir sualım var – bu ölkələrdən daha hansı müsəlman ölkələrini işğal edib? (SSRİ –cavabını verdim – Red.) Amma indi SSR dağlıb, müsəlman ölkələri azaddır – Azərbaycan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan. Mərkəzi Asiyada bir çox ölkələr var ki, hazırda azaddırlar. Müsəlman ölkələrində İŞİD, Əl-Qaida kimi terror təşkilatları yoxdur, bu uydurmadır.
- Cənab səfir, bu il diplomatik missiyamız başa çatır. Azərbaycanda fəaliyyət göstərdiyiniz dörd il yaddaşınızda necə qalacaq..
- 4 ildir Azərbaycandayam. Pandemiya dövrünün Azərbaycanı tərk edəcək sonuncu səfiri mən olacam. Ömrümün ən gözəl günlərini burada keçirdim. Ölkənizi qarış-qarış gəzmişəm. Lələtəpədə, Cocuq Mərcanlıda belə olmuşam. Azərbaycanın bütün universitetlərində mühazirələrim dinlənilib. Ölkənin bütün regionlarında - Lənkəran, Sumqayıt, Mingəçevir, Gəncənin ali təhsil müəssisələrində mühazirələr oxumuşam. 30-dan çox universitet məni qəbul edib. Nəticədə mən Azərbaycanda professor adına layiq görüldüm. 4 il ərzində gördüyüm işləri sadalamaqla bitməz. Şad olardım ki, bir azərbaycanlı da mənim qədər Azərbaycanı sevdiyi kimi İndoneziyanı sevsin. İndoneziya Azərbaycanı hər bir məsələdə dəstəkləyib, bundan sonra da dəstəkləyəcək. Bilirsiz ki, Qarabağ, ona bitişik rayonlar işğal altındadır. İndoneziya həmin bölgəni Azərbaycanın torpağı tanıyır və həmin torpaqları işğaldan azad edəcəyik. İndoneziya İsrailin işğal etdiyi Fələstini də dəstəkləyir və Yerusəlimi fələstinin torpağı olaraq qeyd edir. Hər il keçirdiyim ziyafətin əsas məqsədi iki ölkə arasındakı dostluq və qardaşlığı göstərmək idi. 4 ildə Azərbaycanda hər il İndoneziyanın mədəniyyət günlərini keçirdim. Bulvarda, H.Əliyev adına sarayda, Fəvvəralər meydanında, Bakıda və bölgələrdə. Azərbaycanı çox sevirəm. Xalqımı, dövlətimi burada yüksək səviyyədə təmsil etdim. Azərbaycan dünyada öz gözəllikləri, tarixi ilə zəngindir, təbiəti gözəldir, əhalisi mehriban, səmimi və qonaqpərvərdir. Əxlaqi baxımdan yüksəkdir. Azərbaycanın bəyləri və xanımları yaraşıqlı və gözəldirlər. Bu gözəllikəri qoyub İndoneziyaya getmək istəməzdim. Azərbaycan mənim ikinci vətənimdir, yurdumdur. Burada dost və qardaşlarım var.
- Vətənə döndükdən sonra Azərbaycanla əlaqələrinizi hansı formada və necə qoruyub saxlayacaqsız?
- Çalışacam ki, Azərbaycanla əlaqələrimi saxlayım. İndoneziya və Azərbaycanı birləşdirəcək bütün sahələrdə. Ola bilsin biznes, media, təhsil, mədəniyyət, gənclər, din sahəsində assosiasiyalar yaradaq. Çalışacam ki, bu sahələri bir yerdə cəmləşdirən təşkilat yaradam. Darıxmayın və narahat olmayın, siz məni yenidən burada görəcəksiz. Azərbaycan islam ölkəsidir, istərdim ki, xalq islamı düzgün qəbul etsin. İki dövlət arasında təhsil, dini əlaqələrin inkişafına çalışacağımı dedikdə təbii ki, bunlar islamla əlaqələnir. Bilirsiniz, 15-ci əsrlərdə İndoneziyanın müsəlman ölkəsi olmasına əsas səbəb indoneziyaya gəlmiş azərbaycanlı olub. Azərbaycana islam Məhəmməd peyğəmbərin dövründən sonra, 7-ci əsrdə gəlib. 14-15-ci əsrlərdə isə anası qafqazlı, yəni azərbaycanlı, atası ərəb mənşəli olan Şeyx Mövlanə Malik İbrahim İndoneziyanın qərb adalarına gəlib İslam dinini yaymağa başlamışdı. Hazırda həmin adam İndoneziyada islam dinini təbliğ edən bir ustad kimi qəbul edilir. İbrahim orada dəfn edilib, məqbərəsi var. İndoneziyanın din nümayəndələrinin müəllimi hesab edilir, təbii ki, mənim də. Baxın, 6 əsrdən sonra İndoneziyadan Azərbaycana əcdadlarımın yurduna gəlmişəm ki, Mövlanənin bizə bəxş etdiyi həqiqi islami bilikləri axtarım. İslam Azərbaycan xalqı tərəfindən daha da qüvvətləndirilir. İndoneziyada elə bir yer yoxdur ki, orada namaz qılmaq üçün yerdən istifadə edilməsin. İndoneziyada islam olmasaydı, indi hinduzim dini olardı. Mən də namaz qılmazdım. Azərbaycanlının sayəsində biz dinə, Allaha iman gətirdik.
- Deməli, bizi bir-birinə bağlayan tellər 14-15-ci əsrə gedib çıxır..
- Düzdür. Baxın, Şirvanşahlar sarayında məzarı olan Yəhya əl Bakuvi 30 kitab yazıb. “Asroor At-Talibin - Elmin sirləri” adlı kitabı 15-ci əsrdən etibarən indoneziyalılar tərəfindən mədrəsələrdə istifadə olunur. Balaca olanda anam mənə müxtəlif hekayələr danışardı, onlardan biri də sevgi hekayələri idi. Sonradan bildim ki, həmin hekayələr Azərbaycandan gəlib. Məsələn, Nizaminin “Leyli Məcnun”undan. O vaxtdan bu hekayələr məndə Azərbaycana, azərbaycanlılara qarşı sevgi oyadıb. Ona görə də bu gün mən Azərbaycanı sevirəm. Bu səbəbdən də irəli gələrək “Leyli Məcnun” filmini çəkdirdim və hazırda İndoneziyada yayımlanır. Pandemiya dövrü düşdüyündən həmin filmi Azərbaycana gətirə bilmədik. Filmin 70 faizi Azərbaycanda çəkilib. Kann festifalına da göndəriləcək. Filmdə azərbaycanlı aktyorlar da yer alıblar, amma o qədər də tanınmış deyillər.
- Azərbaycanı tərk etdiyiniz zaman ölkənizə buradan xatirə olaraq nə aparacaqsız?
- Bütün gözəlliklərini aparacam. Azərbaycana vurulmuşam ürəyimin bir parçası Azərbaycanda qalacaq. İndoneziyaya Azərbaycanı ürəyimdə aparacam...

Cavid