ATƏT Bakıda beynəlxalq konfrans keçirəcək Müsahibə

ATƏT Bakıda beynəlxalq konfrans keçirəcək

Aleksis Şahtaxtinski: "Bu tədbir ATƏT regionunda və ondan kənarda dini tolerantlığa qarşı hədələrin qarşısını almaq yollarını müzakirə etmək üçün çox yaxşı bir platforma olacaq"

ATƏT-in Bakı Bakı Layihə əlaqələndiricisi, səfir Aleksis Şahtaxtinskinin "Trend" İnformasiya Agentliyinə eksklüziv müsahibəsi

- Siz ATƏT-lə Azərbaycan arasındakı əməkdaşlığı necə qiymətləndirirsiniz?

- ATƏT-lə Azərbaycanın 30 yanvar 1992-ci ildən başlayan 22 illik əməkdaşlıq tarixi var. Məhz bu tarixdə Azərbaycan ATƏM-ə iştirakçı dövlət kimi qoşulub. Bilirsiniz ki, ATƏM 1 yanvar 1995-ci ildə ATƏT-ə çevrilib. ATƏT-in Azərbaycanda nümayəndəliyinin yaranması 1999-cu ilə təsadüf edir. Bu dövr ərzində biz ATƏT-in bütün ölçüləri üzrə - siyasi-hərbi, iqtisadiyyat və ətraf mühit və insan ölçüsü - bir çox layihələr həyata keçirmişik. ATƏT-in Daimi Şurasının 26 iyul 2013-cü il tarixli qərarı ilə nümayəndəliyimiz ATƏT-in Bakı Layihə Əlaqələndiricisinə tranformasiya olunub. Yeni mandata əsasən, biz Azərbaycan hökumətilə ATƏT və onun qurumları arasında əməkdaşlığı dəstəkləyirik, Azərbaycan hökumətinin ehtiyac və prioritetlərini nəzərə alaraq, layihələr planlaşdırır və həyata keçiririk, eləcə də hökumət, vətəndaş cəmiyyəti, yerli idarəetmə orqanları və akademik dairələrlə əlaqələr saxlayırıq. Yeni ad və mandata uyğun olaraq, biz qarşılıqlı etibar və dəstəyə əsaslanan əməkdaşlığın yeni keyfiyyətini qurmağa çalışırıq. Bildiyiniz kimi, 25 sentyabr tarixində, BMT-nin Baş Assambleyasının Plenar Sessiyası çərçivəsində ATƏT-in baş katibi Lamberto Zannier və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin fəaliyyətinə dair Anlaşma Memorandumu imzalayıblar. Zənnimcə, bununla ATƏT və Azərbaycan əməkdaşlığa istəkli və hazır olmağını bir daha nümayiş etdirib. Ümid edirəm ki, Milli Məclis bu Anlaşmanı tezliklə ratifikasiya edəcək, hərçənd, onun imzalandığı gündən müvəqqəti tətbiqi sənəddə öz əksini tapıb.

- Azərbaycan və ATƏT hansı sahələrdə layihələr həyata keçirirlər?

- Hazırda biz Azərbaycanın ehtiyac və prioritetlərini əks etdirən bir sıra layihələr həyata keçiririk. Bizim layihələrdən biri insan alverinə qarşı mübarizəyə həsr olunub. Biz, çox vaxt "müasir köləlik" adlandırılan və ciddi cinayət sayılan insan alverinə qarşı mübarizədə milli cavab tədbirlərini gücləndirmək üçün hüquq-mühafizə və ədliyyə orqanları, eyni zamanda vətəndaş cəmiyyəti təşkilatları ilə birgə çalışırıq. Bu layihənin bir hissəsi olaraq, biz insan alverinin müəyyən və təqib edilməsi, eləcə də insan alveri qurbanlarının qorunmasında qurumlararası əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün təlimlər təşkil edirik. Missiyamız insan alverinin qurbanına çevrilmiş kişi, qadın və uşaqlara yardım miqyasını genişləndirmək üçün vətəndaş cəmiyyəti təşkilatlarının idarə etdiyi sığınacaqların fəaliyyətini dəstəkləyəcəyik.
Digər fəaliyyət sahəsi isə səmərəli idarəçiliklə bağlıdır. Missiyamız Azərbaycan hökumətinin səmərəli idarəçiliyin təşviqi və dövlət xidmətlərinin göstərilməsində xırda rüşvətin tamamilə ləğv edilməsinə yönəlmiş səylərini dəstəkləyir. İcra etdiyimiz layihə ASAN Xidmət Mərkəzlərində göstərilən dövlət xidmətlərinin müvafiq keyfiyyət standartlarına uyğun olması, onların təhlükəsiz, şəffaf və səmərəli şəkildə göstərilməsini təmin etmək üçün Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (VXSİDA) imkan və bacarıqlarını gücləndirməyə yönəlib. Çox yaxında, əlillər, məcburi köçkün, ahıllar və digər aztəminatlı vətəndaşlara pulsuz hüquqi yardım xidmətinin göstərilməsində də ASAN xidmət mərkəzlərinə dəstək verəcəyik.
Biz, eyni zamanda, Azərbaycanın məişət zorakılığına qarşı mübarizə səylərini dəstəkləyirik. Bakı Layihə Əlaqələndiricisi məişət zorakılığı üzrə qanunvericiliyin təkmilləşdirilməsi və onun səmərəli icrasını təşviq etmək üçün Azərbaycanın dövlət orqanları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq edir. Yerli qanunvericiliyin təhlili, məişət zorakılığı ilə bağlı məlumat bazasının yaradılması, eləcə də hüquqşünaslar, polis və sosial işçilərin məişət zorakılığı hallarına qarşı adekvat cavab vermək, həmçinin gender bərabərliyi və məişət zorakılığına dair maarifləndirmə işlərini aparması üçün bacarıqlarını inkişaf etdirmək məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq edirik. Biz həmçinin məişət zorakılığından zərər çəkənlər üçün mərkəzin və qaynar xətt xidmətinin fəaliyyət göstərməsi, eləcə də zərər çəkmişlərə hüquqi və psixoloji məsləhətlərin verilməsi üçün yerli vətəndaş cəmiyyəti təşkilatlarına dəstək verəcəyik. Mən, professor Hicran Hüseynova ilə bir sıra görüşlər keçirmişəm və bu sahədə səmərəli əməkdaşlığımızı gözləyirəm. Azərbaycan qadın və kişilər arasında bərabərliyin təşviqi, erkən nigah və məişət zorakılığı kimi qadınlara qarşı zorakılıq hallarına qarşı mübarizədə uzunmüddətli ənənəyə sahibdir. Bir sözlə, dünyanin bütün ölkələrində mövcud olan bu cür mənfi fenomenə qarşı mübarizə aparmaq üçün Azərbaycanda çox yaxşı baza mövcuddur. Yaxşı hal ondan ibarətdir ki, burada həm hökumət, həm də cəmiyyət bu sahədə proqresə nail olmaq üçün əlindən gələni etməyə hazırdır.
Digər bir layihəmiz dini tolerantlığın təşviqinə yönəlib. Azərbaycan tarixən dini dözümlük ənənələri olan bir ölkə kimi müxtəlif dinlərin nümayəndələri üçün doğma yurd olub. Onlar son minillik və, bəlkə də, daha qədim dövrdən bu günədək heç bir dini dözümsüzlük və ya ayrı-seçkiliklə üzləşməyib. Təəssüf ki, eyni sözləri dünyanın bir çox ölkələri barədə demək mümkün deyil. Şeyxülislam Allahşükür Paşazadə ilə birgə biz noyabrın ortalarında Azərbaycanın müvafiq dövlət qurumları, parlament, beynəlxalq təşkilatlar, müxtəlif dini icmaların nümayəndələrini və beynəlxalq ekspertləri bir araya gətirəcək beynəlxalq konfrans keçirməyi planlaşdırırıq. Bu tədbir Azərbaycanda dini tolerantlığın uğurlu tarixi ənənələrini, ATƏT regionunda və ondan kənarda dini tolerantlığa qarşı hədələr - Suriya və İraqdakı mövcud vəziyyət hamımızı narahat edir - həmçinin getdikcə daha çox qloballaşan dünyada dini radikallaşma meyllərinin qarşısını almaq yollarını müzakirə etmək üçün çox yaxşı bir imkan və platforma olacaq.

- Azərbaycanda hüquq-mühafizə orqanlarının və ədliyyə sisteminin fəaliyyətinin inkişafında layihələrinizin nəticəsini necə qiymətləndirirsiniz? Gələcəkdə bu sahədə hansı layihələri həyata keçirməyi planlayırsınız?

- Yaxınlarda mən daxili işlər naziri Ramil Usubovla görüşdüm. O, nazirlik ilə ATƏT arasında əvvəlki əməkdaşlıq haqda müsbət fikirdə olduğunu və ofisimlə gələcəkdə əməkdaşlığı genişləndirmək istədiyini bildirdi. Hazırda, biz bu nazirliklə iki layihə çərçivəsində əməkdaşlıq edirik: insan alverinə qarşı mübarizə və məişət zorakılığının qarşısının alınması. Mən, həmçinin bu yaxınlarda ədliyyə naziri Fikrət Məmmədovla görüşüb əməkdaşlıq planlarımızı müzakirə etməyi planlayıram. Bu görüşlərin ardınca, Azərbaycanın ATƏT qarşısında götürdüyü öhdəlikləri daha yaxşı yerinə yetirməsi üçün, biz Azərbaycan hökumətinin ehtiyac və prioritetlərini nəzərə alacaq yeni layihələr hazırlayacağıq.

- İndiyə qədər ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllinə nail ola bilməyib. Sizcə, münaqişənin həllinə yeni yanaşma üçün vaxt çatmayıbmı?

- Bildiyiniz kimi, ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım etmək üçün Ermənistan və Azərbaycan arasında danışıqlar prosesinə vasitəçilik edir. Bu məsələ ATƏT-in Bakı Layihə Əlaqələndiricisinin mandatından kənardadır. Ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün suallar ATƏT-in həmsədrləri və ya ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinə ünvanlanmalıdır.

- ATƏT rəsmiləri yaxın gələcəkdə Azərbaycana səfər planlaşdırırlarmı? ATƏT-in fəaliyyətdə olan sədri və ATƏT-in baş katibinin Azərbaycana səfərini nə vaxta gözləyə bilərik?

- ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti və xarici işlər naziri Didier Burkhalter iyunun 2-də Azərbaycana səfər etmiş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və digər dövlət rəsmiləri ilə çox məhsuldar görüşlər keçirib. Hər il fəaliyyətdə olan sədrin Cənubi Qafqaza səfəri zamanı Azərbaycana da gəlməsi çox gözəl bir ənənəyə çevrilib və mən inanıram ki, bu ənənəni gələcəkdə də növbəti sədr ölkələr davam etdirəcək (1 yanvar 2015-ci ildən etibarən sədrlik İsveçrədən Serbiyaya keçəcək - red.).
Bir neçə gün əvvəl ATƏT-in yüksək səviyyəli rəsmisi, ATƏT-in İqtisadiyyat və Ətraf Mühitə dair Fəaliyyətlərinin Əlaqələndiricisi Dr. Halil Yurdakul Yigitgüden Azərbaycana səfər edib. O, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Avropa Şurasının təşkil etdiyi "Qabaqcıl idarəetmə və insan hüquqları kontekstində dövlət xidmətlərinin göstərilməsi üzrə beynəlxalq konfrans"da iştirak edib. Digər ATƏT rəsmilərinin gözlənilən səfərləri barədə Azərbaycanın kütləvi informasiya vasitələrinə vaxtında məlumat verəcəyik. Çünki, əsas məqsədimiz bu münasibətlərin fəalığını qorumaq və əməkdaşlıq ruhunda inkişaf etməsinə nail olmaqdır.