“Gerçək proqnozlar yalnız elmi təfəkkürün məhsulu ola bilər” Müsahibə

“Gerçək proqnozlar yalnız elmi təfəkkürün məhsulu ola bilər”

Hüseynağa Qəniyev:"İnkişaf etmiş ölkələrin dövlət büdcəsində elmi kəşflərdən əldə olunmuş vəsait istehsal və biznesdən qazanılan vəsaiti üstələyib"

(Əvvəli ötən sayımızda)

Yeni ildə ilk müsahibim həmkarım, yazıçı-publisist, keçmiş millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin üzvü Hüseynağa Qəniyevdir. Hər zaman müsahibələrində fərqli məsələlərə toxunan Hüseynağa müəllim bu dəfə də verdiyim suallarla elmə baş vurdu.
- Bunu konkret həyati misallarla izah edə bilərsinizmi?
- Bununla əlaqədar olraq elmi-tarixi bir olayı nəzərinizə çatdırmaq istərdim. Qurd genetik təbiətinə görə tayfabazlıq, azadlıq, vüqar və yırtıcılıq rəmzidir. İllər, əsrlər, minillər ötdükcə onların içərisindən insanların süfrəsindəki sür-sümüyə meyl salanlar tapılıb. O, genetik xüsusiyyətlərindən, tayfasından, vüqar və azadlığından, hətta halalca çərək ağacı olan yırtıcılığından imtina edib, meyl saldığı sür-sümüyü əldə eləmək üçün insanlara yaxınlaşıb. Nəticədə onların mal-mülkünün keşikçisinə, təhlükəsizliyinin sadiq xidmətçisinə çevrilib. Eyni zamanda, təbii qida mənbəyi olan mal-qarasını, qoyun-quzusunu yemək əvəzinə, sürülərini həmtayfalarından qorumaq üçün çobanlıq etməyə razılıq verib. Beləliklə, ağzını sonsuz səmaya tuşlayıb, şeypur kimi gur-gur guruldayan zəhmli, əzəmətli səslə ulayıb, qorxu bilmədən dünyaya cəsarətlə meydan oxuyan vüqarlı qurd, insanın süfrəsinin qırağında quyruğunu qısaraq, sür-sümükləri gəmirib, hürə-hürə itə çevrilib.
- İctimai rəylə təbii proseslərin balansını necə görürsünüz?
- Sivilizasiyanın təməlini qoyan ünsiyyət ictimai şüurun proqramlaşdırılması üçün əsasdır. O, insanların şüurunda yalanı gerçək, gerçəyi yalan etmək qüdrətinə malik güclü kütləvi təsir vasitəsidir. Ona görə deyiblər ki, mühitdə yaşayıb , ondan xilas olmaq mümkün deyil. Xilas olan az-çox insanlar isə kütlədən ayrılıb, proqramist rolunu oynamağa başlayırlar. Bunun səbəbini insanın təbiətində axtarmaq lazımdır. O, özünü tanıyan kimi taleyinə, ətrafına, səmaya baxıb saysız-hesabsız suallarla üz-üzə dayanıb - Nə üçün? Nə üçün? Nə üçün? Sonsuzluğa qədər nə üçün?
Məsələ burasındadır ki, insanı insan edən, onun fəaliyyətini müəyyənləşdirib istiqamətləndirən iradə və onun gücü inam və əqidənin məhsuludur. İnam olmadan iradə, iradə olmadan şüurlu, məqsədəmüvafiq fəaliyyət, o da olmadan insan olmaq mümkün deyildir. Cavabsız suallar boşluqlar yaradır və insanın fəaliyyətinin bütün istiqamətlərinə nüfuz edir. Bu yerdə proqramistlər , texnoloqlar, kahinlər, astroloqlar, falçılar, öncəgörənlər, mediumlar və s. elmdən önə keçərək işlərini görüb , həqiqəti inhisara almaqla özlərini ilahiləşdiriblər.
- Elə isə nə üçün insanlar onlara inanıblar?
-Onların minilliklərlə qazandığı və bu gün də davam edən kütləvi "uğurları" özlərinin təbliğ etdiyi "Allah vergisi" fikri "istedadında" yox, insan psixikasının, yəni beyninin xarici aləmi əks etdirmə xassəsinin qeyri-mükəmməlliyində, boşluqlardan xilas olmaq üçün yalanın doğruluğunu əsaslandırmaq üçün fenomenal istedadında axtarmaq lazımdır.
İnsan bioloji və sosial varlıq olduğu üçün ağıl nəyə inanırsa, bədən də ona gerçəklik kimi reaksiya verir. Görkəmli ingilis alimi Ceyms Corc Frezer yazır ki, Yeni Zellandiyada ibtidai dövrünü yaşayan aborogen icmasının həyat tərzi ilə tanış olarkən qəbilənin bir üzvünün ağacın kölgəsində xörək yediyini görüb. Onu müşayət edən aborogen bunu görcək dostunu həyacanla xəbərdar edib ki, yediyi qəbilə başçısının xörəyinin qalıqlarıdır. Qəbiləlrarası döyüşlərdə igidliklə vuruşan bu gənc , sağlam kişi bəd xəbəri eşidən kimi sancılanır, sudurqa və güclü ağrıdan günün sonunda keçinir. Sən demə qəbilədə möhkəm inam varmış ki, qəbilə başçısının yeməyinin qalığını ondan icazəsiz yeyən hər kəs dərhal ölər. Əslində bu icmada qida qıtlığından və başçının qənaət edib, sonradan yemək məqsədilə saxladığı ideya olub.
-İnsanlar gerçək proqnozlar verməyə qadirdirlərmi?
-Gerçək proqnozlar yalnız elmi təfəkkürün məhsulu ola bilər. Elmdən kənarda nə varsa şarlatanlıqdır. Elm insanları od əldə etməkdən atom enerjisinə qədər gətirib çıxarıb, böyük fantast-öncəgörən ədiblər yetirib. Jül Vern, Ayzek Əzimov, Qerbert Uels, Artur Klark, Robert Xaynlayn, Corc Lukas və başqaları onların parlaq nümayəndələridirlər. Onlar elmdən bəhrələnib zəmanələrində fantastik əsərlər yaradıblar. Zaman keçdikcə onların fantaziyası elmi gerçəkliyə çevrilib, gənc alimləri yeni kəşflərə ruhlandırıb. Jül Verinin 19-cu əsrdə yazdıqlarının demək olar ki, 90 faizi 20-ci əsrdə elmi təsdiqini tapıb. Ayzek Əzimov elmin bütün sahələri haqqında uiniversitet professorlarından daha çox biliyə malik olub. Elm, informasiya cəmiyyəti qurmaq uğrunda mübarizə aparır, onun tarix boyu əldə etdiyi böyük informasiya bankı vardır. Bunun vasitəsi ilə şüurlardakı çoxlu boşluqları doldurub, bəzi sahələrdə təkamülün sürətinə nəzarəti əlinə alıb. İnkişaf etmiş ölkələrin dövlət büdcəsində elmi kəşflərdən əldə olunmuş vəsait istehsal və biznesdən qazanılan vəsaiti üstələyib. Özünü medium, kimyagər, astroloq elan edənlərin hansı informasiya bankı vardır? Hansı medium insan taleyini öncədən bilmək metodikasını hazırlayıb, hansı kimyagər gümüşü qızıla çevirib, hansı astroloq kainatın varlığında mühüm rol oynayan qravitasiya, təkamül, elektromaqnit sahəsi və s. haqqında düşünə bilib?
-Proqnozlar hadisələri əvvəldən axıradək real əhatə edirmi?
-Bəzən hə, bəzən də yox. Metroloqlar yağıçın yağacağını dəqiq proqnozlaşdırırlar. Lakin hansı kvadratmetrə nə qədər yağış yağacağını söyləmək mümkün deyil. Psixoatrlar beynin quruluşu, beyin qabığının rolu, neronların hərəkəti haqqında çox dəyərli biliklər əldə etmələrinə baxmayaraq ağlın necə yaranmasının səbəblərini öyrənmək probleminə hələ də yaxınlaşa bilmirlər. Elmin hazırkı inkişafı göstərir ki, fərdlərin taleyi, keçmişi və gələcəyi haqqında az-çox məlumatı mediumların mənasız vəhlərində deyil, genetik kodunda axtarmaq lazımdır. Kimyagərlərin min illərlə gümüşü qızıla çevirmək cəhdi kimyadan daha çox fizika elminin predmetidir. Astroloqlar göy cisimlərinin hərəkətindən yaranan konkret olayları beyinlərində yox, kainatda axtarmalıdırlar. Oxucu fikirlərimdə ziddiyyətli məqamlarla rastlaşa bilər. Bu ziddiyyətlər mənm fikirlərimdən daha çox, izah etməyə çalışdığım anlayışın mahiyyətindədir.

Söhbətləşdi: Arzu Şirinova