“İş adamlarının əksəriyyəti dövlət büdcəsini talayıb” Müsahibə

“İş adamlarının əksəriyyəti dövlət büdcəsini talayıb”

Vahid Əhmədov: "Bunun qarşısının alınmasının yeganə yolu "Maliyyə nəzarəti haqqında" qanunun qəbul edilməsidir"

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, deputat Vahid Əhmədovun problemli kreditlər, bunun həlli yolları ilə bağlı modern.az saytına müsahibə verib.

- Vahid müəllim, Mərkəzi Bankın problemi kreditlər barədə açıqladığı statistik rəqəmlər heç də ürəkaçan deyil. Qeyri-rəsmi olaraq problemli kreditlərin həcminin daha çox olduğu deyilir. Bu barədə sizin fikirlərinizi bilmək istərdik?

- Ötən ilin sonunda problemli kreditlərin həcmi 970 milyon manata yaxın idisə, artıq bu göstərici 1, 2 milyard manatı keçib. Həcmin artmasına səbəb insanlara verilən kreditlərin faiz dərəcələrinin həddindən artıq yüksək olmasıdır. Belə olan təqdirdə əhali götürdüyü kreditləri geri qaytara bilmir. Müzakirələr zamanı banklarda yaranmış vəziyyətə dəfələrlə toxunsaq da, bununla bağlı müəyyən addımlar atılsa da, bir nəticə hasil olmayıb. Bu çox ciddi məsələdir, maliyyə bazarına, insanların həyatına təsir edir. İnsanlar krediti qaytara bilmir, əmlakları, ev-eşikləri əllərindən çıxır.

- Necə düşünürsünüz, problemin həll olunması üçün hansı addımlar atılmalıdır?

- Məsələ kifayət qədər ciddidir və həll olunmasına ehtiyac var. Mərkəzi Bank tərəfindən müəyyən güzəştlər və islahatlar aparılmalıdır ki, vaxtı keçmiş kreditləri qaytarmaq mümkün olsun. Başqa çıxış yolu yoxdur.

- İqtisadçı olaraq manatın fevralın 21-də kəskin devalvasiyasından sonra əhalinin banklardakı əmanətlərinin həcmində hansı dəyişiklikləri müşahidə edirsiniz?

- Məndə olan məlumata görə, devalvasiyadan sonra əhalinin banklara manatla yatırdığı əmanətlərin həcmi kifayət qədər azalıb. Çünki insanlar daha çox dollarla əmanət yatırmağa üstünlük verirlər. Fikrimcə, bu səhv addımdır. Manat mili valyuta olduğundan biz onu qoruyub saxlamalıyıq. Hər halda, insanlar manatın növbəti ucuzlaşması təhlükəsini nəzərə alaraq bu yola gedir.

- Neftin ucuzlaşması fonunda dəyərdən düşən manat büdcəni kifayət qədər təmin edə bilmir. Ayrı-ayrı korrupsiyaçılar tərəfindən dövlət vəsaitinin mənimsənilməsi faktlarının da ortaya çıxması ilə kifayət qədər zərbə aldığı görünən büdcəyə hökumətin yenidən baxması gündəmdədirmi?

- Büdcəyə yenidən baxılmasına ehtiyac yoxdur. Bizim büdcəmiz neftdən çox asılıdır. Dünya bazarında neftin qiymətini 90 dollar götürsək də, bunun büdcəyə təsiri cəmi 11 faizdir. 11 faiz də 2 milyard 200 milyon manat edir. Neftin qiyməti 60 dollar olsa belə, bunun əsaslı təsiri olmayacaq. Azərbaycan hökuməti investisiya layihələrini təsdiq edəndə 1 milyard manat ehtiyat saxlayıb. Ona görə də büdcəyə yenidən baxılmasına ehtiyac yoxdur.

- Son günlər reallaşan həbslər Azərbaycanda korrupsiyaya qarşı mübarizənin güclənməsinin göstəricisidir?

- Həbslər ciddi məsələdir. Biz bu prosesləri izləyirik, dəfələrlə Mili Məclisdə də bununla bağlı məsələ qaldırmışıq. Müəyyən vaxtlarda "Maliyyə nəzarəti haqqında" qanunun qəbul olunması üçün təkliflər etmişdim, amma təəssüf ki, qəbul olunmadı. Mənimsənilən vəsaitlərin əksəriyyəti dövlət büdcəsinin talanması hesabına baş verib. Bunun qarşısının alınmasının yeganə yolu gələcəkdə Azərbaycanda "Maliyyə nəzarəti haqqında" qanunun qəbul edilməsidir ki, bununla dövlət büdcəsində həm şəffaflıq təmin olunar, həm də maliyyə nəzarəti mexanizmi daha da yaxşılaşar.

- Mütəxəssis olaraq fikirləriniz maraqlıdır. Necə düşünürsünüz, manatın dollar qarşısında dayanıqlılığının daha da azalacağı, hətta 1 dolların 2 manata qədər bahalaşacağı proqnozları hələ də öz qüvvəsindədirmi?

- Manatın devalvasiyası birbaşa neftin qiymətindən asılıdır. Neft ucuzlaşacaqsa, manat da ucuzlaşacaq. Bu, artıq hamıya məlumdur. Mən bir neçə dəfə təklif verdim ki, neftin qiymətinin artıb-azalmasını gözləmədən manata yumşaq devalvasiya tətbiq edilsin. Belə olan təqdirdə əhali əziyyət çəkməz. Asta-asta 1-2 qəpik səviyyəsində devalvasiyaya gedilməlidir. Çünki proqnozlar neftin qiymətinin 90 dollar olmayacağını göstərir. Yəni manatın əvvəlki dəyərə qayıtması inandırıcı deyil.