“Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 3 min vakant yer çıxarılacaq” Müsahibə

“Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə 3 min vakant yer çıxarılacaq”

TN-nin şöbə müdirinin müavini: "Bölgələrdə kimya, fizika, biologiya, coğrafiya, Bakıda Rus bölməsində ibtida sinif müəllimlərinə çox böyük ehtiyac var"

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyevin APA-ya müsahibəsi

- Bu il Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqə nə vaxt keçiriləcək və işə qəbul qaydalarında hansısa dəyişikliklər varmı?
- Təhsil naziri Mikayıl Cabbarovun əmri ilə müəllimlərin işə qəbulu və yerdəyişməsi haqqında qaydalar təsdiqlənib. Qaydalar özü-özlüyündən bir rayon (şəhər) daxilində bir məktəbdən digər məktəbə yerdəyişmə, həmçinin bir rayonda (şəhər) başqa rayona (şəhər) dəyişməsini əks etdirir. Burada yeni işə qəbul olmaq istəyən müəllimlər üçün də qaydalar yer alıb. Bu il 1-10 iyun tarixlərində müəllimlərin yerdəyişməsinin aparılması nəzərdə tutulub. İyulun 1-15 aralarında isə müəllimlərin işə qəbulu aparılacaq. Bu proses tam elektronlaşdırılıb. Yəni, işə qəbul üçün hər bir namizəd müvafiq səhifədə məlumatları doldurur, istədiyi vakant yeri seçir, sonra Təhsil Nazirliyi tərəfindən imtahana dəvət olunur. I mərhələdə onlar üçün test, II mərhələdə isə müsahibə keçirilir. Test imtahanından keçənlər müsahibəyə dəvət olunurlar. Yekun nəticədə hər bir mərhələdən uğurla keçən müəllim işə qəbul edilir. Müəllimlərin işə qəbulu üzrə iyulun 1-də başlayacaq müsabiqə avqustda yekunlaşacaq.
- Bu il nə qədər vakant yer müsabiqəyə çıxarılacaq?
- Vakansiyaların toplanması mayın 15-dək davam edib. Bu il vakansiyaların sayı 3 mindən çox olacaq. Yalnız Bakının özündə müxtəlif fənlər üzrə 500-dən vakant yer ayrılıb. Digər yerlər isə respublikanın müxtəlif şəhər və rayonlarını əhatə edir. Müəllimlərin işə qəbulu üzrə müsabiqəyə müraciət edənlər arasında hər zaman ibtidai sinif, dil ədəbiyyat və ingilis dili müəllimləri üstünlük təşkil edir. Məsələn, ötən il müsabiqədə iştirak üçün sənəd verən 20 min namizəddən 6 minə yaxını yalnız ibtidai sinif müəllimləri olub. Vakansiyalara gəlincə, ölkə üzrə xüsusilə bölgələrdə daha çox kimya, fizika, biologiya, coğrafiya fənləri üzrə müəllimlərə böyük ehtiyac var. Bakıda isə Rus bölməsində ibtida sinif müəllimliyi əsas lazım olan və müəllimə ehtiyacı olan fəndir.

- Vakansiyalar necə müəyyənləşdirilir?

- Bu gün vakansiya varsa, məsələn müəllim yaş həddinə görə işdən çıxıbsa, analıq məzuniyyətinə gedibsə və ya iş yerini dəyişibsə, bu halda tələb edirik ki, həmin dərs yükü yuxarı hədd-36 saat gözlənilməklə məktəbdəki mövcud müəllimlər arasında bölünsün. Bu mümkün olmayanda vakansiya müsabiqəyə çıxarılır. Respublika üzrə artıq bütün fənlər üzrə 3 mindən artıq vakansiya var. Onlar Təhsil Nazirliyinə göndərilib və burada təhlili aparılandan sonra iyunun 1-dən yerdəyişmə, iyulun 1-dən isə müəllimlərin işə qəbulu üzrə müsabiqə başlayacaq.
- Bu gün Azərbaycanda dərs yükü norması (1 stavka) 12 saat, Bakıda sınaq qiymətləndirmədən keçən müəllimlərdə isə 18 saat müəyyənləşib. Müəllimlərin hər biri bu tələbatı ödəyirmi və dərs yükü norması baxımından mövcud vəziyyət necədir?
- Bu ildən Bakıda sınaq qiymətləndirmədən keçən müəllimlərin dərs yükü norması 18 saat müəyyənləşib və əməkhaqları buna uyğun olaraq 1,5 dəfə artıb. Amma bu, o demək deyildi ki, bütün müəllimlərin 18 saat dərs yükü var. Məsələn, paytaxtda 12, 14 saat dərs yükü olan müəllimlər də var. Hazırda bölgələrdə də belə vəziyyət mövcuddur. Ötən il bölgələr üzrə dərs yükü norması 6 saat götürülmüşdüsə, bu il 12 saat olub. Bölgələrdə bu gün 12 saatdan az dərs yükü olan kifayət qədər sayda müəllim var. İstəyirik ki, vakant yer müsabiqəyə təqdim edən zaman hər bir müəllimin 12 saat dərsi olsun, ondan sonra hansısa boş yer vakant olaraq çıxarılsın.
Bu gün tələb edirik ki, bölgələrdə 12 saatdan az dərs deyən müəllimlərin dərs yükü artırılsın. Müəllim ordusu kifayət qədər böyükdür. Təhsil Nazirliyinin də tapşırığı var ki, dərs yükünün optimallaşdırılması üçün heç kim işdən çıxarılmasın. Bu, müəyyən zaman alan prosesdir.

- Bakıda artıq daimi əsaslarla işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı müsabiqə aparılır. Bunun ilkin nəticələri məlumdurmu və müəllimlərin hazırlıq səviyyələri necədir?
- Bakı Şəhəri üzrə Təhsil İdarəsi tabeliyindəki ümumtəhsil məktəblərində daimi əsaslarla işləyən müəllimlərin yerdəyişməsi ilə bağlı 2 mərhələli (1-ci mərhələ ixtisas üzrə test tapşırıqlarının cavablandırılması, 2-ci mərhələ müsahibə) müsabiqə keçirir. Müsabiqədə iştirakla bağlı qeydiyyat mayın 1-dən etibarən yekunlaşıb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumtəhsil məktəblərində daimi əsaslarla işləyən müəllimlərin yerdəyişməsi ilə əlaqədar müsabiqənin I mərhələsi (test tapşırıqlarının cavablandırılması) mayın 10-da keçirilib.
Yerdəyişmə ilə bağlı müsabiqəyə Bakıda 600-ə yaxın vakant yer üzrə 259 müəllim müraciət edib. Bu rəqəmlər ötən illə müqayisədə bir qədər artıb. Ötən il paytaxtda yerdəyişməyə 300-400 vakant yer çıxarılıb. Bu il müsabiqəyə qatılan 259 müəllimdən 244 nəfəri test imtahanında iştirak edib. Bu il Bakı daxili test imtahanının nəticələri kifayət qədər yuxarı olub. Müsabiqədə maksimal bal 40 bal olub və namizəd müəllimlərin 60%-i təxminən 30-40 bal arası toplayıb. Ötən illə müqayisədə müəllimlərin göstərdikləri nəticələr yüksəlib. Belə görünür ki, həm müsabiqədə iştirak edən müəllimlər kifayət qədər güclüdür, həm də müsabiqəyə kifayət qədər yaxşı hazırlaşıblar.