Dilimizin və etnosumuzun təşəkkülü: tarixi inkişaf mərhələləri Ədəbiyyat

Dilimizin və etnosumuzun təşəkkülü: tarixi inkişaf mərhələləri

3-cü yazı

Maraqlıdır ki, bu vahidlər müxtəlif qeyri-türk dillərində də müəyyən təkamül keçmiş şəkildə mövcuddur. Məsələn, "ar" (ər, adam) komponenti "er" [ə:] şəkilçisi kimi ingilis dilində mövcuddur və bu şəkilçi müxtəlif feillərə əlavə olunaraq, həmin felin məzmunu ilə məşğul olan insanı bildirir. "Ur" (göy, dağ) komponenti isə rus dilindəki "q(or)a" (dağ) kəlməsində qorunub. Eyni dildə özündə "oz" (su) komponentini yaşadan "(oz) ero" (göl) kəlməsi də var.
Yuxarıda göstərilən sxemlərlə yaranmış bir sıra başqa sözlər də məlumdur ki, bu sözlər də eyni qəbildən olan sözlərlə ya funksional, ya da mifoloji baxımdan bağlanmaqdadır. Məsələn; VS (d) sxemi üzrə qurulmuş "öd" kəlməsi qədim türk dilində "zaman" anlamında işlənib. Zaman isə günəşlə (ud) bilavasitə bağlıdır. Eyni sxemlə yaranmış omonim mənalı bir "ud" vahidi də məlumdur ki, bu söz qədim türk dilində qoyun mənasını verib. Günəş mənasında "ud"la qoyun mənasında "ud" arasında da mifik bağlılıq qədim mənbələrdə öz əksini tapıb. Məsələn; qədim İran mifologiyasında qoyun günəşin simvoludur.
Aparılan tədqiqatlardan üzə çıxarılan faktların məntiqi təhlili nəticəsində gəlinən fikrə görə, VS sxemi üzrə qurulmuş sözlər, SV sxemi üzrə qurulmuş sözlərdən daha əvvəl yaranıb. Belə düşünmək üçün bizə "su" (SV) kəlməsinin ilkin "oz" (os, us; VS) variantına sahib olması əsas verir. E.ə. IV-III minilliyə aid Şumer yazılı mənbələrində bu söz məhz "su" (zu) formasında, yəni metatezaya uğramış şəkildə qeydə alınıb. İlkin "oz" variantına gəlincə, bu leksik vahid günümüzə "(üz)mək" felində və çay, çay qolu mənasında Turan ərazisində geniş yayılmış hindronimlərdə (məsələn; Cənubi Azərbaycandakı Qızıl (Üz)ən çayı, Qazaxıstandakı Sarı (oz)ek çayı və s.) qorunmuş vəziyyətdə gəlib çıxıb. Şübhəsiz ki, təkcə yuxarıda söylədiyimiz metateza faktı bu fikri isbat etmək üçün yetərli deyil. Ancaq məsələyə eyni məntiqlə yanaşıb "dağ" və "doğmaq" kəlmələrinin arxaik "tu" (to; SV) kökünün ilkin variantda VS sxemi üzrə qurulmuş olduğunu və "ut" (ot, VS) formasında yarandığını ehtimal etmiş olsaq, "ot" komponentinin od (atəş) mənasından başqa "dağ" və "doğmaq" kimi semantik yüklərə də sahib olduğunu söyləməli olacağıq. Bu halda isə od, dağ və doğum arasında mütləq əski bir mifik bağlılığın olması lazım gəlir.
Belə bağlılıq var və bu bağlılıq, "tu" arxaik leksik vahidinin ilkin "ut" (od) variantına sahib olduğunu təsdiq edir. Məsələn; Altay türkləri "qız ana" dedikləri od tanrısını ağ, gözəl qız və doğum ilahəsi kimi təsəvvür ediblər. Teleut türkləri də ailə ocağının qoruyucusu, doğum və bərəkət ilahəsi "od ana"nın ocaqda yaşadığına inanıblar. Od və doğum arasında mifik bağlılığı əks etdirən bu əski türk inancları haqqında tədqiqatçı N.Dırenkov məlumat verib. Od və dağ arasında mövcud olmuş analoji bağlılığı özündə əks etdirən mifik süjetlər də az deyil. Bu məsələ Mirəli Seyidovun "Azərbaycan mifik təfəkkürünün qaynaqları" əsərində öz əksini belə tapıb: "Oda inam, qeyd olunduğu kimi, əski və müxtəlifdir. Teleutlar inanırdılar ki, hər bir ocaqda yaşayan "ot – ana"dan başqa daha böyük, yüksək od tanrısı vardır. Həmin od tanrısı daşın içində yaranan oddur ki, üç ocaq sahibidir, xanıdır. Həmin yüksək od tanrısı dağ ruhu ilə birgə yaşayır. Altaylarda dağa həsr olunmuş dualarda-alqışlarda odun daşla-dağla əlaqədar olması gözə ayrıca çarpdırılır."
Əski türklərin mifik görüşlərindən söz açan Türkiyəli tədqiqatçı Əbdülqadir İnan yazır ki, əski türklər, odu yaratmağı onlara Ülgen tanrının öyrətdiyinə inanıblar. Altay əfsanələrində deyilir ki, Ülgen göydən bir ağ, bir qara daş gətirir və quru otu ovcunda əzir, daşları bir-birinə vurur, qığılcımdan od yaranır. İnsanlar ondan odu yaratmağı öyrənirlər. Əbdülqədir İnanın haqqında söz açdığı bu süjetin dəyəri ondadır ki, bu süjet od, ot (bitki) və daş arasındakı mifik əlaqəni özündə əks etdirməkdədir. Əslində isə sözügedən süjet Paleolit dövrü insanının məişətində adi bir hal olan hadisəni təsvir edir, od, ot və daş arasında real əlaqəni mifik boyalarla bəzədilmiş şəkildə təqdim edir. Şübhəsiz, yuxarıda haqqında söz açdığımız və nostratik dilin qalıqları olduğunu iddia etdiyimiz sözlərin bir qismi (ov, ev, oyuq, öy, eşik, qazma, od, ot və s.) bu gün də əvvəlki forma və məzmununu saxlamış halda bəzən isə təkamül prosesindən keçmiş halda çağdaş dilimizdə yaşamaqdadır. Bir sıra sözlər də var ki, hazırda işlənməsə də (ud, ur, ol və s.), qədim yazılı mənbələrdə qorunub. Məsələn, "ud", "ur" leksik vahidləri Şumer mətnlərində əbədiləşib ki, bu haqda bir qədər sonra söhbət açılacaq. "Ol" sözü isə "öl" formasında V-VI əsr abidəsi hesab edilən "Manixeylərin tövbə duası" mətnlərində, Mahmud Kaşğarlının məşhur "Lüğət"ində öz əksini tapıb. Türkoloq S. Malov bu sözü "yaş", "nəm" kimi tərcümə edib, M.Kaşğarlı da eyni şeyi bildirib. Tədqiqatçı Velyaminov Əlişir Nəvai¬nin bu sözü göz yaşı, nəmişlik, bəzi hallarda isə dəniz mənasında işlətdiyini qeyd edir. Şəmsəddin Sami bəy həmin kəlməni "bataqlıq" kimi tərcümə etməyi düzgün sayıb. M.Seyidov isə onun "göl" mənasını üzə çıxarıb.
Böyük dilçi alim, akademik H.Marr vaxtilə yazırdı: "...Türk dillərinin mənşəyi nəinki aydınlaşmayıb, bu məsələyə heç toxunulmayıb da. Türk dillərinin genezesi, yəni mənşəyi məsələsi əslində heç vaxt və heç kim tərəfindən diqqət mərkəzinə çəkilməyib. Hamıya bəllidir ki, türklər Asiyanın dərinliklərindən baş alıb gəliblər. Deməli, elə orada yaranıblar. Ədəbi fəallıqları ilə türklər VI əsrdən bəllidir, çinlilər isə ondan min il əvvəl də türkləri belə tanıyırmışlar, elə bunun əsasında da mütəxəssislər bizi öyrədirlər ki, Türk dilləri öz konservatizmi ilə seçilir, belə ki, VI əsrə aid abidələr müasir dövrdə də mövcud olan dialektləri özündə əks etdirirlər. Belə çıxır ki, Türk dilləri min üç yüz il ərzində, demək olar ki, dəyişilməyib. Onu da nəzərə alaq ki, Türk dilləri öz təbii mühafizəkarlığını əvvəlki minilliklərdə də hifz edə bilərdilər, yəni çinlilərin "zəhmət çəkib" onlar haqqında məlumat verdikləri dövrdə də, ondan qat-qat qədim dövrlərdə də. Bu belədir. Hələ o da məlumdur ki, əsl izahın olmaması üzündən bu səbəb başqa dillərlə əlaqədar da tətbiq edilir. Məşhur dilçi Kanqran çinlilərin dilə münasibətlərindəki mühafizəkarlığı barədə tam ciddiyyətlə yazırdı: "Qədim dilin qalmasının əsas səbəbini Çindəki ənənənin yenilməz gücündə axtarmaq lazımdır."
Lakin dillər təbiətin məhsulu deyil, dillərdə təbiətdən alınma xüsusi cəhətlər yoxdur. Hətta konservatorluğun da öz tarixçəsi var. Bir sözlə, Türk dillərinin mənşəyi məsələsi çoxdan həlli çatmış elmi problemdir. Dilin öyrənilməsində və onun tam dərkində bunsuz irəli bircə addım da atmaq mümkün deyil. Necə ki, türklərin kütləvi surətdə Asiyada yaşadığı faktı (əslində, heç bunu da demək olmaz) əsasında məhz Asiyanın onların əcdadlarının vətəni olması ideyası ilə elmi cəhətdən razılaşmaq olmaz... Aydın məsələdir ki, türklərin və türk dilinin yaranması və inkişafı taleyi ilə müqayisədə bəşəriyyətin tarixi yaddaşının çox qısa bir dövrünə aid olan faktın əsasında Asiya türklərin ana kök vətəni kimi qəbul edilə bilməz...
Belə bir məntiqi təhlildən sonra müəllif aşağıdakı nəticəyə gəlib: "Deməli, türkoloqların ümumi rəyinə görə, türk dillərini fərqləndirən belə etatik vəziyyətə və konservatorluğa nail olmaq üçün bu dillər böyük bir ictimai fəaliyyət və dinamik dil yaradıcılığı prosesindən keçməli idi." H.Marr Türk dillərinin tədqiqində Hind-Avropa dilçiliyinin metafiziki metodlarının tətbiq edilməsinə etiraz edərək yazırdı: "Bu ki, "quyu"dur və Hindavropaçıların "quyu"sundan bununla fərqlənir ki, Hind-Avropa dilçiləri öz sahələrində çox dərin qatlara gedib çıxıblar və indi yoldan dönmək istəsələr də, öz dahilərini yerlə yeksan etmədən buna nail ola bilməzlər. Öz dil sistemlərinin dərinliyinə nüfuz etməyə macal tapmamış türkoloqların "quyu"su arasında ümumi cəhət var; hər ikisinin metodu formal xarakter daşıyır; dilçi türkoloqlar canlı və zəngin materiallar ümmanında səslərin maddi reallığına əsaslanır, Hind-Avropa dilçiləri isə türklərin ayağı altında ləngər vuran insanın ilk doğuluş yerindən beş əlli yapışaraq, zəngin türk nitqini türklərin, yaxud öz sosial ənənəsinə sadiq olan digər qohum xalqların təsərrüfat və ictimai həyatı ilə üzvi surətdə əlaqələndirə bilmirlər".
Akademikin bu fikirlərinin bəzi müddəaları ilə razı olmasaq da, irəli sürdüyü iradları, xüsusən də türkoloqların türk dilini türklərin və qohum xalqların təsərrüfatı, ictimai həyatı ilə üzvi surətdə əlaqələndirə bilməmələri haqqında fikirləri ilə tam şərikik. Doğrudan da dilin ən qədim qatlarının üzə çıxarılmasında əcdadlarımızın ən qədim təsərrüfat, məişət və ictimai həyatları haqqında bilgiləri incələməyin son dərəcə böyük rolu var və məhz daş dövrü insanlarının həyat və fəaliyyətlərinin ayrı-ayrı sahələrini araşdırmaqla, bu günkü dilimizdə həmin sahələri ifadə edən sözlərin ilkin köklərini bərpa etməklə, həmin kökləri digər dillərdəki leksik vahidlərlə tutuşdurmaqla dilimizin ən qədim qatlarını, hətta nostratik dil dövrünə aid olan köklərini üzə çıxarmaq mümkündür. Bu baxımdan üzə çıxartdığımız "ov" (ev), "iz" (yazı), "ot" (od) və s. bu kimi morfemlər, eləcə də ən qədim leksik vahid kimi aşkarladığımız "o" (a, u) vahidi deyilənlərə ən gözəl sübutdur.
Akademik Marr Türk dilinin öz konservatizmi ilə seçildiyini, VI əsrə aid abidələrin müasir dövrdə mövcud olan dialektlərini özlərində əks etdirdiklərini, türk dillərinin öz təbii mühafizəkarlığını əvvəlki minilliklərdə də hifz edə biləcəklərini söyləyəndə gerçəkdən də nə qədər haqlıymış. Əminik ki, bu böyük alim 5-6 min il bundan əvvələ aid Şumer mətnlərinin dilindəki sözlərin müasir türk ləhcə və şivələrindəki sözlərlə tam uyğun olduğunu və bu uyğunluğun sistem təşkil etdiyini bilsə idi, türk dilinin mühafizəkarlıq xüsusiyyətinin minillərlə deyil, yüzminillərlə ölçüldüyünü çəkinmədən bəyan edər, özünün nostratik dil nəzəriyyəsini sırf Türk leksem və morfemləri üzərində qurar, bunun üçün dağa-daşa düşməyə ehtiyac hiss etməzdi! Türk dilinin praformasını bərpa etmək cəhdləri hələ XIX əsrin ikinci yarısında olmuş və bu işin ilk pionerlərindən biri kimi İ.Qruntsel çıxış edib. O belə bir fərziyyə irəli sürürdü ki, guya ilk çağlarda Türk dillərində üç sait olub (a, i, u). Onun ardıcıllarından olan M. Çerkasski də 1965-ci ildə eyni fikri ifadə etmişdi. Sonralar həmin müəllif diqqətini Orxon-Yenisey yazılarına tutmuş və həmin saitlərin sayını dördə (a, i, u, ü) "çatdırmışdı". Şübhəsiz ki, bu fərziyyələrin heç bir elmi əsası yoxdur, çünki bu abidələr üzrə görkəmli mütəxəssis V.Tomsen hələ 1893-cü ildə qeyd edib ki, Orxon-Yenisey yazılarında 4 sait işarəsi olsa da, bu işarələr müxtəlif kontekstlərdə o dövrdə mövcud olmuş 8 sait səsi ifadə edirdi.

Bəxtiyar Tuncay