Qədim və zəngin mədəniyyətə malik türklər Ədəbiyyat

Qədim və zəngin mədəniyyətə malik türklər

4-cü yazı

"Manas" qəhrəmanlıq dastanıdır. Əsər üç bölmədən ibarətdir. Birinci bölmə Manasın, ikinci bölmə onun oğlu Semeteyin, üçüncü bölmə isə nəvəsi Seytekin mübarizələrini əks etdirir. Manas dastanın baş qəhrəmanıdır. Tədqiqatçılar onun tarixi şəxsiyyət olduğunu təsdiqləyirlər. Üç hissədən ibarət dastanda irili-xırdalı yüzlərlə obrazın olmasına baxmayaraq, demək olar, bütün hadisə və obrazlar bu və ya digər formada Manasla əlaqələnir. Manas obrazı timsalında xalq öz azadlıq istəklərini, düşmənə qələbə çalmaq, birləşmək arzularını və s. əks etdirib, bu ideal obrazın ətrafında birləşib. Dastanda Manasın anadan olmasından ölümünə qədər olan bütün həyatı öz əksini tapa bilib. Lakin onun ölümündən sonra da hadisələr oğlu Semeteyin və nəvəsi Seytekin mübarizələri fonunda davam edib.
Dastanın baş qəhrəmanı olan Manas qeyri-adi qəhrəmandır. Onun qeyri-adiliyi anadan olduğunu gündən başlayıb, ömrünün sonuna qədər davam edir. Manas hələ anadan olmamış atası Yakıp (Yaqub) yuxu görür, arvadı Çıyırdı xatunun belinə bir yay bağlayaraq oğlunun doğulacağı günü gözləyir. Doğulan uşağın adını Manas qoyurlar, amma bu adı gizli saxlayırlar. Çünki Çin hökmdarı Əsən xanın kahinləri Manas adlı uşağın dünyaya gələcəyi və düşmənlərin cəzasını verəcəyini qabaqcadan xəbər vermişdilər. Buna görə də düşmənlər hər yerdə Manas adlı uşağı axtarır, onu tapıb öldürmək istəyirlər. Manas beşikdə ikən atasına düşmənlərdən qisas alacağını söyləmişdi.
Böyüdükdən sonra o, xan seçilir, oxdəlməyən zirehini geyib, heç bir atın keçə bilmədiyi Akbozu minib düşmənlər üzərinə gedir. Kalmık xanı Alooke xanın qırğızlara etdiyi zülmə son qoymaq üçün mübarizəni davam etdirir. Manas mübarizədə tək deyil. Kalmık xanı Qaraxının oğlu Almambet və Kökötöy Manasın ən yaxın silahdaşlarından biridir. Almambet atasından üz döndərərək müsəlmanlığı qəbul etmiş və Manasa sığınmışdır. Manas öz igidləri ilə birlikdə düşmənlərdən qisas alır, Ala-Tooya, Çinə və s. yürüş edir, Alooke xanı, Şooruk xanı məğlub edir. Manasın ölümündən sonra Semetey Talasa gəlir və hakimiyyəti ələ alır. O da atası kimi qırğız xalqının müdafıəçisi rolunda çıxış edir. Semetey İlyas xan tərəfindən öldürüldükdən sonra hakimiyyətə Seytek sahib çıxır. Bundan sonra baş verən hadisələr dastanın üçüncü hissəsinə aiddir.
Dastanda Manasın həyat yoldaşı Kanıkey xatun ideal obraz təsirindədir. Maraqlıdır ki, bu obraz Manas öləndən sonra da dastanın digər 2 hissəsində əsas rolda çıxış edir. Məsələn, o, Manas öləndən sonra dövlətin taleyini düşünür, oğlu Semeteyi qorumaq üçün planlar düşünür, onu Teymur xanın yanına gətirərək təhlükəsizliyini təmin edir. Nəvəsi Seytek zamanında da düşmənlərə nifrətini gizlətmir və buna görə düşmənlər tərəfındən əsir saxlanılır. Sonda isə Seytek onu əsirlikdən azad edir.
"Manas" möhtəşəm bir qəhrəmanlıq dastanı olmaqla yanaşı, İslam dini ideyalarının, türk əxlaqı, düşüncəsi, adət-ənənələri, məişət tərzi və s. təbliği baxımından da əhəmiyyətlidir.
Ümumiyyətlə, formalaşdığı zaman və məkandan asılı olmayaraq, türk dastanları milli-estetik təfəkkür daxilində inkişaf edərək funksional bağlılığı təmin etmiş və epos mədəniyyətimizin yüksəkliyini təsdiqləyib.

Mahmud Kaşqarlı

Mahmud Kaşqarlı (Mahmud ibn Hüseyn əl-Kaşqari) türk dilinin ilk sözlüyünü ("Divani lüğət-it türk"), ilk dil bilgisi kitabını ("Kitabü Cevahirin-nəhv fı lüğət-it türk") yazmaqla türkün dili, ədəbiyyatı, mədəniyyəti, tarixi, coğrafıyası, dünya xalqları arasında mövqeyi və s. barədə müfəssəl fikir formalaşdıran və bu istiqamətdə əhəmiyyətli dərəcədə rolu olan XI əsrin görkəmli şəxsiyyətidir. O, 1008-ci ildə əsilzadə ailəsin¬də dünyaya göz açıb. Mahmud Kaşqarlının soyu 932-ci ildə İslam dinini qəbul etmiş ilk türk hökmdarı Əbdülkərim Satuk Buğra xanla bağlıdır. Satuq Buğra xan tarixdə təkcə islamı qəbul edən ilk türk hökmdarı kimi deyil, eyni zamanda regionda mükəmməl türk-islam ədəbi-fəlsəfi, mənəvi-psixoloji düşüncə sistemini formalaşdıran şəxsiyyət kimi də tanınıb.
Mahmud Kaşqarlının atası Hüseyn ibn Məhəmməd Barsqan əmiri olub. Hüseyn ibn Məhəmməd Əbdülkərim Satuk Buğraxanın 992-ci ildə Buxaranı ələ keçirən nəvəsi Əbül Həsən Harun Kılıç Buğra xanın nəvəsidir. Mahmud Kaşqarlının anası isə Qaraxanlılar dövlətinin görkəmli alimi Xoca Seyfəddin Büzürgvarın qızı Rəbiə xatun olub. Mahmud Kaşqarlı türkün ictimai-siyasi həyatında əhəmiyyətli tarixi rolları olan ulu babaları ilə fəxr etmiş və belə bir şəcərəyə mənsubluğundan qürur duyub. Onun yüksək təhsil alması, gözəl danışıq qabiliyyətinə sahib olması, bacarığı, fərasəti ilə fərqlənməsi və s. barədə dəqiq məlumatlar mövcuddur. Bu ilk növbədə Mahmud Kaşqarlı ilə bağlı "Divani lüğət-it türk"də bir sıra məlumatların əldə olunması ilə əlaqədardır. Lakin onun anadan olduğu yer barədə əsərdə konkret məlumata rast gəlmək mümkün deyil. Bu da özlüyündə müəyyən mübahisə predmetinə çevrilib, Mahmud Kaşqarlının doğulduğu məkanla bağlı müxtəlif versiyaların meydana gəlməsinə səbəb olub. Bəziləri onun atası Hüseynin Barsqanlı oldu¬ğunu nəzərə alaraq Mahmud Kaşqarlının da Barsqanda anadan olduğunu iddia edirlər. Digər mülahizələrə görə isə o, Qaraxanlıların mədəniyyət mərkəzi hesab olunan Kaşqardan bir qədər uzaqda yerləşən Opal kəndində anadan olub. Bu faktı təsdiq edənlər onun Opalda Həmidiyyə və Saciyyə mədrəsələrində təhsil alması üzərində xüsusi dayanır, məhz mədrəsədə ona dərs demiş Şeyx Hüseyn ibn Xələf əl-Kaşqarinin adının "Divani lüğət-it türk"də hörmətlə çəkilməsini təsadüfi hesab etmirlər. Onun bilavasitə Kaşqarla bağlı olması isə müxtəlif şəkildə izah olunur. Qeyd edək ki, o, Kaşqarı mədəni mərkəz və təbii gözəlliklərinə görə fərqlənən bir diyar şəklində tərif etsə də, bir çox tədqiqatçıların dediyi kimi (məs. Şükrü Haluk Akalın) "özünü Kaşqarı, əl-Kaşqarı kimi insanlarla anmayıb". Onun Kaşqarlı kimi anılması bilavasitə Kaşqar mədəni mərkəzində formalaşmasından irəli gəlib. Düzdür, "Divani lüğət-it türk" əsərinin əvvəlində "Telifi Mahmud bin el-Hüseyn bin Muhammed el-Kaşqari" ifadəsinə rast gəlinsə də, bu ifadənin əsərin əsl nüsxəsində olmasına şübhə edilir. Lakin həmin ifadənin əsərin əldə olunan yeganə nüsxəsinin üzünü köçürən Məhəmməd ibn Əbubəkr ibn Əbülfəth və əsərə müəyyən izahlar vermiş Xətibzadə tərəfindən əlavə olunub-olunmadığı məlum deyil.
Mahmud Kaşqarlı Qaraxanlılar dövlətinin mədəni mərkəzi Kaşqara ürəkdən bağlansa da, bu şəhəri tərk etməsinin kökündə saray ziddiyyətlərinin dayanması inkaredilməzdir. Mahmud Kaşqarlının 1032-1057-ci illərdə hakimiyyətdə olmuş babası Məhəmməd Buğra xan 1057-ci ildə hakimiyyəti oğlu Hüseyn Çağrı Tiginə (Şəmsidövlə Arslan İlig) təhvil verir. Məhəmməd Buğra xanın ikinci arvadı isə taxtın oğlu İbrahimə verilmədiyi üçün bundan narazı qalır və taxtaçıxma mərasimi zamanı yeməklərə zəhər qataraq əri ilə yanaşı bir çoxlarını da zəhərləyərək öldürür. Zəhərlənmə nəticəsində Mahmud Kaşqarlının atası da ölür. Hakimiyyətə Məhəmməd Buğranın ikinci arvadından olan oğlu İbrahim sahib çıxır. Qeyd edək ki, İbrahim hakimiyyətdə çox qalmayıb, o, anasının təhriki ilə Barsqan əmiri Yınal Tiginə müharibə elan edib, nəticədə məğlub olub və döyüşdə ölüb. Mahmud Kaşqarlının gözləri önündə baş vermiş bu cür saray ziddiyyətləri və ailə faciələri onun həyatında ağır izlər buraxıb, 49 yaşlı şəxsiyyətin doğma diyardan uzaq düşməsinə səbəb olub. Güman ki, saray və ya digər yerlərdə zəhərlənmiş yeməkləri müəyyənləşdirməkdən ötrü Çindən gətirilən ağac köklərindən hazırlanmış əşya-çatu haqqında məlumatın "Divanü lüğat-it türk"də əksini tapmasında bu olayların da təsiri olub.
1057-ci ildə vətəni tərk edən Mahmud Kaşqarlı Pamir dağlarını aşaraq ətrafda yerləşən türk torpaqlarını qarış-qarış gəzmiş, fürsətdən istifadə edərək türklərin məişəti, həyat tərzi, dili, mədəniyyəti, ədəbiyyatı və s. barədə müfəssəl məlumatlar toplaya bilib. Bunlar da özlüyündə onun "Divan"ı üçün vacib mənbə rolunu oynayıb. Bu illərdə İran və İraqa səfər etməsi barədə də fikirlər söylənilir. Digər tərəfdən onun ərəb, fars, yunan dillərini öyrənməsi, türk milli-mənəvi dəyərlərini əks etdirən nümunələr üzərində işləməsi, mədrəsələrdə dərs deməsi Mahmud Kaşqarlının çətin, əzablı, gərgin, məhsuldar ömür yolu keçməsindən xəbər verir.
Mahmud Kaşqarlının Səlcuq sultanı Məlikşahın həyat yoldaşı Cəlaliyyə Terken xatunla eyni soydan olması onun Səlcuq sarayındakı mövqeyinə böyük təsir göstərmişdir. Hətta Mahmud Kaşqarlının Bağdada Cəlaliyyə Terken xatunla bərabər getdiyi bildirilir. Qeyd edək ki, Sultan Məlikşah qızı Mahmələyi Bağdad xəlifəsi Muktədi Biəmrullaha (1059-1094) verdiyi üçün Terken xatun Bağdada vaxtaşırı gedib və onu müşayiət edənlər sırasında Mahmud Kaşqarlı da olub. Görünür, Mahmud Kaşqarlının xəlifə ilə münasibətlərinin yaxınlaşmasında, "Divani lüğət-it türk"ün ona ərməğan edilməsində və əsərdə xəlifənin şərəfinin uca tutulmasında bu amilin böyük təsiri olub. "Bana sonsuz bir ün, bitmez-tükenmez bir kaynak sağlaması dileğiyle bu kitapı yazdım ve Tanrıya sığınarak adını "Divanü lüğat-it türk" koydum. Kutsal Peyğamberin postunda oturan, Ha- şimi soyundan ve Abbasoğullarından gelen Tanrının halifesi Ebül-Kasım Abdullah ibn Mühammedül Muktedi Biemrullah katma armağan etdim."
Mahmud Kaşqarlının Bağdaddan doğma elinə nə zaman qayıtması birmənalı təsdiqlənməyib, müəyyən mübahisələr doğurub. Amma belə bir fikir mövcuddur ki, o 1080-ci ildə Bağdaddan Kaşqara gəlib, Kaşqarı qısa zamanda tərk edərək doğma kəndi hesab olunan Opala gedib. Mahmud Kaşqarlı burada Mahmudiyyə mədrəsəsi açaraq ömrünün sonuna qədər müəllimlik edib. Doğma kəndinə gəlməkdə məqsəd burada həm işləmək, həm də ölərkən bu torpaqda dəfn edilmək arzusu olub. Mahmud Kaşqarlı 1105-ci ildə vəfat etmişdir. Onun qəbri Opal kəndinin şimali-qərb hissəsinin 4-cü km-də yerləşir. "Mahmud Kaşqar- lrnrn qəbri" sözləri yazılmış məzar daşı üzərində doğum tarixi 1008-ci il, vəfatı isə 1105-ci il kimi göstərilsə də, onun ölüm tarixi ilə bağlı bir neçə variant mövcuddur. Əlbəttə, 1105-ci il Mahmud Kaşqarlının daha çox qəbul olunan ölüm tarixi kimi təsdiqini tapsa da, mənbələrdə digər variantlara da (1084, 1085, 1090) rast gəlmək mümkündür.

Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor