Muxtar Auezovun hekayələrində kompozisiya -  2-ci yazı Ədəbiyyat

Muxtar Auezovun hekayələrində kompozisiya -  2-ci yazı

Qazax yazıçısı Muxtar Auezovun 20-30-cu illər hekayələri bir-birinə oxşar mövzu, süjet xətti və kompozisiya istiqamətində birləşsə də, onların arasında fərqlər də az deyil. Məsələn, "Səhra hekayələri" silsiləsində əsas hadisələrdən əvvəl nəzərəçarpacaq başlanğıc - kompozisiya ortada olsa da (burada müəllif, M.Lermontov, M.Şoloxov və başqa sənətkarlarda olduğu kimi, hekayə içində hekayə priyomundan istifadə edir), yalnız bundan sonra əsas konflikt bağlanır. M.Auezovun bir sıra əsərlərindəki belə kompozisiya xüsusiyyəti onun epik poemalarındakı ənənəvi başlanğıc və şifahi hekayətlər ənənəsi ilə bağlıdır. Burada onu da nəzərə almaq lazımdır ki, müəllif "Səhra hekayələri" silsiləsi novellalarında oxuculara səhra cigiti barədə danışacağını söyləməklə həm də əsərin xalq hekayətləri ilə bağlılığı haqqında mesajlar verir. Yazıçının belə bədii priyomlardan istifadəsi, yəni folklor ənənələri poetikasından yararlanması heç də görüntü üçün deyil, əksinə, o, yeni keyfiyyətdə göz önündə canlandırılma, yeni sosial-tarixi mühitə özünəməxsus şəkildə yanaşma xüsusiyyətlərini nümayiş etdirməyi qarşıya məqsəd qoyur.
M.Auezov 20-30-cu illər nəsrində heç də yalnız qeyd etdiyimiz bədii priyomlardan istifadə etmir. Müəllifin həmin dövrdə yazdığı əsərlərinin poetikasının mürəkkəbliyi və özünəməxsusluğu sanki onun erkən "Müdafiəsizin günü" hekayəsində daha çox konsentrasiyaya uğrayır. Bu, qazax cəmiyyətinin təsvirində həm də digər imkanlar açmaq baxımından maraq kəsb edir. "Müdafiəsizin günü" hekayəsinin timsalında M.Auezovun poetikasının mühüm xüsusiyyətləri - konsepsiyanın strukturu və süjetin hərəkəti, konflikt və reallıq, obrazların mahiyyəti və bu cərgədə olan realist simvola qədər qalxmış bədii detalların doldurulması, peyzajın rolu, janr özünəməxsusluğu, epik təhkiyə və s.-dən ibarətdir.
Biz yuxarıda M.Auezovun ədəbi fəaliyyətə sanki yetkin yazıçı kimi başladığından söhbət açmışdıq. Burada isə qeyd edək ki, 20-ci illərin ortalarında onun ideya-bədii yüksəlişi daha çox göz önünə gəlir. Çünki bu dövrdəki hekayələrdə ədib elə yetkin, mübariz obrazlar, xalq hərəkatının azadlıq uğrunda mübarizəsini əzab-əziyyətlər görüb, xalq içərisindən çıxmış elə personajlar yaradır ki, bu əsərlər janr təyinatından asılı olmayaraq (esse, yaxud novella olsun) geniş epik mənzərələri ortaya qoymaqla roman janrına daha çox meyil edir. Hekayələrində olduğu kimi, bu onun povestlərində də yaradıcılıq axtarışları olub, ideya-bədii düşüncəsinin yeni pilləsi kimi məntiqi axarına düşür. Yeri gəlmişkən qeyd edək ki, qazaxlarda povestin 20-ci illərdə bir janr kimi yaranması milli ədəbiyyatda mühüm hadisə idi. M.Auezovun povestlərinin poetikasına nəzər saldıqda onu da görmək çətin deyil ki, bu poetika ən prinsipial məqamlarda erkən hekayələrin poetikası ilə səsləşir. Lakin burada mühüm bir məqam ondan İbarətdir ki, janr qarşısında daha geniş vəzifələr qoyulduğundan həm tipoloji, həm də xüsusi halda povest janrının poetikası yeni xüsusiyyətlər əldə edir. Çünki M.Auezovun hekayələrində həyatın hansısa fraqmenti əks olunursa, "Aşırımda atəş", "Qəddar illər" və digər əsərlərdə ətraf aləm hərəkətdə, dinamikada olması ilə yanaşı, həm də qəhrəmanların içində, dünyabaxışlarında yer almış qədim təkamüllə bağlıdır. Elə buna görə də "Aşırımda atəş" Bəxtigülün süjeti, Bəxtigülün özü isə "Aşırımda atəş"in süjetidir. Buna söz oyunu kimi baxmaq da düz olmazdı. Çünki əsərlə yaxından tanış olduqda biz gerçəkliyi Bəxtigül obrazının köməyi ilə dərk edirik ki, gerçəkliyin özü də Bəxtigülü ortaya çıxarmışdır. Gerçəklik burada epoxanın dərki kimi özünün inkişafı və ziddiyyətləri fonunda gedir. Bəxtigülün azad olması üç səviyyədə: mənəviyyat, əxlaq və sosial istiqamətlərdə gerçəkləşir. Qəhrəmanın özünün təkamülü "Aşırımda atəş"in kompozisiyası ilə müəyyənləşir. On fəsildən ibarət olan bu povest kompozisiya və məna-məzmun planında iki yetərincə müstəqil hissəyə bölünür ki, o hissələrdən hər biri Bəxtigülün inkişafının yeni mərhələsi kimi yaddaşlara hopur. İkinci hissədə qəhrəmanın təkamülü daha geniş sosial fonda getməklə həm də onun şəxsi konflikti sosial məzmunla doldurulur. Məhz bu əsərdə yazıçı xalq obrazını daha geniş planda təqdim etməklə bu obrazın qəhrəmanın baxışlarının formalaşmasına necə təsir etdiyini ön plana çəkir. Y.Lizunova haqlı olaraq söyləyirdi ki, yazıçının "Aşırımda atəş"inin üslubu tarixi gerçəkliyi təsvir etmək və inqilabaqədərki qazax aulunda gedən sinfi mübarizənin özünəməxsusluğunu qazax ədəbiyyatında göstərməklə onun bədii prinsiplərini zənginləşdirdi.
Hekayələrindən fərqli olaraq, iri nəsr əsərlərində M-Auezovun istedadının mühüm tərəfləri daha tam şəkildə realizə olunurdu. Çünki burada yazıçının epik planlı ədib olması ilə yanaşı, dərin psixoloji xarakteri getdikcə daha relyefli görünürdü. Povestlərdə xalq şüurunun dirçəlişinin mürəkkəb prosesləri gedirdi. M.Auezovun 20-ci illər nəsrindən bəhs edərkən "Aşırımda atəş"lə eyni vaxtda yazılmış "Qəddar illər" əsəri ədibin həmin dövr yaradıcılığının nəticəsi kimi dəyərləndirilməlidir. Qeyd etmək yerinə düşər ki, "Qəddar illər" nəinki M.Auezovun, həm də nəzərdən keçirdiyimiz dövr qazax realist povestinin və romanının birinci ən çoxsaylı qəhrəmanlı əsərlərindən olmaqla kollektiv qəhrəman yaradılmasının aktual problemini həll etmək baxımından təqdirəlayiqdir. Burada əsərin başlıca mövzusunun maraqlı məsələyə həsr olunduğunu söyləmək daha önəmlidir. "Qəddar illər"in ideya-süjet bazası kimi müəllif 1916-cı ildə Qazaxıstanda, Qırğızıstanda və bütövlükdə Orta Asiyada gedən prosesləri daha realist boylarla təsvir edib oxuculara çatdırmağı qarşıya məqsəd qoymuşdur. Burada müəllifin əsas məqsədi üçün, bir tərəfdən, çarın qazaxların ağır işlərə göndərilməsi ilə bağlı fərmanı idisə, digər tərəfdən daha dərində duran problem çarizmin müstəmləkəçilik siyasətinə qarşı xalq qəzəbinin partlayışı idi. Eyni zamanda xalqın ikiqat işğal - müstəmləkə boyunduruğu altında qalmasına qarşı qiyamı idi. Əsərin başlıca mövzusu xalq taleyi, milli tale məsələsidir. Burada M.Auezov tərəfindən işlənmiş qazaxların milli azadlıq mübarizəsi konsepsiyasında səhradakı müstəmləkəçilik faciəsinin tükürpədici mənzərəsi yaradılır. Roman elə qurulub ki, M.Auezovun dili ilə sanki bütün səhra danışır. Burada müəllif çoxsaylı görümlü portretlər qalereyası yaratmaqla özünün həqiqətə, insana və öz xalqına sevgisini ifadə edir. Təsadüfi deyil ki, iki başlığı - sərlövhəsi olan bu əsər həm də özündə dramatik məna ehtiva edir. "Qəddar" bu kontekstdə "mürəkkəb", "dönüşlü" və "gərgin" anlamlarına gəlir. Belə ad yazıçı tərəfindən seçilmiş tarixi dövrün özünü xarakterizə edirsə, ikinci başlıq, sərlövhə əsərin əsas məzmununu açmağa xidmət edir. Burada söhbət itaətkar alban tayfasının, xalqın qiyamından gedir: belə olduqda əsərin özündə ziddiyyət və dramatik uyğunsuzluq ortaya çıxır. Müəllif bir tərəfdən Qarqarın gözəlliyini və zənginliyini tərənnüm edirsə, digər tərəfdən belə səssizlik və sakitlik şəraitində dramatik hadisələrin bir-birini əvəzlədiyi təsvir olunur.
Əsərdə qəhrəmanlar bir-birinə qarşı mövqedə dayanırlar. Bunlardan birincilər - İbray, Canseyid, Ospan bəylik təbəqəsinə mənsubdurlarsa, ikincilər öz dünyagörüşünə (Serikbəy, Dövlət bəy, Aubəkir, Rəhimbəy), üçüncülər - yerli yüksək təbəqədən olanlar və çar hakimiyyəti nümayəndələridir ki, onların sırasında Rəhimbəy, Tunqatar, Daz Peysər və müstəntiqi qeyd etmək olar. Adı çəkilənlərin həyata baxışları və inamlarının üst-üstə düşməsi alban tayfasının dramatizmini müəyyənləşdirməklə onların hansı situasiyaya düşdüklərini göstərir. Müəllif burada alban tayfasına, qədim qazax tayfasına yetərincə diqqət yetirməklə onların məiişətini, yaylaq həyatını, otlaqlarını, halını, xasiyyətini təsvir edir.
"Qəddar illər" itaətkar alban tayfasının öz torpaqlarından qovulması kimi dramatik səhnə ilə sonuclansa da, əsər xalq gücünün bütün tərəflərinin nümayiş etdirilməsi ilə nikbinlik yaradır. "Qəddar illər"in tarixi özülü güclü olmaqla əsər uğurla həm də sənədli hekayətə çevrilib, bədiiliyin hədləri qorunub. Bu əsərə xronikallıq çərçivəsi yaddır. Sənətkarın təfəkkürü qazax cəmiyyətinin xeyli xüsusiyyətlərini özündə əks etdirən realist xarakterlərlə əhatələnib. Əsər son dərəcə geniş ümumiləşdirmələrlə zəngindir. Müəllif üçün hər hansı faktın konstatasiyası əsas deyil. Əsas odur ki, o, tarixdə baş vermiş hadisələri geniş tarixi perspektivdə yarada bilib. Auezovun yazıçılıq məharəti ondadır ki, tarixdə analoqu olmuş hadisə onun tərəfindən povest-roman janrında cəmiyyətin müəyyən həyat kəsimində bədii ümumiləşdirmələr səviyyəsinə qaldırılır. "Qəddar illər"də Auezov nəinki fərdiləşdirilmiş obrazlar yaradır, həm də insanların şüurunda gedən mühüm dəyişiklikləri təsvir edir. Eyni zamanda yazıçının məharəti özünü onda da nümayiş etdirir ki, o, tarixi hadisələri sadələşdirmir. Çünki Auezovun düşüncəsində xalq yetərincə mürəkkəb və çoxplanlı hadisə kimi təsvir olunur. Bununla yanaşı, müəllif milli xarakterin bir çox tərəflərini, xalqın çoxtərəfli simasını, müxtəlif təbəqələrin tipik xarakterini ümumi ideallar uğrunda irəliyə, müstəqilliyə, azadlığa canatmalar kontekstində göstərir. Əsərdəki obrazlar sistemi geniş psixoloji düzüm, sıra əmələ gətirir ki, burada XX əsrin əvvəlləri qazax aulundakı həyat öz dərin realizmi ilə yaradılır. Hər bir ictimai qrupun mərkəzində iki baş qəhrəman dayanır. Onlardan hər biri öz ətrafına can atma və cəhdlərini daha tam şəkildə ifadə etməyə çalışır. Digər personajlar isə sanki "nərdivan", "pillələr" şəklində yerləşdirilməklə öz "liderlərinin sosial, mənəvi və fəlsəfi səciyyəsini tamamlayırlar. Əgər Daz Peysər və Tunqatar bir sosial qrupun "dönmə, fırlanma mərkəzi"dirsə, Camenke və Uzaq digərininkidir. Əgər birincinin ideoloqu Tunqatar olub, onun hərəkətverici qüvvəsi Daz Peysərdirsə, ikincininki, müvafiq olaraq, müdrik Camenke və Uzaq batırdır. Qəhrəmanlarının tərkibinə, formasındakı harmoniyasına, epik genişliyinə görə və həcm baxımından bu əsər, yuxarıda söylədiyimiz kimi, roman janrına daha çox yaxındır. Struktur məqsədyönlülüyü M.Auezovun nəinki hekayələrində, həm də povestlərində nəzərəçarpan cəhətdir. Harmoniya hissi nəinki təkrarlanan peyzaj və detallara, həm də öz məna sferasını genişləndirən hər bir elementə, qəhrəmanlar sisteminə öz möhürünü vurmaqdadır.

Nizami Tağısoy
Filologiya üzrə elmlər doktoru, professor