“Siyasi səhnədən çəkilin” Siyasət

“Siyasi səhnədən çəkilin”

Bahar Muradova: "Radikal müxalifət sosial dayağa və praqmatik fəaliyyətə malik deyil"

"Radikal müxalifətin özünün fəaliyyəti elə mətbuat üzərindədir. Çünki onlar nə normal - səmərəli fəaliyyətə, nə də sosial dəstəyə malikdirlər. Ümumiyyətlə, cəmiyyət radikalizmi qəbul etmir, ona görə də radikal müxalifət xalqdan heç bir dəstək ala bilmir".
Bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü, Milli Məclis sədrinin müavini Bahar Muradova hakim partiyanın rəsmi saytına müsahibəsində deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra mövcud mühitdən istifadə olunaraq bir sıra siyasi cərəyanlar yarandı: "Təəssüflər olsun ki, bu sırada radikallar da özlərinə yer tutdu. O zamankı hakimiyyət boşluğunun nəticəsində radikal düşərgə nümayəndələri özləri iqtidar oldular. Amma onlar nəinki xalqın dəstəyini qazana bilmədilər, hətta qısa müddət sonra cəmiyyət tərəfindən qəbul edilmədilər. Hadisələr göstərdi ki, Azərbaycan cəmiyyəti radikalizmi tamamilə inkar edir. Amma radikal müxalifət başqa yol və vasitə bilmədiyindən, həmçinin normal fəaliyyət mexanizminə malik olmadığından dağıdıcılıqdan imtina etmədi. Odur ki, bu gün cəmiyyətdən dəstək ala bilməyənlər bu dəstəyi ölkə sərhədlərindən kənarda axtarır, bu və ya digər dairələrə üz tuturlar. Məsələn, bəzi ölkələrdə baş verən dağıdıcı hadisələrin, ictimai-siyasi kataklizmlərin surətini qiyabi olaraq - mətbuat üzərindən Azərbaycana köçürməyə çalışır, antimilli çağırışlarla çıxış edirlər. Lakin anlamırlar ki, nə Ukraynada, nə də ərəb ölkələrində baş verən hadisələri süni şəkildə Azərbaycana köçürmək mümkün deyil".
Bahar Muradova qeyd edib ki, hər bir ölkənin özünəməxsus ictimai-siyasi reallıqları mövcuddur və proseslər, hadisələr bu reallıqlar əsasında baş verir: "Azərbaycan dinamik inkişafa və möhkəm ictimai-siyasi sabitliyə malik olan ölkədir. Həmçinin xalqın mütləq əksəriyyəti ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən inkişaf siyasətini dəstəkləyir. Başqa sözlə, xalq-iqtidar birliyi milli inkişafımızın əsasını təşkil edir. Ona görə də ölkəmizdə bu cür cəhdlər heç bir nəticə verə bilməz. Nəticə etibarilə, radikal müxalifət sosial dayağa və praqmatik fəaliyyətə malik olmadığından siyasi səhnədən çəkilməlidir. Biz bunu beynəlxalq təcrübədə - bir çox ölkələrin nümunəsində müşahidə etmişik. Bu, artıq mütləq zərurət kimi çıxış edir".
Bahar Muradova Azərbaycanda son dövrlər bəzi dini təriqətlərin təsir dairəsinin genişlənməsindən də danışıb. Bildirib ki, təəssüflər olsun ki, dini zəmində bəzən mənfi hallara rast gəlinir - ya dindən siyasi vasitə kimi istifadə olunur, ya da ayrı-ayrı dini qruplaşmalar, təriqətlər milli maraqlara və ictimai dəyərlərə zidd əməllərlə çıxış edirlər: "Bu, əslində, bir çox cəmiyyətlərə xas haldır. Hətta ayrı-ayrı ölkələrdə dini zəmində qarşıdurma və ziddiyyət yaradılması cəhdlərinə rast gəlinir. Müəyyən dini təriqətlərə qoşulmuş şəxslər, xüsusilə də gənclər ayrı-ayrı ölkələrə gedərək silahlı mübarizələrə qoşulurlar. Şübhəsiz, dövlət bu istiqamətdə müvafiq tədbirlər görür. Həm cinayət məsuliyyətinin müəyyən olunması, həm də dini maarifləndirmə işinin ardıcıl olaraq aparılması təqdirəlayiq hal kimi qiymətləndirilə bilər".