“AXCP əziyyətini çəkələr Əli Kərimlinin “Domokl qılıncı”nı əlində tutmuş olduğu gilyotinə tuş gəliblər” Siyasət

“AXCP əziyyətini çəkələr Əli Kərimlinin “Domokl qılıncı”nı əlində tutmuş olduğu gilyotinə tuş gəliblər”

Elşən Musayev: "İnsanların keçmiş fəaliyyəti, əqidəsi, getdiyi yol qiymətləndirilmir"

Mehman Muradlı: "Әdliyyә Nazirliyi AXCP-nin dövlәt qeydiyyatını lәğv elәməlidir"

Əli Kərimlinin AXCP-də yaratdığı anti-demokratik vəziyyətə etiraz olaraq avqustun 19-da keçmiş sədr müavini Razi Nurullayevin liderliyi ilə AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini təşkil edən cəbhəçilər AXCP-nin idarəçiliyində təşəbbüsü Əli Kərimlidən alacaqlarını elan etdilər. Keçmiş partiya funksionerləri bunun üçün hüquqi yollara baş vuracaqlarını da açıqladılar. R. Nurullayevin təşəbbüsünün sözügedən partiyaya təsirləri barədə danışan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, AXCP-nin bu günəcən gözlə görülən formada bir neçə yerə parçalandığını vurğulayıb. AXCP-nin uçurumun dibində olduğunu deyən E. Musayevin sözlərinə görə, ömrü boyu AXCP əziyyətini çəkən insanlar bu gün Əli Kərimlinin "Domokl qılıncı"nı əlində tutmuş olduğu gilyotinə tuş gəliblər: "İnsanların keçmiş fəaliyyəti, əqidəsi, getdiyi yol qiymətləndirilmir. Yalnız burada iki adam – Əli Kərimli və Fuad Qəhrəmanlı məsələləri diktə edirlər. Nə var ki, əllərində möhür var, nizamnamə bunlardadı və AXCP adını illər boyunca mənimsəyiblər. Uzun illər Razi Nurullayev kimi bir çox insan partiya idarəçiliyinin Əli Kərimlidən alınması barədə düşünüblər. Siyasi mühitdə qarışıqlıq yaranmasın deyəmi, yaxud öz xislətlərindən gələn bir məsələ olubmu, hər nə olubsa, bu məsələnin üzərindən səthi keçilib. AXCP-də bu gün real cəbhəçilərdən heç kəs qalmayıb. Elçibəyin üst-üstə 15 müavin və müşaviri olub. Bunların heç biri bu gün partiyada yoxdu. Qarşı tərəf iddia edir ki, bunlar satılıblar, xəyanətkardırlar. Hamı birdən satıla bilməz axı! Bunu demək, əslində Elçibəy siyasətini, onun özünü inkar etməkdir. Burada söhbət insanların AXCP-dən yox, Əli Kərimlidən inciməsindən gedir, söhbət hansısa ideoloji xəttin imtinasından yox, Əli Kərimlidən imtinadan gedir. Artıq cəbhəçilər Əli Kərimlinin yalnış siyasətinə dözmürlər və açıq formada fikir bildirməyə başlayıblar. Razi Nurullayev də həmin kütlənin başında gedən öncüllərdən biridir. Bir fakt var ki, AXCP adı Əli Kərimlinin haqqı deyil. Odur ki, sədrə qarşı başlamış prosesdə ədalət zəfər çalacaq".
Hhüquq müdafiəçisi Mehman Muradlı da məsələyə münasibət bildirib. Onun fikrincə, Әdliyyә Nazirliyi AXCP-nin dövlәt qeydiyyatını lәğv elәməlidir: "Kobud qanun vә nizamnamә pozuntusu var".. M. Muradlı bildirib ki, "Siyasi partiyalar haqqında" Azərbaycan respublikası qanununun 20 aprel 2012-ci ildə dəyişikliyinə əsasən, siyasi partiyanın ali rəhbər orqanı siyasi partiyanın beş ildə bir dəfədən az olmayaraq keçirilən qurultayıdır: "AXCP-nin son qurultayı 25 sentyabr 2010-cu ildə keçirilib. AXCP-nin nizamnaməsinə əsasən isə qurultay 4 ildən bir keçirilməlidi. Deməli AXCP-nin hazırki rəhbərliyi legitim deyil. Qeyd etdiyim qanunun tələbinə görə siyasi partiya siyasi partiyanın qurultayının siyasi partiyanın ləğvi barədə qərarı və ya məhkəmənin qərarı əsasında ləğv edilir. Həmin qanunun digər maddəsinin tələbinə əsasən Siyasi partiya Azərbaycan Respublikası qanunlarının tələblərini pozduqda müvafiq icra hakimiyyəti orqanı tərəfindən siyasi partiyaya əsaslandırılmış yazılı xəbərdarlıq edilir və bu maddədə nəzərdə tutulmuş xəbərdarlıqda göstərilmiş hallar siyasi partiya tərəfindən aradan qaldırılmadıqda siyasi partiya Ədliyyə Nazirliyinin ərizəsi əsasında siyasi partiyanın ləğv edilməsi nəzərdə tutulub", - deyə hüquq müdafiəçisi qeyd edib.