“Hər bir dövlət bu və ya digər reveranslar edərək xarici siyasət hədəfini dəyişir” Siyasət

“Hər bir dövlət bu və ya digər reveranslar edərək xarici siyasət hədəfini dəyişir”

Zahid Oruc: "Azərbaycan ötən illər ərzində xarici iqtisadi əlaqələrini məhz Avropa ölkələri ilə qurub"

Rusiyaya meyilin daha çox artdığını irəli sürənlər guya bütün bunların məqsəd etibarilə ilə Qərbdən qopmaq niyyəti daşıdığını iddia edirlər. Üstəlik, müxtəlif arqumentlər səsləndirilir ki, son dövr Rusiya və Qərbin savaşı fonunda nəinki bölgədə geosiyasət, hətta qüvvələr nisbətinin Rusiyanın xeyrinə olmasını hesablayan hər bir dövlət bu və ya digər reveranslar edərək xarici siyasət hədəfini dəyişir. Bu barədə millət vəkili Zahid Oruc açıqlama verib. Millət vəkili hesab edir ki, yuxarıda səsləndirilən arqumentlər əsassızdır: "Azərbaycan ötən illər ərzində xarici iqtisadi əlaqələrini məhz Avropa ölkələri ilə qurub. Ancaq son illər Qərbin Azərbaycanla olan münasibətlərində yaranmış problemin müxtəlif səbəbləri göstərilsə də, dəqiq adını hələ ki, heç kəs vermək istəmir. Biz çox sadə bir şəkildə bildirməliyik ki, bu, hakimiyyəti bölüşmək istəmək, ölkənin idarəçiliyində Qərbə daha çox səlahiyyətlər vermək, bütün komandanı, hökuməti Qərbin sərəncamı ilə formalaşdırmaq, beləliklə də nəticə etibarilə Azərbaycanı Qərbə təslim etmək üçün aparılan mübarizədir. Vaxtilə Kreml mərkəzi hakimiyyət simvolu kimi qələmə verilirdi. İndi eyni siyasəti Qərb həyata keçirir. Açıq bir şəkildə siyahılarla ölkələrə diqtə edirlər ki, hökumət bu qüvvələrdən formalaşmalıdır. Necə ki, Ukraynada bunu həyata keçirdilər; o cümlədən Gürcüstanda da bunun şahidi olmuşuq".
Z.Oruca görə, hazırkı dövr milli dövlət modellərinin sındırıldığı və yerinə legioner hökumətlərin ortaya çıxdığı bir zamandır:
"Günün birində Saakaşvili Ukraynada baş nazir və yaxud prezident olsa, buna təəccüblənmərəm. Halbuki Amerikanın həyatında 100 illərlə iştirak edən müsəlmanlardan kiminsə ABŞ-ın prezidenti olma versiyası süngü ilə qarşılanır və indiyə qədər 44 prezidentdən heç biri nəinki müsəlman, hətta başqa dinin daşıyıcısı belə olmayıb. Əvəzində müstəqillik qazanmış postsovet ölkələrinə özlərinin diktə etdikləri siyasi hakimiyyəti sırımağa çalışırlar. Qərbin "hakimiyyət bölüşülməli və parlamentdə qərbyönülmlü qüvvələr olmalıdır" mesajları Avropa qətnamələri və digər sənədlərlə pərdələnir. Niyyət isə bəllidir.
Azərbaycana təşrif buyurmuş Fransua Ollandla müxtəlif neft müqavilələri və digər razılaşmalar ölkə iqtidarının hansısa bir qeyri-adi cinayəti kimi qələmə verilir. Məgər istənilən ölkənin hakimiyyəti xarici əlaqələrini genişləndirməyə çalışmır? Burda qeyri-adi nə var ki!
Ona görə də "Qərbin Azərbaycandan nə istəyir" sualının cavabını hər kəs düzgün cavab verməyi bacarmalı, məsələnin mahiyyətinin nədən ibarət olduğunu hər kəs bilməlidir. Əgər Azərbaycan iqtidarı hakimiyyəti Qərbə təslim etsə, bizə təzyiqlər dayanacaq".