Parlamentin plenar iclası keçirilib Siyasət

Parlamentin plenar iclası keçirilib

Qüdrət Həsənquliyev: "Siyasi fəaliyyətlə məşğul olan dini qurumların fəaliyyəti dərhal dayandırılmalıdır"


Dünən Milli Məclisin plenar iclası keçirilib. İclasın gündəliyi kifayət qədər zəngin olub.
Müzakirəyə çıxarılan "Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında" qanuna edilən dəyişikliyə görə, müvafiq qanunvericiliyə uyğun olaraq, Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulur.
Plenar iclasda "Dini etiqad azadlığı haqqında" və "Kütləvi informasiya vasitələri haqqında" qanunlara dəyişikliklər müzakirəyə çıxarılıb.
Dəyişikliklər Azərbaycanda dini məlumatların yayılması sahəsinə nəzarətin gücləndirilməsi, din sahəsində mütəxəssislərin hazırlanmasına diqqətin artırılması ilə bağlıdır.
"Dini etiqad azadlığı haqqında" qanunun 29-cu maddəsinə edilməsi nəzərdə tutulan əlavəyə görə, bundan sonra müvafiq icra hakimiyyəti orqanı dini mərkəzdən, dini idarələrdən və digər dini qurumlardan dini fəaliyyətə dair məlumatları və maliyyə hesabatları da ala biləcək. Qeyd edək ki, mövcud qanunvericiliyə görə, müvafiq icra hakimiyyəti orqanı dini mərkəzdən, dini idarələrdən və digər dini qurumlardan zəruri məlumatları alır.
Əlavələrə əsasən, müvafiq icra hakimiyyəti orqanı nəzarət markası ilə markalanmış dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarında), audio və video materialların, mal və məlumatların və dini məzmunlu başqa məlumat materiallarının satışı üzrə ixtisaslaşdırılmış satış məntəqələrində "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" qanuna uyğun olaraq yoxlamalar aparacaq. Bundan başqa, din sahəsində mütəxəssislərin hazırlanması və ixtisasların artırılması üçün tədbirlər görəcək, ixtisasartırma kurslarını təşkil edəcək.
"Kütləvi informasiya vasitələri haqqında" qanunun 14-cü maddəsinə (Kütləvi informasiya vasitəsinin təsis edilməsi) edilən dəyişiklik isə dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyinin alınmasını nəzərdə tutur. Maddəyə ediləcək əlavəyə görə, bundan sonra dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı sənədlərə dini mətbu nəşrlərin təsis edilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının rəyi də əlavə olunmalıdır.
Qanun layihəsinin müzakirəsi zamanı parlamentdə çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Azərbaycanda bu gün 2 dini təşkilat var ki, onlar siyasi açıqlamalar verirlər: "Bu sahədə ciddi nəzarətin olmasına ehtiyac var. Gündəlikdə 10-cu məsələdə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanununa dəyişikliklər edilməsi barədə layihə var. Dini təşkilatlar son zamanlar bəyanat veriblər ki, seçkiləri boykot edəcəklər. Mən azı iki belə dini təşkilatın adını çəkə bilərəm. Əslində onlar QHT-lərdir və belə bir səlahiyyəti yoxdur. Məncə, bununla bağlı Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi Ədliyyə Nazirliyinə müraciət etməli və belə qurumların fəaliyyəti dərhal dayandırılmalıdır. Mən təklif edirəm ki, komitəyə belə bir səlahiyyət verilsin. Son zamanlar mətbuatda dini ekspert kimi çıxış edənlər müəyyən siyasi bəyanatlar verirlər. Buna misal olaraq bu yaxınlarda həbsdən çıxan şəxslərdən birini qeyd edə bilərəm. Hesab edirəm ki, bu birbaşa siyasi fəaliyyətlə məşğul olmaqdır. Məncə, artıq zamanı çatıb ki, bu sahə ilə bağlı da qanunvericilik sahəsində addımlar atılsın".
Millət vəkili Rəfael Cəbrayılov isə "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Qanununa dəyişikliklər edilməsi barədə layihə müzakirə edilərkən Qüdrət Həsənquliyevin təklifini müdafiə edib.
Daha sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi barədə məsələni də müzakirəyə çıxarıb.
Layihə barədə məlumat verən Rəfael Cəbrayılov deyib ki, İnzibati Xətalar Məcəlləsinə yeni maddə əlavə edilir. Dəyişikliyə əsasən Azərbaycanda dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək miqdarda, hüquqi şəxslər isə min beş yüz manatdan iki min manatadək miqdarda cərimə ediləcək.
İnzibatı Xətalar Məcəlləsinə edilən əlavəyə görə isə, Azərbaycanda inzibatı xəta törətmiş bəzi narkomanlar məcburi müalicə olunacaqlar.
İnzibati həbs nəzərdə tutan inzibatı xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibatı həbs tənbeh növü tətbiq edilərkən həmin şəxslərə məhkəmə tərəfindən məcburi müalicə təyin ediləcək. Məcburi müalicənin məqsədi həmin şəxslərin səhhətini, psixoloji vəziyyətini yaxşılaşdırmaq, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onları normal həyat tərzinə qaytarmaq, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrin sui-istifadəsinin və yeni inzibatı xətalar törədilməsinin qarşısını almaqdır. Məcburi müalicə müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində aparılacaq. Narkomanların məcburi müalicədən vaxtından əvvəl azad edilməsi və onların məcburi müalicə müddətinin uzadılması həmin müəssisənin müdiriyyətinin təqdimatı və həkim-məsləhət komissiyasının rəyi nəzərə alınmaqla həyata keçiriləcək.
İnzibati Xətalar Məcəlləsinə edilən başqa bir dəyişiklik isə avtomobil yollarının qorunması ilə bağlı olub. Dəyişikliyə əsasən avtomobil yollarının qorunması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 30 manatdan 50 manatadək, hüquqi şəxslər 100 manatdan 150 manatadək cərimələnəcəklər.
Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Sığorta fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanununun müzakirəsi zamanı Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, qanun layihəsində sığortaçının əmlakının açıq hərrac yolu ilə satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilməsi ilə bağlı yeni maddənin əlavə olunması təklif edilir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Milli Məclisin dünən keçirilən plenar iclasında "Müflisləşmə və iflas haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də müzakirəyə çıxarılıb.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, bu qanuna yeni maddənin əlavə olunması təklif edilir. Komitə sədri əlavə edib ki, bu dəyişiklik Azərbaycanda investisiya və sığorta bazarının inkişafı ilə əlaqədardır: "Yeni maddəyə əsasən, səhmdar investisiya fondu və sığortaçı bu qanunla yanaşı, müvafiq olaraq "İnvestisiya fondları haqqında" və "Sığorta fəaliyyəti haqqında" qanunların tələbləri nəzərə alınmaqla müflis elan edilir".
Bu qanun bütün kommersiya (banklar istisna olmaqla) və qeyri-kommersiya təşkilatlarına şamil edilir. Sənəd Azərbaycan Mərkəzi Bankına şamil edilmir.
Qanunda istifadə edilən "borclu" anlayışı həm borclu müəssisələrə, həm də fərdi borclulara aiddir.
Qeyd edək ki, bu dəyişiklik "Müflisləşmə və iflas haqqında" və "Banklar haqqında" Azərbaycan Respublikası qanunları arasında olan uyğunsuzluğu aradan qaldırmaq məqsədi daşıyır.
Sənəd səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, plenar iclasda "Azərbaycan Respublikasının "Tərəqqi" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında" qanuna dəyişiklik edilməsi barədə" qanun layihəsi də müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, "Tərəqqi" medalının hüquq sahələrində xidmətlərə görə də verilməsi nəzərdə tutulur.
Dəyişiklik səsə qoyularaq qəbul edilib.
İnvestisiya fondları haqqında" Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, "İnvestisiya fondları haqqında" Qanunun 46.25-ci maddəsinə yeni əlavələr təklif olunub.
Yeni əlavəyə əsasən, səhmdar investisiya fondunun əmlakının açıq hərrac yolu ilə satılması onun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçiriləcək.
Sənəd səsə qoyularaq qəbul edilib.
Milli Məclisin plenar iclasında "Polis haqqında" qanuna dəyişiklik də müzakirəyə çıxarılıb.
"Polis haqqında" qanunun 14-cü maddəsinə (İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri) yeni əlavə edilən bəndə əsasən kütləvi idman tədbirlərinin və idman yarışlarının keçirilməsi zamanı idman obyektlərində, tamaşaçılar üçün nəzərdə tutulmuş yerlərdə, eləcə də idman obyektlərinə bitişik ərazilərdə və təxliyyə yollarında zorakılığın qarşısını almaq, yarış iştirakçılarının və tamaşaçıların təhlükəsizliyini və ictimai asayişi təmin etmək də polis əməkdaşının vəzifəsi olacaq.
Dəyişiklik səsə qoyularaq qəbul edilib.


"Yol hərəkəti haqqında" qanuna dəyişikliklər müzakirə edilərkən millət vəkili Sabir Rüstəmxanlı əhalinin mal-qaranı arana, yaylağa aparan zaman bir sıra problemlərlə üzləşdiyini deyib: "Torpaqlar özəlləşdirilib, magistral yollarla camaat mal-qarasını arandan yaylağa necə aparmalıdır? Yardımlıda, Masallıda, Şamaxıda insanlar hələ də mal-qarasını arana, yaylağa aparır. Hər dəfə mal-qaranı aran və yaylağa aparan insanlarla yerli sakinlər, icra qurumları arasında mübahisə yaranır".
Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanuna dəyişikliklərdə avtomobil yollarının torpaq sahələrində mal-qaranın otarılması, respublika əhəmiyyətli avtomobil yolları ilə mal-qaranın aparılması, avtomobil yolundan və ya bu məqsədlə xüsusi olaraq yaradılmış keçidlərdən kənar mal-qaranın keçirilməsinin qadağan olunması əksini tapıb.
Millət vəkili İlham Əliyev də magistral avtomobil yollarında mal-qara üçün keçidlərin yaşayış məntəqələrindən uzaqda yerləşdirilməsindən söz açıb. O qeyd edib ki, Bakı-Qazax yolunda, xüsusən yolun Kürdəmirdən keçən hissəsində sürət həddi tez-tez aşağı salınır: "Tutaq ki, yolun kənarında 5-6 ev var, sürət həddi buna görə birdən saatda 50 km-ə endirilir. Magistral yolda sürət həddinin qəfil belə aşağı endirilməsinin özü də qəza hallarına yol açır".
Millət vəkili Elmira Axundova isə qanunların qəbul edilməsinə baxmayaraq, hələ də magistral yollarda mal-qaranın hərəkətinə tez-tez rast gəlindiyini söyləyib.
Müzakirələrdən sonra qanun layihəsi qəbul edilib.