Avropa İnsan Hüquqları Məhkəməsinin Dağlıq Qarabağla bağlı Qərarı Siyasət

Avropa İnsan Hüquqları Məhkəməsinin Dağlıq Qarabağla bağlı Qərarı

Rusiya və Ermənistan üçün beynəlxalq hüquq anlayışı heç bir məna kəsb etmir

Cavid

"Washington times" bu barədə yazır ki, Dağlıq Qarabağ Azərbaycanın sağalmaz yarasıdır. Bu millətlərarası münaqişə Sovet İttifaqının dağılmasından sonra regionda baş vermis ən qanlı münaqişələrdən biridir. 1992 və 1993-cü illər arasında Ermənistan hərbi əməliyyatları genişləndirərək Xocalı, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Laçın rayonlarını da işğal etdi. Qanlı müharibə nəticəsində hər iki tərəfdən minlərlə insan qaçqın düşdü (Ən çox qaçqın isə 1 milyona yaxın olmaqla Azərbaycan tərəfinə düşür), qarşılıqlı nifrət və intiqam hissinə səbəb oldu. Beynəlxalq Böhran Qrupu bildirir ki, müharibə nəticəsində qaçqın düşən həmin bir milyon insan bu günə qədər Azərbaycanda məcburi köçkün vəziyyətində qalır. Münaqişə 1994-cü ildə imzalanmış atəşkəs sazişi – "Bişkek protokolu" ilə "dondurulmuşdur".
İstənilən millətlərarası münaqişədə qarşılıqlı ittihamlar irəli sürülməsi təbii olsa da, işğalçı tərəfin Ermənistan olduğu danılmaz bir faktdır. Bu gün Ermənistan beynəlxalq hüquqla Azərbaycan Respublikasının suveren tərkib hissəsi kimi qəbul edilən ərazilərin qanunsuz işğalını davam etdirir. ABŞ Konqresində çoxlu sayda Ermənistan tərəfdarları olsa da, BMT-nin məsələ ilə bağlı verdiyi qətnamələr həqiqətləri işıqlandırır və faktları qeyri-obyektiv məlumatlardan ayırır: BMT-nin 30 aprel 1993-cü il tarixində qəbul edilmiş 822 saylı Qətnaməsi "hərbi əməliyyatların dayandırılmasına və yerli işğalçı, yəni Ermənistan qüvvələrinin 3 aprel 1993-cü il tarixində işğal edilmiş Kəlbəcər rayonundan çıxarılmasına çağırır."
BMT-nin 29 iyul, 1993-cü ildə qəbul olunmuş 853 saylı Qətnaməsi "hərbi əməliyyatların dərhal dayandırılmasını, yerli Ermənistan qüvvələrinin Azərbaycanın 23 iyun, 1993-cü il tarixində işğal edilmiş Ağdam rayonundan çıxarılmasını tələb edir və 822 saylı Qətnaməni təsdiqləyir."
Bu il iyunun 16-da Avropa İnsan Hüquqları Məhkəməsi "Çıraqov və digərləri Ermənistana qarşı" işi haqqında son qərarını verib. Qərara əsasən, Ermənistan Azərbaycan torpaqlarının işğalında təqsirli bilinib. Avropa İnsan Hüquqları Məhkəməsi kimi bir qurum nəhayət Dağlıq Qarabağ münaqişəsində Ermənistanın təqsirli olduğunu təsdiqlədi.
Bu məhkəmə işi 1992-ci ildə Ermənistanın təcavüzü nəticəsində Laçın rayonunu tərk etməyə məcbur qalmış bir qrup sakin tərəfindən qaldırılmış iddia müraciətinə əsaslanır. Məqsəd isə onların öz evlərinə qayıtmaq istəmələridir. Məhkəmə qərarı ilə Avropa İnsan Hüquqları Konvensiyasının mülkiyyət hüququ, şəxsi həyata və ailə həyatına hörmət hüququ ilə bağlı, eləcə də, bu hüquqların pozulduğu halda effektiv bir vasitə təmin edilməməsi ilə bağlı maddələrə əməl edilmədiyi təsdiqlənib. Ən önəmlisi isə məhkəmə Ermənistan hökumətinin Dağlıq Qarabağ və onun ətrafındakı əraziləri üzərində effektiv nəzarəti olmaması da daxil olmaqla, bütün etirazlarını rədd edib. Belə ki, Ermənistan Dağlıq Qarabağın suveren bir dövlət olduğunu iddia etdiyinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi "Ermənistanın Dağlıq Qarabağ üzərində faktiki nəzarətə malik olduğunu" bildirib.
Azərbaycan isə haqlı olaraq, bu qərara işğalçı qüvvələrin regiondan çıxarılmasını tələb edərək cavab verib. Əslində, Azərbaycanın Xarici İşlər Nazirliyi belə bir bəyanatla çıxış etdi: "Nəticə etibarilə, Ermənistan dərhal işğal etdiyi ərazilərdən silahlı qüvvələrini tamamilə və qeyd-şərtsiz geri çəkməlidir."
Ermənistan isə verdiyi rəsmi bəyanatlarda Avropa Məhkəməsinin qərarını pisləyib. Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan "Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların Avropa İnsan Hüquqları Məhkəməsinin vasitəçiliyi ilə aparılmadığını" və "məsələnin həllinin yalnız ATƏT-in Minsk qrupunun həmsədrlərinə həvalə edildiyini" bildirib.
Bir ölkənin, yəni Azərbaycanın bütün qaydalara əmələ etməsi, şikayətlərinin həllini məhkəmədə axtarması və dönə-dönə ədalətli sülh təklif etməsi, digərinin isə qanundankənar fəaliyyətinə davam etməsi, beynəlxalq qurum və məhkəmələrə, qanun aliliyinə etiraz etməsi qarışıq bir vəziyyət yaradır.
Bəs Ermənistanın təkəbbürü və qanunun aliliyini saymamasının arxasında nə durur? Səbəb İranın dəstəyindən cəsarət alması, ya da illər öncə suverenliyini itirərək Rusiyanın vassalına çevrilmiş Ermənistanın Avropa məhkəməsinin hər hansı qərarına əməl etməsinin Rusiya üçün də Ukrayna və Şərqi Avropada işğal iddialarını aça biləcəyi ola bilərmi?
Əgər dünya mükəmməl bir yer olsaydı, Konqresin müəyyən üzvləri və Obama administrasiyası bu suallar haqqında düşünərdi.