“Kərimlinin ətrafında aldadılmış gənclər qalıb” Siyasət

“Kərimlinin ətrafında aldadılmış gənclər qalıb”

Rafiq Daşdəmirli: "Bütün tanınmış simalar təşkilatı tərk ediblər"

Səbuhi Aslanbəyli: "AXCP daxilindəki qanunsuzluqlar, özbaşnalıq, maliyyə şəffaflığının olmaması bu prosesə gətirib çıxardı"

Əli Kərimlinin sədri olduğu AXCP-dən istefa verərək Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinə keçən cəbhəçilərin sayı durmadan artır. Son günlər narazılar daha bir neçə rayonda konfrans keçiriblər. Narazıların verdiyi məlumata görə, Gəncə, Daşkəsən və Göygöldə keçirilən konfranslar iştirakçı fəallığı ilə seçilib. Gəncə konfransında iştirak edən 60-dan çox cəbhəçi AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəklədiklərini bəyan edib.
Hər 3 konfransda çıxış edənlər AXCP-də yürüdülən yarıtmaz, antidemokratik siyasətə qarşı olduqlarını, partiyanın bu şəkildə məhv edilməsinə imkan verməmək üçün narazıları dəstəklədiklərini bildiriblər.
Gəncədə Xanmuraz Abbasov sədr, Əli Həmidov Ali Məclis üzvü, Göygöldə Vüqar Muxtarov sədr, Akif Umudov Ali Məclis üzvü, Daşkəsəndə Rövşən Mazanov sədr, Ələddin Qurbanov Ali Məclis üzvü seçilib.
Şuşa, Xəzər və Salyan cəbhəçiləri keçirdikləri konfransda AXCP Etimad Qurultayı Təşkilat Komitəsini dəstəklədiklərini bəyan ediblər. Şuşa konfransında Ceyhun Həsənov sədr, Pərviz Dadaşov isə Ali Məclis üzvü seçilib. Xəzər rayonunda keçirilən konfransda da seçki baş tutub. Zaur Əliyev bundan sonra rayon təşkilatının sədri, Elşən Qafarov isə Ali Məclis üzvü olacaq. Salyanda keçirilən səsvermədə Samir Muradov sədr seçilib. Elçibəy Məmmədov isə rayon təşkilatını Ali Məclisdə təmsil edəcək.
AXCP-nin Əli Kərimli qanadının təmsilçilərinin AXCP Etimad Qurultayı Təşkilat Komitəsi üzvlərinə qarşı təhqirləri isə biabırçı şəkil alıb.
Başbilənlərdən göstəriş alan fəal gənclər Facebook sosial şəbəkəsində AXCP EQTK yetkililərini, onların ailə üzvlərini təhqir edirlər. AXCP Etimad Qurultayı Təşkilat Komitəsinin üzvü, veteran cəbhəçi Rafiq Daşdəmirli qarşı tərəfə müraciət edərək söyüş kampaniyasına son qoymağa çağırıb: "Fikir ayrılığı, bir-birinə əks qütbdə dayanmaq düşmənçilik deyil. Bəzi başıboşların tərbiyəsizliyi nəticəsində bu hal düşmənçilik mövqeyinə çevrilməkdədir. Tutaq ki, cavanlar başa düşməyirlər. Bəs, böyüklərə nə olub? Niyə ağzınıza gələn, gəlməyən o təhqirləri yazırsız, bəyəm, sizlərin ailəniz, övladlarınız yoxdur? Tutaq ki, gəncdi bilmədi, səhv etdi, yazdı, bəs, siz universitet müəllimi, yalançı sədr, Milli Şura üzvü, necə rəva bildiniz ki, insanların ailələri, körpələri təhqir olunsun? İndi baxın, nə alındı".
Söyüş və təhqirin artıq davaya keçdiyini deyən Rafiq Daşdəmirli hesab edib ki, bu situasiya dayandırılmalı, ağsaqqallar ortaya girməli, gəncləri sakitləşdirməlidir: "Dünənə kimi toyda, yasda bir yerdə olanlar savaşa çıxırlar. Hər halda heç nəyə baxmayaraq günah böyüklərdədir. Bəs, necə edək? Sən məni təhqir et, döy, sonra da utanmadan hər yerdə yaz ki, "işverənlər polisə şikayət ediblər?". Nədir bunun alternativi, varmı? Əgər varsa, deyin bilək. Onda gərək bir-birlərini bıçaqlayıb öldürəydilər? Biz də heç kimin tutulmasını, heç kimin pis gününü arzulamırıq. İstəmərəm ki, hətta mənim ailəmi, övladımı təhqir edənlərə nəsə olsun. Amma Allah nə vaxtsa cəzasını verəcək. Ən çox təhqir edən, ən çox saxtakarlıq edən Məmməd İbrahim idi. Heç vaxt zorakılığı sevməmişəm. Əlimdən nə gəlir? Əsl işverənlər kimdir, hamıya aydındır. Dayandırın bu söyüş, təhqir makinanızı, baş bilənlər. Odu odla deyil, su ilə söndürün".
Narazı cəbhəçilərin yaratdığı internet mediasında isə AXCP sədri Əli Kərimli ciddi tənqid olunur. Bəyan olunur ki, illərlə AXCP-ni və müxalifəti içindən yeyən Əli Kərimli özünün separatizm burulğanında məhvə gedir: "Son 20 ildə Əli Kərimlinin şəxsi ambisiyaya söykənən maraqları, eqoizmi, hikkəsi və kini nəticəsində qosqoca bir təşkilat uçurumun kənarına gəlib çatıb. 1995-ci il AXC-nin partiyalaşması, Əli Kərimlinin təşkilat daxilində fraksiyalaşaraq ikitirəlik yaratması, zaman-zaman deputat mandatı üçün separat danışıqlara gedən, Elçibəydən sonrakı dönəmdə "bizim kimi düşünməyənlər düşməndir" düşüncəsi ilə cəbhəçilərin dışlanması təşkilatı indiki hala gətirdi. Hazırda Kərimlinin ətrafında yalnız onun siyasi keçmişi haqda məlumatı olmayan, az sayda aldadılmış gənclər qalıb - bütün tanınmış simalar təşkilatı tərk ediblər. Son olaraq AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin yaranması Kərimli siyasətinin fiaskosu oldu. Bu Komitə nəinki Əli Kərimlinin ətrafından böyük axınların gəlməsinə, həm də daha öncəki illərdə Xalq Cəbhəsindən kənarlaşan hərəkatçıların bir arada toparlanmasına səbəb oldu. AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin sürətlə təşkilatlanması, partiyanın əksər rayon təşkilatlarının qarşı tərəfə keçməsi Kərimlini məcbur edib ki, tələsik qurultay keçirsin və öz təşkilatının parçalanmadığını cəmiyyətə nümayiş etdirsin. Lakin bu proses elə dönməz xarakter alıb ki, Kərimlinin bu məqsədə çatması praktik olaraq mümkün deyil. AXCP-nin rayon təşkilatları Əli Kərimlidən üz çevirib və fəaliyyətlərini AXCP EQTK-da davam etdirirlər. Partiyanın mövcud 76 rayon şöbəsinin 40-ı AXCP EQTK-nın legitimliyini tanıyır. Əli Kərimlinin ətrafında hazırda 36 rayon təşkilatı mövcuddur. Belə olan halda Əli Kərimli AXCP adından hər hansı qurultay keçirmək səlahiyyətini itirmiş sayılır. Belə demək mümkündürsə, qısa zaman kəsiyində Əli Kərimlinin rəhbərlik etdiyi partiyadakı azsaylı üzvlər, həmçinin rayon şöbələri də ondan üz döndərərək".
AXCP Etimad Qurultayı təşkilat komitəsinin sədr müavini Səbuhi Aslanbəyli isə deyib ki, Əli Kərimlinin keçirdiyi qurultay başdan aşağı qanun pozuntusu ilə keçirilib: "Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) daxilindəki qanunsuzluqlar, özbaşnalıq, maliyyə şəffaflığının olmaması bu prosesə gətirib çıxardı". Onun sözlərinə görə, Əli Kərimlinin partiyanın nizamnamə və proqramını kobud şəkildə pozması bizə yaşıl işıq yandırdı: "Bütün bu pozuntular təşkilatımızın AXCP kimi tanınmasına imkan yaradır. Razi Nurullayevin sədrlik etdiyi AXCP Etimad Qurultayı təşkilatı artıq Ədliyyə Nazirliyinə müraciət edib və Əli Kərimli qanadının keçirdiyi qurultaydakı qanun pozuntularını bildirib". Səbuhi Aslanbəyli qeyd edib ki, əgər Əli Kərimlinin qurultayı legitim olaraq tanınarsa, o zaman bu qanun pozuntusu olar: "Amma biz yenə də bu ehtimalı düşünmək istəmirik. Belə olduğu təqdirdə hər kəs Əli Kərimlinin kimilərnən, harada, hansı sövdələşmələrə getdiyinin şahidi olacaq".

Əli