“Naxçıvana ayrılan dotasiyanın həcmi artırılmalıdır” Siyasət

“Naxçıvana ayrılan dotasiyanın həcmi artırılmalıdır”

Qüdrət Həsənquliyev: "AZAL, "Azəristiliktəchizat" və "Azərsu"ya dotasiyaların ayrılması dayandırılmalıdır"

"Büdcə layihəsi ilə tanış olarkən, görürük ki, səhmdar cəmiyyətlərin ödənişləri tam həyata keçiriləcək. Halbuki, onların çoxu vergi proqnozlarını da düzgün yerinə yetirməyiblər."
Bunu Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, parlamentdə "Azərbaycan Respublikasının 2016-cı il Dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Deputat bildirib ki, eyni zamanda "Azərsu" ASC, "Azərbaycan Hava Yolları" QSC və "AzərİstilikTəchizat" ASC-yə dövlət büdcəsindən həm əlavə pullar veriləcək, həm də borcları bağlanacaq: "Bu, nə dərəcədə doğrudur? Maliyyə Nazirliyi bu qurumlarda niyə araşdırma aparmayıb ki, ayrılan vəsaitdən necə səmərəli istifadə ediblər? Nəyə görə, bu qurumların maliyyə vəziyyətləri belə dağınıqdır? Bütün bunlara aydınlıq gətirilməlidir".
Qüdrət Həsənquliyev qeyd edib ki, əgər Azərbaycan həqiqətən də bazar iqtisadiyyatına keçibsə, o zaman özəlləşdirməni də düzgün həyata keçirmək lazımdır: "Maliyyə naziri Samir Şərifovun müsahibələrində oxumuşam ki, dövlət bəzi müəssisələrin özəlləşdirilməsinə hazırlaşır. Diqqətinizə çatdırım ki, hər şey əvvəlcə təhsildən başlamalıdır. İnkişaf etmiş ölkələrin keçdiyi yola baxsaq, görərik ki, təhsilə investisiya qoymaqla böhrandan çıxıblar və iqtisadiyyatlarını inkişaf etdiriblər. Azərbaycanda bu qədər dövlət ali təhsli müəssisələri var. Bunlar nəyə görə özəlləşdirilməyə çıxarılmayıblar? Ali məktəblər özəlləşdirilsin ki, həm özləri pul qazansınlar, həm də dövlətə pul versinlər".
BAXCP sədri, səhiyyə müəssisələrinin özəlləşdirilməsinin vacibliyini də diqqətə çatdırıb: "Axı biz sosialist sistemində yaşamırıq və ölkəmiz bazar iqtisadiyyatı sahəsində inkişaf yolu tutub. Əgər bu qurumlar özəlləşdirilsə, dövlət büdcəsi 100 milyon manat əlavə gəlir əldə edəcək. Digər tərəfdən də dövlət əlavə xərclərdən azad olunacaq və büdcəyə əlavə vergi ödəniləcək".
Maliyyə naziri millət vəkilinin sualına cavab olaraq bildirib ki, bəzi qurumların göstərdiyi xidmətlərin tarifləri sərbəst deyil, bunu Tarif Şurası tənzimləyir: "Tarif müəyyənləşdirilərkən, bunun əhaliyə təsiri, sosial effektivlik nəzərə alınır".

Bununla belə, məsələnin düzgün qoyulduğunu deyən maliyyə naziri qeyd edib ki, bu istiqamətdə tədbirlər görülür.

BAXCP sədri Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın həcmi 15,4 mln. manat, investisiya xərcləri isə təqribən 4 dəfə azaldıldığına da diqqət çəkib və qeyd edib ki, 2016-cı ilin dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyanın həcmi artırılmalıdır.
Qüdrət Həsənquliyev Azərbaycan üçün strateji əhəmiyyəti olan Naxçıvana dotasiyaların artırılmasının tərəfdarı olduğunu bəyan edib: "Hesablama Palatası çox gözəl bir rəy hazırlayıb və öz təkliflərini verib. Mən hesab edirəm ki, hökumət Hesablama Palatasının təkliflərini diqqətlə öyrənməlidir. Həmin sənəddə Ermənistanla müqayisə aparılıb və qeyd olunub ki, Azərbaycanda 2016-cı ildə real artım 2,5%, Ermənistanda isə 0% olacaq. Mən də Ermənistanla bir müqayisə aparmaq istəyirəm. Ermənistan 2,6 milyard dollarlıq büdcəsindən işğal etdiyi Dağlıq Qarabağa 114 milyon dollar vəsait ayırıb. Amma biz Azərbaycan üçün son dərəcə strateji əhəmiyyəti olan, işğal səbəbindən birbaşa Azərbaycanla torpaq əlaqəsi olmayan Naxçıvana dotasiyanı 15,4 milyon manat azaldırıq. Büdcə zərfinin müzakirəsi zamanı mən bəzi KİV-də sifarişli yazılar oxudum ki, Naxçıvana daha çox investisiya ayrılır. Sifarişli yazı olduğu hiss olunurdu. Naxçıvana bu il həm də investisiya xərcləri təqribən 4 dəfə azalıb. Cəmi, səhv etmirəmsə, 14 milyon manat vəsait ayrılıb. Keçən il bu rəqəm 50 milyon manat idi. Ona görə bu məsələni qaldırıram ki, Naxçıvan Türkiyə ilə əlaqələri hesabına yaşayırdı. Hazırda isə PKK terror təşkilatı Naxçıvanla Türkiyəni birləşdirən yolu nəzarətə götürüb və bu səbəbdən yükdaşıma xeyli dərəcədə məhdudlaşıb".
Qüdrət Həsənquliyev Naxçıvana xüsusi diqqət yetirməyin zəruri olduğunu vurğulayıb: "Naxçıvana xüsusi diqqət yetirmək lazımdır ki, əhali iş tapsın və başqa bölgələrə getməsin. Orada sənaye inkişaf etdirilməlidir, əhalinin sosial durumu yaxşılaşdırılmalıdır. Naxçıvan dağlıq bölgə olduğundan kənd təsərrüfatı üçün yararlı torpaqlar azdır. Həmişə qeyd edirəm ki, mərkəzi hökumət Naxçıvana xüsusi diqqət göstərib. Bundan sonra da diqqəti bir az da artırmalıdır".
Müzakirələrdə iştirak edən maliyyə naziri Samir Şərifov isə bildirib ki, Qüdrət Həsənquliyevin qaldırıldığı məsələlərə baxılacaq.