“Avropaya miqrantların gəlməsi böyük bir təhlükəsizlik məsələsidir” Siyasət

“Avropaya miqrantların gəlməsi böyük bir təhlükəsizlik məsələsidir”

Tamerlan Vahabov: "Bunun hümanitar tərəfdən başqa təhlükəsizlik aspektləri də var"


Avropaya miqrant axını davam edir və bəzi Avropa ölkələri bu məsələ ilə bağlı qanunlarını sərtləşdirirlər. Onu da qeyd edək ki, miqrant axınına qarşı sərt mövqe tutan İsveçrə Xalq Partiyası oktyabrın 18-də keçirilən parlament seçkilərində qələbə qazanıb. Millətçi partiya 200 yerlik Milli Şurada 65 kürsüyə sahib olub. İkinci yerdə olan Sosial-Demokrat Partiyası isə əvvəlki 46 mandat əvəzinə, bu dəfə 43 mandatla kifayətlənib. Liberal-Demokrat Partiyası əlavə 3 mandat qazanaraq 33 deputat yeri əldə edib. Kiçik partiyalarla birlikdə Milli Şurada 101 deputat kürsüsü əldə edən partiya bununla belə hökumət qura bilməyəcək. İsveçrə Xalq Partiyası sədr Roqer Keppelin rəhbərliyi altında seçkilərə miqrant əleyhinə layihələrlə qatılıb.
Beynəlxalq ekspert Tamerlan Vahabov deyib ki, Avropaya miqrantların gəlməsi böyük bir təhlükəsizlik məsələsidir". Ekspertin sözlərinə görə, bunun hümanitar tərəfdən başqa təhlükəsizlik aspektləri də var: "Çünki dinc əhali ilə bərabər Avropa ölkələrinə və digər inkişaf etmiş ölkələrə onların arasından keçmiş terrorçular, cinayətkarlar da keçə bilər. Ona görə də Avropada miqrant axınının qarşısının alınması üçün hökumətlərin ordunun, hüquq-mühafizə orqanlarının bu proseslərə cəlb etməsi müəyyən dərəcədə məntiqə uyğundur. Əsas odur ki, bu, əsassız zorakılığı gətirib çıxarmasın".
T.Vahabov əlavə edib ki, miqrant problemi məsələsinə qlobal baxılmalıdır: "Ümumiyyətlə bu, Qərb (həm Avropa ölkələri, həm də ABŞ) üçün böyük dərs olmalıdır. Yaxın Şərqdə, Şimali Afrikada məhz onların yürütdüyü xarici siyasətin və hərbi əməliyyatların nəticəsidir ki, miqrant axını böyük vüsət alıb. Ona görə də bu məsələlər onları düşündürməlidir. Onlar bu haqda addımlar atmalıdırlar ki, həmin proseslər bir də təkrarlanmasın".
Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib ki, Avropada miqrant axınının qarşısının alınması üçün hökumətlərin ordunu da bu prosesə cəlb etməsi əslində Avropanın öz dəyərlərini danması deməkdir. Politoloqun sözlərinə görə, Avropa sadəcə dəyər yaratmayıb: "Avropa ümumbəşəri dəyərlər - demokratiya, insan hüquqları adı ilə sadəcə olaraq başqa dövlətlərə qarşı cəza aləti yaradıb. Özləri birbaşa insan hüquqlarının, demokratiyanın ağır nəticəsi ilə üzləşən kimi birdə görürsən ki, geri çəkilirlər. Əksinə bundan sonra demokratiyanı, insan hüquqlarını tapdamağa başladılar. Yəni qaçqınlara qarşı bu gün Avropa dövlətlərinin münasibəti həm onların sərbəst yerdəyişmə azadlığının pozulması, dini tolerantlığın pozulması deməkdir, həm də hər bir vətəndaşın ayrı-ayrılıqda hüququnun pozulması anlamındadır".
M.Əhmədoğlu əlavə edib ki, indiki miqrant axınını Avropanın özü yaradıb: "Nə qədər ki, Avropa özü demokratiya, insan hüquqlarına alver, təzyiq predmeti kimi yanaşıb, hesab edirəm ki, bu cür problemlərin kökü kəsilməyəcək. Avropanın özünün ortaya qoyduğu dəyərlərə səmimi olsa, düşünürəm ki, bir müddətdən sonra belə probemlərin kökü kəsiləcək".
Politoloq Arzu Nağıyev isə diqqətə çatdırıb ki, İsveçrədə seçkilər yolu ilə hakimiyyətə millətçilərin gəlməsi heç bir ciddi problemlərə yol açmayacaq. Onun sözlərinə görə, bu kimi hallar ilk dəfə deyil: "Avropa İttifaqına daxil olan 28 dövlətin yarısından çoxunda hakimiyyət təmsilçiləri demək olar ki, millətçilərdir. İsveç misalında isə əsasən miqrant qəbulunun əleyhinə olduqlarına görə belə bir hal alındı. Bu gün Avropa Parlamentində təmsil olunan müxtəlif dövlətlərin nümayəndələri demokratiyadan çox öz dövlətlərinin mənafeyini düşünürlər. Məhz buna görə də onların bir sıra verdiyi bəyanatlarda millətçi notlar daha da üstünlük təşkil edir".

Əli