“Orada iqtisadi məsələlər müzakirə olunmalı idi” Siyasət

“Orada iqtisadi məsələlər müzakirə olunmalı idi”

Fəzail Ağamalı: "Amma beynəlxalq durum müzakirələrin istiqamətini xeyli dəyişdi"

Noyabrın 15-də Antalyada baş tutan G-20 sammitində Azərbaycanın da iştirak etməsi ölkəmiz üçün uğurlu hadisə hesab olunur.
Bu haqda fikirlərini açıqlayan Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı hesab edir ki, sammit bir sıra məqamlarla yadda qalan oldu: "Orada iqtisadi məsələlər müzakirə olunmalı idi. Amma beynəlxalq durum müzakirələrin istiqamətini xeyli dəyişdi. Əsas problem dünyanı bu ağır fəlakətdən qurtarmaqdır. Hazırda kifayət qədər gərgin münasibətlər hökm sürür. Dünyanı bu gərginliyə salan ölkələr ABŞ və Rusiya, daha doğrusu, onların toqquşan maraqlarıdır. Görünən də budur ki, bunlar öz ambisiyalarından geri çəkilmək niyyətində deyillər. Belə toqquşmalar fonunda bu cür əhəmiyyətli tədbirin Türkiyədə keçirilməsi çox vacib məqamdır. Düşünürəm ki, Türkiyənin dünyada mövqeyi bir qədər də artacaq. Onların yeganə qonaq ölkə kimi Azərbaycanı dəvət etmələri isə xüsusilə əhəmiyyətli məsələdir. Prezident orada çıxış edərək ölkənin mühüm problemini qabartdı, böyük dövlətlərin diqqətinə çatdırdı. Bu, bizim üçün əlverişli fürsət idi".
Politoloq Rasim Musabəyov da sammitin ölkəmiz üçün əhəmiyyətli olduğunu bildirdi: "Adətən belə sammitlər dünya iqtisadiyyatı ilə bağlı mövzuların müzakirəsi üçün təşkil olunur. Ancaq yaşanan son olaylar, baş verən terror hadisələri sammitin diqqətini daha çox antiterror mubarizəsinə yönəltdi. Azərbaycanın orada iştirakına gəlincə isə, bunun üçün ilk təşəkkür Türkiyəyə düşür. Onlar məhz Azərbaycanı dəvət etdilər. Bu, ikitərəfli münasibətlərimizin təzahürüdür. Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsinin dünyanın lider dövlətlərinin diqqətinə çatdırılması bizim üçün çox mühüm məsələdir".