“Türkiyə və Azərbaycan bölgədə sabitləşdirici rol oynayır” Siyasət

“Türkiyə və Azərbaycan bölgədə sabitləşdirici rol oynayır”

Prezident İlham Əliyev: "Azərbaycanla Türkiyə bütün məsələlərdə bir yerdədir, bir-birini dəstəkləyir və dəstəkləyəcək"
Əhməd Davudoğlu: "Azərbaycan bayrağı haradadırsa, Türkiyə də orada olacaq"


DünənAzərbaycan prezidenti İlham Əliyevin Türkiyə baş naziri Əhməd Davudoğlu ilə təkbətək görüşü keçirilib. Daha sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib.
Prezident İlham Əliyev deyib ki, Əhməd Davudoğlu Türkiyədə parlament seçkilərindən sonra ilk səfərini Azərbaycana edib: "Bu, Türkiyə-Azərbaycan münasibətlərini, qardaşlığını göstərir. Azərbaycan və Türkiyə bütün məsələlərdə bir yerdədir, biz bir-birimizi dəstəkləyirik və dəstəkləyəcəyik. Səfərə geniş nümayəndə heyəti gəlib, ikitərəfli görüşlər keçiriləcək. Bütün sahələrdə əlaqələr inkişaf edir və bu səfər də əlaqələrin inkişafında mühüm rol oynayacaq".
Əhməd Davudoğlu isə bildirib ki, hələ İstanbula, anadan olduğu yerə getməyib, Azərbaycana gəlib: "Azərbaycan "Can Azərbaycandır", bizim canımızdır. Yeni hökumət üzvlərini də sizə təqdim edəcəm. Əlaqələrimiz genişdir, dünyada heç bir dövlət Türkiyə və Azərbaycan qədər yaxın deyil. Sizi də seçkilərdəki uğurlarınız münasibəti ilə təbrik edirəm".
Daha sonra görüş qapalı davam edib.
Görüşdən sonra keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti seçkilərdə qazandıqları qələbə münasibəti ilə Türkiyənin Baş nazirini Azərbaycan xalqı adından təbrik edib: "Çox şadam ki, parlament seçkilərindən sonra ilk səfərinizi Azərbaycana edirsiniz.".
Dövlət başçısı deyib ki, bu səfər iki qardaş ölkə arasındakı əlaqələrin yüksək səviyyədə olduğunu göstərir: "Türkiyənin G-20 sammitinə Azərbaycanı dəvət etdiyi üçün sizə minnətdaram. Türkiyə və Azərbaycan ictimaiyyəti, habelə dünya ictimaiyyəti gördü ki, biz bir-birimizə nə qədər yaxınıq. Bizi birləşdirən ortaq mədəniyyətimiz, etnik köklərimiz, dilimizdir. İki dövlət bir-biri ilə sıx əməkdaşlıq edir. Türkiyə Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olub. Daim bütün məsələlərdə bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Bu, dəyişməz siyasətdir. İstəyirik ki, gələcək nəsillər də bu əlaqələri yüksək səviyyədə saxlasınlar. Bunun üçün bütün imkanlar var. İstəyirik ki, bölgədə sülh olsun, xalqlar, insanlar həyatlarını rahat qursunlar, heç kim bir-birinin daxili işlərinə qarışmasın. Türkiyə və Azərbaycanın siyasəti bölgədə sabitləşdirici rol oynayır".
Prezident İlham Əliyev bildirib ki, Türkiyə nə qədər güclü olsa, Azərbaycanın gücü bir o qədər artacaq.
Dövlət başçısı onu da deyib ki, dünyada və Avropada gedən proseslərdə Türkiyə və Azərbaycan ciddi faktor kimi mövcuddur: "Dünyada Türkiyənin artan rolu bizi sevindirir və gücləndirir. Biz dost, qardaşıq və bundan sonra da bir-birimizi dəstəkləyəcəyik".
Prezident İlham Əliyev "Azərbaycan torpaqlarının 20 faizinin ermənilərin işğalı altında olduğunu, tarixi abidələrin və şəhərlərin dağıdıldığını vurğulayıb.
Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrində erməni silahlı qüvvələrinin həmin torpaqlardan qeyd-şərtsiz çıxması nəzərdə tutulsa, bu, kağız üzərində qalır: "Münaqişə beynəlxalq hüquq normaları və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlini tapmalıdır. Uzun illərdir, Azərbaycan Ermənistanın işğalından əziyyət çəkir. Beynəlxalq birlik tərəfindən tanınan torpaqlarımız Ermənistanın işğalı altındadır".
Prezident İlham Əliyev Dağlıq Qarabağ məsələsində dəstəyə görə bir daha Türkiyəyə təşəkkür edib.
Baş nazir Əhməd Davudoğlu isə öz növbəsində hərbi müdafiə sənayesi sahəsində Türkiyənin Azərbaycanla ortaq fəaliyyəti davam etdirəcəyini bildirib:
Türkiyə baş naziri deyib ki, ölkəsi Azərbaycanın müdafiə sənayesi qurmasına xüsusi önəm verir: "Qafqazda sülhün bərqərar olması Azərbaycan-Türkiyə əməkdaşlığından asılıdır. Görüşümüzdə Dağlıq Qarabağ münaqişəsinə də toxunduq. Türkiyə Azərbaycana torpaqları tam azad edilənədək dəstəyini davam etdirəcək. Problemlər sərhədlərə qarşılıqlı hörmətlə həllini tapır. Azərbaycan torpaqlarının 20 faizi işğal altında olmasından doğan çətinlikləri görürük".
TANAP layihəsi haqqında danışan Prezident İlham Əliyev qeyd edib ki, bu, Türkiyə və Azərbaycan layihəsidir: "Bu layihənin icrasında heç bir problem yoxdur".
O bildirib ki, TANAP layihəsi 2018-ci ildə, bəlkə də daha tez istifadəyə veriləcək: "Bununla da Türkiyə və Avropa ölkələri yeni qaz mənbəyinə çıxış əldə edəcəklər. Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Bizim əsas ixrac yolumuz da Türkiyə və Türkiyə üzərindən digər Avropa ölkələridir".
Əhməd Davudoğlu isə Heydər Əliyevin Türkiyə və Azərbaycanı bir millət, iki dövlət, şair Bəxtiyar Vahabzadənin də bir atanın iki övladı adlandırdığını xatırladıb. O, Azərbaycanın uğurla inkişaf etdiyini söyləyib: "Türkiyə hər zaman Azərbaycanın yanındadır. Əlaqələrimiz yüksək səviyyədədir. Azərbaycan prezidentini G20 sammitində iştirakı bizi qürurlandırdı. Görüşümüzdə TANAP layihəsinin 2018-ci ildə deyil, daha tez istismara verilməsi barədə razılığa gəldik, nazirlərə müvafiq tapşırıqlar verildi. Avropanın enerji təhlükəsizliyində Xəzərin resursları mühüm rol oynayır. Bakı-Tiflis-Qars dəmir yolu da Çindən Avropaya uzanan yolun onurğasını təşkil edir. Çinlə də bu mövzuda görüşlərimiz, müzakirələrimiz olub. Azərbaycan prezidentinin Çinə səfərində də bu məsələ müzakirə ediləcək. Biz Azərbaycanı, Bakını Asiyanın yüksələn ulduzu kimi görürük. Baş nazir kimi bəyan edirəm ki, qarşıdakı 4 ildə də Azərbaycan bayrağı haradadırsa, Türkiyə də orada olacaq".
Türkiyə baş naziri qeyd edib ki, iki ölkə ticarət dövriyyəsinin həcmini 5 milyard dollardan 15 milyard dollara çatdırmağı qarşıya məqsəd qoyub.
Əhməd Davudoğlu Azərbaycan Prezidenti ilə görüşündə Suriyada baş verənlər və noyabrın 24-də təyyarənin vurulmasından sonra yaranmış vəziyyət barədə məlumat verdiyini deyib və qeyd edib ki, Türkiyə dostu və qonşu Rusiyanın baş verənləri soyuqqanlı şəkildə dəyərləndirməsini gözləyir.
Baş nazir deyib ki, Rusiya Türkiyənin sərhədlərini dəfələrlə pozub və bu barədə dünya ictimaiyyətinə məlumat verilib: "Türkiyə sərhədləri bizim üçün müqəddəsdir. Digər tərəfdən, Suriya problemindən Türkiyə qədər təsir görən ölkə yoxdur. Türkiyədə 2 milyon suriyalı qaçqın var, qaçqın axınına görə indiyədək 8 milyard dollar xərcənib".
Əhməd Davudoğlu bildirib ki, Türkiyənin Suriya torpaqlarında gözü yoxdur: "Türkiyə Rusiya ilə hər bir məsələni müzakirə etməyə, eyni masa arxasında oturmağa hazırdır. Bu gün Türkiyə və Rusiya xarici işləri nazirləri Belqrada görüşəcəklər. Bizim üçün yeganə toxunulmaz məsələ sərhədlərimiz və suverenliyimizdir".
Baş nazir qeyd edib ki, Türkiyə İran və Rusiyaya qarşı iqtisadi təcriddə iştirak etməyib: "Ancaq bu gün Türkiyənin heç bir şəkildə günahı olmadığı bir hadisəyə görə Rusiyanın Türkiyəyə qarşı iqtisadi embarqosuna təəccüb edirik".
Əhməd Davudoğlu emosiyaları daha da qızışdıran Rusiya prezidenti Vladimir Putinə də çağırış edib: "İki qonşu ölkə olaraq masa ətrafında oturaraq problemlərin çözülməsinin tərəfdarıyıq. Türkiyəyə qarşı əsassız ittihamları isə qəbul etməyəcəyik. Türkiyə sərhədlərinin pozulmasına yönəlmiş heç bir addıma imkan verməyəcəyimizi də bir daha bəyan edirəm".