“ABŞ tərəfindən hansısa anti-Azərbaycan sanksiyalarının tətbiq olunması...” Siyasət

“ABŞ tərəfindən hansısa anti-Azərbaycan sanksiyalarının tətbiq olunması...”

Səməd Seyidov: "Yaxud bununla bağlı işlərin aparılması reallığı əks etdirməyən məsələlərdir"


Ermənistandan ölkəmizə qarşı diplomatik həmlə; AŞPA-da anti-erməni qətnamələrinin qəbulu ərəfəsində qurumun baş katibi Torbyörn Yaqland ölkəmizlə bağlı xüsusi araşdırma aparmağa göstəriş verib.
Azərbayacana qarşı daha bir qərar isə ABŞ-dan gəlib. ATƏT-in rəsmi saytında məlumat yayılıb ki, ABŞ Azərbaycana sanksiyalar tətbiq etməyə hazırlaşır. "Artıq neçə illərdir ki, Azərbaycan hökuməti müstəqil jurnalistlərə, müxalif siyasətçilərə və vətəndaş cəmiyyəti fəallarına qarşı sistematik təqib siyasəti yürüdür. ABŞ Helsinki Komissiyası bunu nəzərə alaraq Kris Smitin (Nyu-Cersi ştatı 04) rəhbərliyi altında bu gün ABŞ Konqresinə qanun layihəsi təqdim edib. Bu qanun layihəsi Azərbaycan hökumətinin yüksək rütbəli üzvlərinə viza verilməsinə qadağalar tətbiq olunmasını nəzərdə tutur" - deyə ATƏT-in saytında xəbər verilir.
Bu qərarların eyni amaca xidmət etməməsi və üst-üstə düşməsinin təsadüfi olması şübhə doğurur.
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, qurumun Monitorinq komitəsinin sədr müavini Səməd Seyidov deyib ki, Yaqlandın Azərbaycanla bağlı qərarı bizdə təəccüb doğurdu. S. Seyidov qeyd edib ki, Avropa Şurasının Londonda keçirilən iclasına qatılıb və həmin iclasda T. Yaqland bu kontekstdə çıxış edib: "Onun çıxışında konkret olaraq bu məsələ gündəmə gətirildi ki, üzv dövlətlər Avropa Şurasının qəbul etdiyi konvensiyaları yerinə yetirməkdən çəkinirlər, ehtiyat edirlər və bu da ümumiyyətlə, Avropa Şurasının bir qurum kimi mövcudluğuna təhlükə yaradır. Yaqland sözlərini təsdiq etmək üçün 10-15 ölkədən misal gətirdi. Mən bununla bağlı bir neçə məsələni diqqətə çatdırım. Birincisi, Böyük Britaniya Avropa Şurasının İnsan haqları konvensiyasını uzun illərdir müntəzəm olaraq yerinə yetirmir, hətta Avropa İnsan Haqları Məhkəməsinin qərarlarına əməl etmir. Bunu Yaqlandın özü də dedi. İkincisi, hər bir ölkə Avropa Şurasına daxil olarkən həmin konvensiyaların qeyri-şərtsiz həyata keçirilməsi ilə bağlı sənəd imzalayır. İlk dəfə Rusiya Federasiyası Konstitusiya Məhkəməsi qərar verdi ki, Avropa İnsan Haqları Məhkəməsinin hansı qərarı ölkənin Konstitusiyasına uyğun olacaqsa, onu yerinə yetirəcək. Üçüncüsü, Macarıstan bu iclasda öz Konstitusiyasının Avropa Şurasının konvensiyaları ilə uyğun gəlməməsi məsələsini qaldırdı. Dördüncüsü, bu yaxınlarda Polşada seçkilər nəticəsində Konstitusiya Məhkəməsinin hakimlərinin dəyişdirilməsi və bununla da Konstitusiyanın kobud şəkildə pozulması və sair məsələlər də qeyd olundu". S. Seyidov deyib ki, çıxışında Avropa Şurası İnsan Haqları Məhkəməsinin "Çıraqovlar məsələsi" haqqında qərarının da bura aid edilməsini istəyib. O, təəssüflə bildirib ki, beynəlxalq konvensiyaların həyata keçirilməsi ölkələr içərisində xaos, destabilizasiya və qeyri-sabitliyə gətirir, ona görə də ölkələr özlərini qorumaq üçün artıq beynəlxalq səviyyədə yox, lokal səviyyədə qanunların üstünlüyünə önəm verirlər: "Ən böyük beynəlxalq pozuntu Azərbaycan torpaqlarının işğal olunmasıdır. Qoy, cənab Yaqland Azərbaycana araşdırıcı missiyanı göndərməzdən əvvəl bu missiyanı Dağlıq Qarabağa, digər işğal olunmuş torpaqlara göndərsin. Görsünlər ki, Ermənistan Avropa məhkəməsinin tələblərini necə yerinə yetirir. İyirmi ildən çoxdur ki, bütün beynəlxalq qanunları pozaraq, Avropa Şurasının bütün qərarlarına zidd olaraq Azərbaycanın ərazisinin bir hissəsini işğalda saxlayırlar. Cənab baş katib qoy iclasda adını çəkdiyi bütün ölkələrə missiya göndərsin. Niyə məhz Azərbaycan? Hesab edirəm ki, bu, növbəti anti Azərbaycan addımlardan biridir və bu addım heç bir ciddi nəticəyə gətirib çıxara bilməz. Bu gün Avropa Şurasında onsuz da dezinteqrativ proseslər gedir və bu proseslərə baş katib bu şəkildə təsir göstərmək istəyirsə, o zaman həmin proseslər daha da sürətlənəcək. Nəticədə zərər çəkən Azərbaycan yox, böhran içərisində olan Avropa Şurası olacaq".
S.Seyidov həmçinin əlavə edib ki, ABŞ Konqresinə Azərbaycanda yüksək vəzifəli məmurlara sanksiyaların tətbiq olunması ilə bağlı layihə təqdim olunması xəbərlərinin yayılmasının Avropa Şurası baş katibinin Azərbaycana araşdırıcı missiya göndərməsi qərarı ilə eyni vaxta düşməsi təsadüf deyil və bunun özü hər şeyi açıq ortaya qoyur.
S. Seyidov qeyd edib ki, hazırda maraqlı proseslər gedir: "Bu, növbəti anti-Azərbaycan dalğasının başlanmasının işartılarıdır. Biz hesab edirik ki, ABŞ tərəfindən hansısa anti-Azərbaycan sanksiyalarının tətbiq olunması, yaxud bununla bağlı işlərin aparılması reallığı əks etdirməyən məsələlərdir. Bu cəhdlər dəfələrlə olub və əminəm ki, bundan sonra da bu qüvvələr Azərbaycana qarşı işləyəcək. Amma zaman göstərir ki, bu kimi təşəbbüslərin heç bir faktiki əhəmiyyəti olmur, ola da bilməz. Eyni zamanda bu addımlar daha çox həmin sanksiyaları tətbiq edən ölkələrin özünə təsir göstərəcək".
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı isə bildirib ki, hər hansı bir dövlət digər dövləti tənqid etməmişdən öncə öz ölkəsində insan hüquqlarının müdafiəsinə diqqət yetirməlidir: "Әgər ABŞ-da Quantanamo kimi həbsxana varsa və orada insan haqları kobud şəkildə pozulursa, qaradərili insan polis tərəfindən öldürülürsə və hər hansı araşdırma aparılmırsa, irqi ayrıseçkilik, ksenefobiya, islamafobiya baş verirsə, ABŞ-da prezidentliyə namizəd olan bir şəxs müsəlmanları Amerikaya buraxmamağa çağırırsa və bu kimi bəyənatlarla çıxış edən ölkənin istənilən ölkə haqqında dediklərini ciddiyə almaq lazım deyil".
Aparat rəhbəri qeyd edib ki, Azərbaycanın müstəqil siyasət yeritməsi bəzi ölkələri qıcıqlandırır: "Azərbaycanda müəyyən problemlər ola bilər. Amma bunu qlobal səviyyədə göstərmək və Azərbaycanda insan haqlarının kobud şəkildə pozulması kimi təqdim etmək ədalətsizlikdir".
A.Səfixanlınının sözlərinə görə, Azərbaycanda insan haqlarının vəziyyəti ilə bağlı hər il hesabat verilir. Orada həm müsbət cəhətlər, həm də problemlər öz əksini tapır:"Başqa ölkələrə ilk növbədə tövsiyyə edərdik ki, öz ölkələrindəki vəziyyəti dəyərləndirdikdən sonra başqa ölkə ilə bağlı bu səpkili fikirlər səsləndirsinlər. Hazırkı dövrdə Azərbaycanda insan haqlarının təmini ilə bağlı onların qeyd etdiyi formatda problem yoxdur. Bu gün Azərbaycanda qanunlar var və qanunlar işləyir. Әsas məsələ odur ki, insan haqlarının təmini sahəsində dövlətin siyasi iradəsi var və buda həyata keçirilir".