Gürcüstan “qaz” axtarır Siyasət

Gürcüstan “qaz” axtarır

Yaxud gürcü siyasətinin ənənəvi siması(zlığı)

Gürcüstanın Energetika Nazirliyi İrandan təbii qaz alınması ilə bağlı danışıqlar aparıldığını təsdiqləyib. Nazirlik bunu Gürcüstanın perspektivdə stabil və fasiləsiz olaraq təbii qazla təchiz edilməsi ilə əlaqələndirib: "Kütləvi informasiya vasitələrində İranın Ermənistan üzərindən Gürcüstana 8-15 milyon kubmetr elektrik enerjisinin istehsalı üçün təbii qaz tədarükünə başlaması ilə bağlı məlumat yayılıb. Bununla bağlı qeyd etmək lazımdır ki, hazırkı mərhələdə İran tərəfi ilə təbii qazın tədarükü ilə bağlı konkret razılıq mövcud deyil. Təbii ki, təbii qazın tədarükü məsələsi də həll olunmayıb. Onu da qeyd etmək lazımdır ki, İran dünyanın ən iri qaz istehsalçısıdır və regiondakı bütün potensial tədarükçülərlə danışıqları davam etdirir. Məqsəd Gürcüstanı uzunmüddətli perspektivdə stabil və fasiləsiz olaraq təbii qazla təchiz etməkdir".
İran KİV-ləri isə bildirir ki, İran Ermənistan vasitəsilə Gürcüstana təbii qazın nəql edilməsi üçün rəsmi Tiflislə danışıqlar aparır.
İranın Milli Qaz Şirkətinin nümayəndəsi Əli Rza Kamili bildirib ki, Gürcüstanla əldə olunmuş razılığa əsasən İran qazı Ermənistanla sərhədədək çatdıracaq, Gürcüstan isə onu Ermənistanla sərhəddə almalıdır: "Bununla yanaşı razılaşma iqtisadi baxımdan Gürcüstan üçün sərfəli olmalıdır. Qaz tədarükünün həcmi 300-500 mln. kubfut təşkil etməlidir".
Əli Rza Kamili vurğulayıb ki, Gürcüstana tədarük olunacaq təbii qaz ancaq ölkənin daxili tələbatını ödəmək üçündür. Şirkət rəsmisi həmçinin qeyd edib ki, İran qazının Avropaya boru vasitəsi ilə nəql olunması məsələsi gündəmdə deyil. Çünki Avropa İttifaqı sıxılmış təbii qazın tədarükündə daha maraqlıdır.
SOCAR-ın Gürcüstandakı törəmə şirkəti olan "SOCAR Energy Georgia" İranın Ermənistan üzərindən Gürcüstana təbii qaz tədarükü ilə bağlı planlarını normal qiymətləndirib.
"SOCAR Energy Georgia"nın baş direktoru Mahir Məmmədov bu sövdələşmənin SOCAR-ın Gürcüstana tədarük etdiyi qazın həcminə təsir etməyəcəyini bəyan edib: "Əgər Gürcüstan əlavə qaz həcminə ehtiyac duyursa, onu cəlb etməyə tam ixtiyarı var. Bu, SOCAR-ın Gürcüstana tədarük etdiyi qaz həcminə təsir etməyəcək. Bizim Gürcüstan hökuməti ilə 2025-ci ilə qədər müqaviləmiz var. Müqaviləyə görə, "SOCAR Energy Georgia" Gürcüstanın bütün sosial sektorunu təbii qazla təmin edəcək. Əgər müəyyən dövr ərzində bəzi səbəblər üzündən biz qaz tələbatını ödəyə bilməsək, Gürcüstan tərəfinin başqa mənbələrdən qaz tədarük etmək imkanı var".
Baş direktor bildirib ki, hər il Gürcüstan bazarında qaza olan tələbat 8-9% artır: "Kommersiya təyinatlı qazın Gürcüstana tədarükü və satışı tamamilə açıq bazar və rəqabət prinsiplərinə uyğun şəkildə həyata keçirilir. Hazırda Gürcüstanda digər təyinatlı istehlakçıların tələbatını biz ödəyirik. Bizim təklif etdiyimiz qiymətlər də çox uyğundur".
Baş direktorun sözlərinə görə, İranın Ermənistan vasitəsilə Gürcüstana tədarük edəcəyi təbii qaz bu bazarda rəqabət yaratmayacaq: "Gürcüstan bazarı həddindən artıq kiçik bazardır, burada ciddi rəqabət ola bilməz. İran tərəfindən Gürcüstana qaz verilməsi mexanizmləri mövcud deyil. Bu mexanizm barəsində hələlik ancaq danışıqlar aparılır. Bu mexanizm işə düşərsə, bu qazı yerləşdirmək üçün bir yer, bir bazar olmalıdır. Əgər bu qaz Azərbaycan qazından ucuz olacaqsa, onu tədarük etmək mümkün olacaqsa, aydın məsələdir ki, rəqabət olacaq. Ancaq, bir daha deyirəm ki, Gürcüstan bazarı çox kiçikdir və Azərbaycanın Gürcüstan tərəfi ilə bağladığı müqavilələr bizə tamamilə rahat fəaliyyət göstərməyə imkan verir".
Xatırladaq ki, bir müddət öncə Gürcüstanın Rusiyanın "Qazprom" şirkəti ilə də danışıqlar apardığı üzə çıxmışdı. Prosesdə Gürcüstanın enetgetika naziri Kaxa Kaladze xüsusi fəallıq nümayiş etdirirdi.
Kaladze bəyan etmişdi ki, Azərbaycanın Gürcüstanı qazla təmin etmək imkanı yoxdur: "Gürcüstan höküməti ölkəni qazla təmin etmək üçün Rusiyadan əlavə mavi yanacaq almaq məcburiyyətindədir".
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstana səfərindən sonra rəsmi Tiflisin sabiq futbolçu Kaxa Kaladze vasitəsilə oynadığı "təbii qaz" oyununa qısamüddətli fasilə verildi.
İki ölkə arasında münasibətlərin arzuolunmayan məcraya yönəlməsinə zəmin yaradan proseslər səngiyən kimi Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verdiyini bəyan etdi. Bu ölkənin qanunvericiliyinə uyğun olaraq, hökumət tam tərkibdə istefaya göndərildi. Baş nazir postu Georgi Kvirikaşviliyə həvalə olunsa da hökumətin tərkibində dəyişiklik baş vermədi. Başından böyük bəyanatlar verməklə Gürcüstan-Azərbaycan münasibətlərinə xələl gətirməyə çalışan Kaxa Kaladze də öz vəzifəsini qoruyub saxladı...
...Və beləliklə proseslərin arxasında rəsmi Tiflisin, daha doğrusu hakimiyyətin rəsmi Tiflisdən daha çox rəsmi olan qeyri-rəsmi sahibi İvanaşvilinin dayandığı bir daha təsdiqini tapdı...
Azərbaycan Gürcüstan siyasətçilərinin qeyri-sabit davranışlarına və bəzən aşırı həyasızlıqla müşayiət olunan həyazıslığına öyrəncəlidir. Biz Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Qars layihələri ilə bağlı danışıqların aparıldığı dövrdə Azərbaycandan əlavə qazanc qoparmaq istəyən Gürcüstan siyasilərinin hansı oyunlardan çıxdığını unutmamışıq. Görünür gürcülər də öyrəncəli olublar... Və yaranmış vəziyyətdən maksimum istifadə etməyə cəhd göstərirlər. Bu, gürcü siyasətinin ənənəvi simasıdır... Dünya bazarında neftin qiyməti aşağı düşdükcə və Azərbaycanın gəlirləri azaldıqca gürcülərin manipulyativ davranışlarının əhatə dairəsi daha da genişlənəcək. Bu baxımdan, gürcü siyasətçilərinin bütün alternativlərini sıradan çıxarmaq, bu ölkənin Azərbaycandan asılılığını maksimum həddə çatdırmaq lazımdır.

Murad Yenigun