“Regionda vəziyyət onsuz da gərgindir” Siyasət

“Regionda vəziyyət onsuz da gərgindir”

Tofiq Abbasov: "Risklər durmadan artır"

"Son onilliklər ərzində, xüsusən də İranda İslam inqilabı baş verdikdən sonra İranla Səudiyyə Ərəbistanı arasında açıq mübarizə gedir. Bu dövlətlərin heç biri bölgəyə liderlik etmək iddiasını gizlətmir. İki dövlətin hər birinin təbii sərvətləri, hərbi gücü var və buna əsaslanaraq da niyyətlərini gizlətmir, maraq dairələrini daim genişləndirməkdən əl çəkmirlər. Bu da təbii prosesdir. İran şiə təriqətli İslam ölkəsi kimi öz maraqlarını güdür. Səudiyyə Ərəbistanı da sünni təriqətli müsəlman ölkəsi kimi körfəz dövlətlərindən ibarət koalisiya formalaşdırıb və İrana qarşı mübarizəsini davam etdirir". Bu fikirləri politoloq Tofiq Abbasov səsləndirib. O, bildirib ki, "Ərəb baharı"ndan sonra yaranmış durum bu iki ölkənin mübarizə meydanını bir qədər də genişləndirib: "Çünki hər iki dövlətin öz müttəfiqləri var. Misal üçün Suriya uzun illərdir ki, İranın rəsmi müttəfiqidir. Hələ İran-İraq müharibəsi zamanı Səudiyyə Ərəbistanı körfəz dövlətləri ilə birlikdə İraqa – Səddam Hüseyn rejiminə dəstək verirdi. Səkkiz illik bu müharibədə İrana dəstək verən ölkə Suriya oldu. İndiki situasiyada da əsas diqqət təriqət mübarizəsinə yönəlib. Amma bu dövlətlərin prioritetlərini də nəzərdən qaçırmaq olmaz. Yaxın Şərqdəki bəzi ölkələr İranın təsiri altındadırlar. Səudiyyə Ərəbistanı bunun qarşısını almaq üçün çoxsaylı tədbirlər həyata keçirir, maliyyə resurslarını işə salır və sair. Hazırda Yəməndə davam edən proseslərdə biz bunu aydın müşahidə etməkdəyik. Hesab edirəm ki, İranın geosiyasi səhmləri daha sabit indeksə malikdir, nəinki Səudiyyə Ərəbistanın. Çünki İranın olduğu bölgələrdə, o cümlədən Livan, Suriya və Yəməndə rəsmi Tehranın mövqeləri özünü doğruldur. Bu ölkələrdə İranı dəstəkləyən qüvvələr mübarizədə duruş gətirə bilirlər. Səudiyyə Ərəbistanı isə bu proseslərdə bir qədər ehtiyatsız tərpənir, əlindəki iri maliyyə vəsaiti müqabilində hər hansı nailiyyətlər əldə etməsi görünmür. Bütün bu proseslər fonunda bir müddət əvvəl Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yaradılan, 34 dövlətin də üzv olduğu koalisiyanın nəyə görə və kimə qarşı meydana çıxdığını daha aydın təsəvvür edə bilərik. Hazırda İranla Səudiyyə Ərəbistanı arasında yaranan gərginlikdən sonra Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Sudan da rəsmi Ər-Riyada dəstək nümayiş etdirdilər, Tehranla diplomatik əlaqələri kəsdilər. Ola bilsin ki, bu cərgədə düzülən dövlətlərin sayı artsın. Ancaq bu, o qədər də önəm kəsb edən məsələ deyil. Misal üçün, Səudiyyə Ərəbistanına dəstək verəcək Somali və ya Çad kimi kövrək dövlətlər İrana hansısa təsir etmək gücündə deyillər. Somali bir dövlət olaraq heç mövcud deyil və burada qəbilələr arasında kəskin mübarizə gedir. Belə olan halda həmin dövlətin İrana hansı təsirindən danışmaq olar? İnanmıram ki, belə bir şəraitdə Pakistan, İndoneziya, Malayziya və sair kimi nüfuzlu dövlətlər İrana qarşı mövqe nümayiş etdirsinlər. Birincisi, bu ölkələr oturuşmuş, güclü dövlətlərdir, onların öz siyasətləri, maraqları və planları var. Həmin dövlətlər İranla çox böyük sazişlərə, əməkdaşlıqlara hazırlaşırlar".
Ekspert hesab edir ki, Səudiyyə Ərəbistanının ABŞ-la münasibətləri indiki vəziyyətdə bir qədər soyuqdur: "Çünki rəsmi Ər-Riyad nüvə danışıqlarının nəticəsi olaraq, Amerika və İran arasında sazişin imzalanacağını, müəyyən razılıq əldə ediləcəyini gözləmirdi. Bu anlaşmadan sonra Səudiyyə Ərəbistanı İsraillə münasibətləri yaxşılaşdırmağa başladı. Digər ərəb dövlətləri də İrana qarşı mübarizədə kiminlə olsa razılaşmaya, yaxınlaşmağa, müttəfiqliyə getməyə hazırdırlar, təki rəsmi Tehranın mövqeləri zəifləsin. Rusiya və İranın münasibətlərinə gəlincə, Suriyada hər iki dövlətin maraqları və mövqeyi üst-üstə düşür. Rəsmi Moskva Suriyada Bəşər Əsəd rejiminə hərbi dəstək verəndən, İraq Şam İslam Dövlətinə (İŞİD) qarşı əməliyyatlara başlayandan sonra regionda geosiyasi vəziyyət bir qədər dəyişib. İŞİD-lə mübarizə daha konkret hal almağa başlayıb. Bəlli oldu ki, ABŞ-ın rəhbərliyi ilə İŞİD-ə qarşı bir ildən artıqdır mübarizə aparan koalisiya əsl reallıqda elə də ciddi işlər görməyib. Onların tək niyyəti Bəşər Əsədi siyasi meydandan çıxarmaq olub. Ona görə də Rusiya və İran rəsmi Dəməşqi müdafiə etməklə bərabər, İŞİD terrorçularının da mövqelərinə ciddi zərbələr vurublar".
O, həmçinin deyib ki, regionda vəziyyət onsuz da gərgindir və risklər durmadan artır: "Səudiyyə Ərəbistanının İranla diplomatik münasibətləri kəsməsi bu gərginliyi, riski bir qədər də artırıb. Bu iki dövlət bir-birinin acığına müxtəlif addımlar atmaqla, təhrikedici mövqe də nümayiş etdirirlər. İndiki situasiyada daha bir böhranın ortaya çıxması qlobal müharibənin reallaşması təhlükəsini də meydana gətirir. Bu ölkələrin özündə və ətraflarında da vəziyyət natarazdır. Terrorizm deyilən anlam baş alıb gedir. Bilmək olmur ki, terrorizm və terrorizmlə mübarizənin sərhədləri harada başlayıb harada sona çatır, kim bunları idarə edir, maliyyələşdirir, hansı qüvvələr kimlərlə danışıqlara gedirlər, kimə qarşı birləşirlər və sair. Bir sıra hallarda bəzi terrorçu qruplaşmalarda müəyyən ölkələrin əli olduğu da üzə çıxır".