“Azərbaycan hakimiyyətinin aparıdığı islahatlar nəticəsində ölkə yaranmış durumdan uğurla çıxa biləcək” Siyasət

“Azərbaycan hakimiyyətinin aparıdığı islahatlar nəticəsində ölkə yaranmış durumdan uğurla çıxa biləcək”

Musa Qasımlı: " İqtisadi, sosial və struktur islahatları ölkənin, dövlətin daha da güclənməsi ilə nəticələnəcək"

Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyev qarşıda duran vəzifələri müəyyənləşdirməklə yanaşı, aidiyyəti strukturlara müvafiq tapşırıqlar da verib. Verilən sərəncam və qərarların icrası həyata keçirilib. Hər bir vətəndaş atılan addımlarım müsbət nəticələrini öz həyatında hiss etməyə başlayıb.
Qeyd edək ki, aparılan islahatların əsas qayəsi insanların sosial müdafiəsini gücləndirmək, dünyada müşahidə olunan böhranın insanların durumuna təsirini minimüm həddə çatdırmaqdır. Pensiya və əmək haqlarının 10 faiz qaldırılması vətəndaşların rifah halının yüksəldilməsinə yönəlmiş önəmli addımdır.
Paralel olaraq dövlət qrumları süni bahalaşmaya qarşı ciddi mübarizə aparır, çörəyin və unun qiyməti əhəmiyyətli dərəcədə aşağı düşməsi istiqamətində effektiv işlər görülüb. Yaranmış vəziyyətdən şəxsi və siyasi maraqları üçün sui-istifadə etmək istəyənlər - təxribatçılar, işbazlar, dəllallar məsuliyyətə cəlb olunublar.
Milli Məclisin üzvü, professor Musa Qasımlı hesab edir ki, son 10 ildə Azərbaycanın dünyada ən sürətlə inkişaf edən ölkələrdən biri olub: "Dünyanın aparıcı iqtisadi və maliyyə qurumları bunu təsdiq edir. Düşünürəm ki, 2016-cı ildə Azərbaycanda iqtisadi inkişafla bağlı heç bir problem olmayacaq. 2015-ci ildən başlayaraq dünyada neftin qiyməti 4 dəfə aşağı düşmüş, bu da neft hasil edən ölkələrin, o cümlədən Azərbaycanın gəlirlərin azalmasına səbəb olub. Azərbaycanda yaranmış vəziyyətdən çıxmaq üçün zəruri addımlar atılır. Digər neft ölkələri ilə müqayisədə Azərbaycan ən az itki ilə üzləşib".
M.Qasımlıya görə, Azərbaycan hakimiyyətinin aparıdığı islahatlar nəticəsində ölkə yaranmış durumdan uğurla çıxa biləcək: "İslahatlar artıq fayda verməyə başlayıb. İqtisadi, sosial və struktur islahatları ölkənin, dövlətin daha da güclənməsi ilə nəticələnəcək. Dövlətimizin güclənməsi xarici siyasətdə də özünü biruzə verəcək. Hesab edirəm ki, 2016-cı ildə Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində müsbət irəliləyişlər əldə edəcək".