“Belə ədalətsizlik görməmişdim” Siyasət

“Belə ədalətsizlik görməmişdim”

"Avropa Şurası Parlament Assambleyasında (AŞPA) 11 illik fəaliyyətim dövründə ədalətsiz bir müzakirənin şahidi oldum".
Bu barədə hazırda Strasburqda olan Azərbaycan nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.
Millət vəkili qeyd edib ki, "Dağlıq Qarabağ və Azərbaycanın işğal olunmuş digər ərazilərində zorakılıq hallarının artması" adlı hesabatın müzakirəsi zamanı çıxışa yazılmış 6 nəfər Azərbaycan münayəndə heyəti üzvündən sadəcə 1 nəfərə, Rafael Hüzeynova söz verilib: "Məhz Rafael Hüseynov həqiqətləri Assambleyanın diqqətinə çatdırdı. Müzakirələr elə təşkil edilmişdi ki, ümumiyyətlə çox az adam çıxış edə bildi. Azərbaycan əlehdarlarının daha çox çıxış etmək imkanı olduğu və ya yaradıldığı müzakirələrdə bir daha din faktorunun nə qədər önəmli olduğunu hiss etmək çətin deyildi. ATƏT-in Minsk Qrupu həmsədrləri isə bütün təzyiq gücünü işə salaraq mənim monopoliyamda olan məsələnin müzakirəsinə imkan verməyəcəm açıqlamasını bir sıra millət vəkilinin dilindən açıq şəkildə səsləndirdi. Minsk qrupu həmsədrlərinin bu mövqeyi onların problemin həllində deyil onun dondurulmuş vəziyyətdə saxlamaqda maraqlı olduqlarını, ədalətin yanında olmadıqlarını bir daha sübut etdi".
Qənirə Paşayevanın sözlərinə görə, sənədin qəbul olunmaması üçün bütün Ermənistan və erməni lobbisi ilə yanaşı bir sıra Avropa dövlətləri də ciddi lobbiçilik ediblər: "Özəlliklə Fransanı qeyd etmək istərdim. Fransa heyətindən çıxış edənlərin Ermənistan heyətindən çıxış edənlərdən heç bir fərqi yox idi və ədalətsiz yanaşmalar və çağırışlar səsləndirirdilər. Çıxış imkanı olmasa da düzəlişlərlə bağlı 30 saniyəlik qısa zamandan istifadə edərək AŞPA-dakı həmkarlarımı Azərbaycan heyəti adından sənədin qəbuluna çağırsam da psixoloji abu-havanın nə qədər gərgin olduğunu hamımız hiss edirdik. Amma Azərbaycan bütün ədalətsizliklərə rəğmən çox iş aparmışdı və sadəcə 4 səslə sənədin qəbul olunmasını əngəllədilər".