Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirələr aparılıb Siyasət

Milli Məclisdə bələdiyyələrlə bağlı müzakirələr aparılıb

Arif Rəhimzadə: "Milli Məclisdə deyilən irad və təkliflərə heç bir reaksiya verilmir"

Fazil Mustafa:"Böyük şəhər bələdiyyələri yaradılmalıdır"

Siyavuş Novruzov:"Bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azaldılmalıdır"


Milli Məclisdə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın -Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin illik məruzəsi müzakirəyə çıxarılıb. Məruzəni ədliyyə nazirinin müavini Vilayət Zahirov təqdim edib.
V. Zahirov deyib ki, 2015-ci ildə bələdiyyələrin qanunsuz torpaq satışlarının qarşısının alınması üçün tədbirlər həyata keçirilib. Keçən il bələdiyyələr tərəfindən 1406 hektar torpaq sahəsinin qanunsuz verilməsinin qarşısı alınıb. Pozuntular sırasında bələdiyyə iclaslarında müzakirə edilmədən torpaqların satılması barədə bələdiyyə sədri tərəfindən təkbaşına qərar verilməsi, torpaqların hərraclar zamanı dəyərindən aşağı satılması qeyd edilib. Nazir müavini "Bələdiyyə satınalmaları haqqında" qanunun qəbulunu təklif edib.
Parlamentin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib ki, 2015 və 2016-cı ildə dövlət büdcəsindən bələdiyyələrə subvensiya ayrılmayıb: "Bələdiyyələr fiziki şəxslərdən torpaq və əmlak vergisini toplamaqda çətinliklərlə üzləşir, fiziki şəxslər bu vergilərdən yayınırlar. Digər tərəfdən, çoxlu sayda çoxmərtəbəli binaya mülkiyyət sənədləri verilməyib, ona görə də bu binalardakı mənzillərdən əmlak vergisi yığmaq mümkün deyil. İndiyə qədər bələdiyyələrin heç də hamısı mülkiyyətində olan torpaqların xəritələrini əldə edə bilməyib. Ümumiyyətlə, qəribə vəziyyət yaranıb. Nazirlər Kabineti istisna olmaqla,Milli Məclisdə deyilən irad və təkliflərə heç bir reaksiya verilmir. Milli Məclisdə səslənən irad və təkliflər müvafiq orqanlara göndərilsin, onlardan cavab tələb edək".
Spiker Oqtay Əsədov deyib ki, ilk dövrlərdən bələdiyyələr haqqında pis fikir formalaşıb: "Bələdiyyələrə şərait yaratmaq, onlara dəstək vermək lazımdır. Ancaq bələdiyyələrin də real fəaliyyəti olmalıdır ki, onlara dəstək verilsin. Bələdiyyələrə vergi yığmaq üçün sanksiya səlahiyyəti verilə də bilər. Bəzi bələdiyyələr yaxşı işləyir, əksəriyyət yaxşı işləmirsə, deməli, bələdiyyələr sistemi düzgün qurmayıblar. Bələdiyyələrin hesabatı formal olmamalıdır".
Millət vəkili Fazil Mustafa bildirib ki, böyük şəhər bələdiyyələri yaradılmalıdır. Eyni zamanda, sual verib ki, "bu qədər xırda qurumlara nə ehtiyac var?"
Millət vəkili Zahid Oruc bildirib ki, ötən müddətdə yerli icra orqanlarını bələdiyyələrin müstəqilliyinin faydalı olmasına inandırmaq mümkün olmayıb: "Tez-tez mətbuatda oxuyuruq ki, İcra Hakimiyyəti başçısı bələdiyyə sədrinə xəbərdarlıq edir, bələdiyyə sədrinə vaxt verir. İcra Hakimiyyəti başçısı hansı səlahiyyətlə bələdiyyəyə xəbərdarlıq edir? Digər tərəfdən, niyə bələdiyyələrin dövlət büdcəsinin yardımına ehtiyacı var, vergiləri yığmaq mümkün olmur? Bələdiyyələri torpaqsatan imicindən çıxarmaq üçün ya onlara müstəqillik verməli, ya da bələdiyyələri ləğv etməliyik. Vətəndaş bilməlidir ki, vergi üçün verdiyi pul sonra yolların düzəlməsinə, bələdiyyə kreditlərinin ödenmesine sərf olunacaq. O halda vətəndaş bölgələrə qayıdacaq. Bölgələrdə 1 milyon iş yeri açılması imkanı var".
Millət vəkili Siyavuş Novruzov isə, bələdiyyələrin və bələdiyyə üzvlərinin sayının azaldılmasını təklif edib:"Türkiyədə bir kənddə bir muxtar seçirlər, ancaq biz 200 əhalisi olan kəndə 5 bələdiyyə üzvü seçirik. Bu, nəyə lazımdır?"
S. Novruzov Azərbaycanda 5300 bələdiyyə olduğunu xatırladıb: "Bələdiyyələrin və bələdiyyə üzvlərinin sayı azaldılmalıdır".
Müzakirələrdən sonra məruzə səsverməyə çıxarılıb və qənaətbəxş sayılaraq qəbul olunub.