Avropa Məhkəməsi siyasi quruma çevrilir Siyasət

Avropa Məhkəməsi siyasi quruma çevrilir

Çingiz Əsgərov: "Avropa İnsan Haqları Məhkəməsi erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ərizələrinə baxmaqdan imtina edib"

Nizami Səfərov: "Haaqada yerləşən məhkəmədə Xocalı soyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur"

Qüdrət Həsənquliyev: "Xocalı soyqırımına baxılması üçün Haaqa məhkəməsində aidiyyəti orqanın yaradılması məsələsi çoxdan qaldırılmalıydı"

"Xocalı soyqırımı ilə bağlı 39 nəfərin cinayət məsuliyyətinə cəlb edilməsi üçün məhkəmələr tərəfindən barələrində həbs qətimkan tədbiri seçilib və həmin şəxslər axtarışa verilib".
Bunu Hərbi Prokurorluğun xüsusi istintaq şöbəsinin rəisi Rauf Məmmədov Milli Məclisdə keçirilən "Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində" adlı tədbirdə deyib. O bildirib ki, həmin cinayətləri törətməkdə şübhəli bilinən 231 nəfərin tam anket məlumatlarının müəyyən edilməsi və onların gizləndiyi yerlərin müəyyənləşdirilməsi məqsədilə istintaq-əməliyyat tədbirləri davam etdirilir: "1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda törədilən vəhşiliklərlə bağlı cinayət işi 1992-ci il fevralın 27-də o vaxt mövcud olan Qarabağ Rayonlararası Prokurorluğu tərəfindən başladılıb. Həmin cinayət işinin istintaqı ilə bağlı 2002-ci il dekabrın 18-də Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və keçmiş Milli Təhlükəsizlik Nazirliyinin birgə istintaq-əməliyyat qrupu yaradılıb".
Rauf Məmmədov bütün cinayət işlərinin bir icraatda birləşdirildiyini söyləyib: "2005-ci ilin may ayında cinayət işinin istintaqına nəzarət Respublika Hərbi Prokurorluğuna həvalə edildikdən sonra, həmin ilin iyul ayında cinayət işləri sülh və insanlıq əleyhinə və müharibə cinayətlərinə tövsif edilərək hazırda Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsində istintaq edilir".
Milli Məclis sədrinin müavini Bahar Muradova isə ədalətin gec-tez öz yerini tapacağını deyib. Bahar Muradova bildirib ki, Azərbaycan xalqı bu haqsızlığı qəbul etmir və gələcəkdə də etməyəcək: "Bu faciənin dünya ictimaiyyətinə dəqiq şəkildə çatdırılmasında ölkədə böyük işlər görülür. İnsanlığın bir qismi Xocalı soyqırımını günün hadisəsi kimi qəbul edir, bir qismi bunun yolverilməz olduğunu, əksəriyyəti isə görməməzlikdən gəlirdi. Ən ağrılı tərəfini təbii ki, Azərbaycan xalqı yaşadı. Çünki bu illər ərzində belə faciəni yaşamağa layiq olmadığımızı düşündük. Azərbaycan müstəqil dövlət kimi bu müddət ərzində bütün dünyaya öz sözünü layiqincə çatdıra bildi. Ona görə də özünə qarşı belə cinayəti qəbul etmədi və bundan sonra da etməyəcək. Çünki bu, nə insanlığa, nə bəşəriyyətə, nə də humanist adət-ənənələrə sığır. Lakin nə etmək olar ki, hadisə baş verib. Keçən müddət ərzində həm hökumət, həm parlament, həm də vətəndaş cəmiyyəti səviyyəsində Azərbaycan dövləti Xocalı soyqırımı, eləcə də Dağlıq Qarabağ probleminin dünya ictimaiyyətinə çatdırılması istiqamətində hərtərəfli fəaliyyət göstərməyə çalışıb
Hər il Xocalı soyqırımı ərəfəsində keçirilən tədbirlər daha da intensivləşir. Bir çoxları cinayət törədicilərinin ədalət mühakiməsi qarşısında dayanmasını tələb edir.
Gec-tez bu hadisənin baş verəcəyinə inanırıq. Ona görə də lazımi bütün addımları atırıq. Azərbaycanın həyatının bütün istiqamətlərinə obyektiv və dövlətçilik mövqeyinə münasibət yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra baş verib. O dövrdə ilk dəfə olaraq beynəlxalq qurumlara məhz Xocalı soyqırımı ilə bağlı məktubla müraciət edilmişdi. 1994-cü ildə bu faciə soyqırımı adlandırıldı. Qəbul edilən müvafiq sənədlərdən sonra bu məsələnin heç də ayrılıqda baş verən hadisə olmadığını, Azərbaycana qarşı erməni millətçilərinin dəyirmanına su tökən beynəlxalq dairələrin məqsədyönlü, ardıcıl müəyyən hədəflərə söykənən fəaliyyət olduğunu, Xocalının da məhz bu fəaliyyətin ən dəhşətli nəticələrindən biri olduğunu qəbul etdirdik. Bu ardıcıl siyasət indi də İlham Əliyev tərəfindən davam etdirilir.
Azərbaycanın artan nüfuzu imkan verdi ki, bu məsələlər daha geniş miqyasda dünyanın bütün qitələrini əhatə etdi. Bu gün heç kəs inkar edə bilməz ki, Xocalı soyqırımı baş verməyib. Xocalı soyqırımı beynəlxalq hüquq müstəvisində indiyə kimi araşdırılmağa səy göstərilsə də buna hüquqi baxışlar hələ də bizim istədiyimiz səviyyədə deyil".
Avropa İnsan Haqları Məhkəməsi yanında səlahiyyətli nümayəndəsi, Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri Çingiz Əsgərov Xocalı soyqırımı ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edilməsi üçün müvafiq tədbirlər görüldüyünü xatyırladıb. Çingiz Əsgərov qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində baş vermiş insan hüquqları pozuntularının dünya ictimaiyyətinə çatdırılması, insanlara dəyən zərərin işğalçı Ermənistan tərəfindən ödənilməsinin beynəlxalq təşkilatlarda qaldırılması barədə müvafiq dövlət orqanlarına tapşırıqlar verilib.
O bildirib ki, Azərbaycan Avropa İnsan Hüquqları Konvensiyasına qoşulduqdan dərhal sonra vətəndaşların AİHM-ə müraciət etməsi imkanları təhlil edilərək zəruri tədbirlərin hədləri müəyyənləşdirilib: "Qaçqın və məcburi köçkünlərlə görüşlər keçirilib və Ermənistana qarşı yüzlərlə ərizə Avropa Məhkəməsinə təqdim edilib. Bu ərizələrdə nəinki mülki hüququn pozulması, hətta şəxsi və ailə təhlükəsizliyi, o cümlədən etnik ayrı-seçkilik məsələsi qaldırılıb. Xocalısakinlərinin ərizələrində Avropa Konvensiyasının 2-ci və 3-cü maddələri rəhbər tutularaq erməni quldurları tərəfindən onların işgəncələrə məruz qalması, yaxın qohumlarının öldürülməsi məsələləri əksini tapıb. Bu ərizələrdə Ermənistan dövləti cavabdeh kimi çıxış edir. Amma təəssüflər olsun ki, hazırda Avropa Məhkəməsində və Avropa Şurasında xoşagəlməz hadisələrin şahidi oluruq. Avropa Məhkəməsi hüquqdan uzaqlaşaraq siyasi quruma çevrilir. Qurum müstəqil məhkəmə xüsusiyyətini itirməkdədir".
PA rəsmisi deyib ki, hazırda erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyev Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər, lakin məhkəmə həmin ərizələrə prioritet qaydada baxmaqdan imtina edib: "Bu da həmin qurumun qeyri-obyektivliyini bir daha göstərdi. Azərbaycan hökuməti bununla bağlı Avropa İnsan Haqları Məhkəməsi rəhbərliyinə müraciət edib, amma hələ indiyə kimi cavab almayıb".
Milli Məclisdə keçirilən tədbirdə Azərbaycanın Xocalı soyqırımı ilə bağlı beynəlxalq Haaqa məhkəməsinə müraciət edə bilməməsinin səbəbi açıqlanıb.
Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib ki, bunun səbəbi Haaqada yerləşən məhkəmədə sırf bu məsələ ilə bağlı orqanın olmamasıdır: "Orada Yuqoslaviya hadisəsi ilə bağlı məhkəmə fəaliyyət göstərir ki, bu, sırf 90-cı illərin əvvəlində orada baş verən hadisələri araşdırır. Ruanda hadisəsi ilə bağlı tribunal da var. Livanın baş nazirinə qarşı sui-qəsdlə bağlı da məhkəmə var. Bir də beynəlxalq cinayət məhkəməsi fəaliyyət göstərir ki, bu da 2000-ci ildən sonrakı hadisələri araşdırır. Çox təəssüf ki, Xocalı soyqırımını araşdıra biləcək hüquqi orqan yoxdur. Bir nəfərin ölümü ilə bağlı orada məhkəmə orqanı var, amma belə kütləvi soyqırımı ilə bağlı yoxdur. Bu, ikili standartların nəticəsidir".
Nizami Səfərov deyib ki, Xocalı soyqırımı baş verən zaman Azərbaycan qanunvericiliyində soyqırımı ilə bağlı müddəa nəzərdə tutulmayıb: "Bu, 1999-cu ildə Cinayət Məcəlləsində əksini tapdı. BMT-nin soyqırımı ilə bağlı müvafiq konvensiyalarını ratifikasiya edərək bunu Cinayət Məcəlləsinə köçürdük. Amma beynəlxalq hüquqi sənədlər imkan verir ki, hətta soyqırımı törədilən zaman milli qanunvericilikdə bu soyqırımı törədənin məsuliyyətə cəlb edilməsinə dair müddəa olmasa belə, onunla bağlı sonradan cinayət işi başlana, məsuliyyətə cəlb oluna bilər".
BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib ki, Xocalı soyqırımına baxılması üçün Haaqa məhkəməsində aidiyyəti orqanın yaradılması məsələsi çoxdan qaldırılmalıydı: "Belə çıxır ki, gecikmişik. Məsələn biz Haaqa məhkəməsində beynəlxalq cinayətlərlə bağlı nizamnaməni ratifikasiya etməliyik. Bunu ratifikasiya etmiriksə, Xocalı ilə bağlı necə müraciət edə bilərik?"