Milli Məclisin növbəti plenar iclası keçirilib Siyasət

Milli Məclisin növbəti plenar iclası keçirilib

İslahatlar paketinə daxil olan 24 qanuna dəyişikliklər qəbul edilib


Dünən Milli Məclisin növbəti plenar iclası keçirilib. İclasda 43 məsələyə baxılıb. Bunlar Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, Vergi Məcəlləsinə və digər bir sıra qanunlara dəyişikliklərdir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihə barədə məlumat verib.
Müzakirə zamanı çıxış edən deputat Əli Məsimli bildirib ki, ölkədə problemi kredit məsələsi həll olunmalıdır. Deputat qeyd edib ki, bu gün ölkənin maliyyə bazarında kifayət qədər problemlər var: "Mərkəzi Bankın yürütdüyü yanlış maliyyə siyasəti burada rol oynayır. Hesab edirəm ki, yeni palatanın Mərkəzi Bankla korrdinasiyalı şəkildə fəaliyyəti mövcud problemlərin aradan qaldırılmasına təkan verəcək. Hər iki qurum çalışmalıdır ki, maliyyə bazarında olan çatışmazlıqlar istehsalat sahəsinə keçməsin".
Deputat Əli Məsimli qeyd edib ki, pul kredit siyasətinin sərtliyi bir qədər də artsa maliyyə blokunda olan problemlər, iqtisadiyyatın real sahələrinə keçə bilər: "Problemli kreditləri həll etmədən ikinci kateqoriyaya aid olan bankların sağlamlaşdırılması çətin olacaq. Bunu tez həll etmək lazımdır. Qısa müddət ərzində ciddi problemlərin aradan qaldırılması və sağlamlaşdırılması istiqamətdə addımlar atılmalıdır".
Deputat Vahid Əhmədov bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının formalaşması çox tez zamanda başa çatmalı, sədri təyin edilməli, nizmanaməsi təsdiq olunmalıdır. Mərkəzi Bank və palataya daxil olan funksiyalar dəqiq yerinə yetirilməlidir. Bir neçə dəfə bank sistemi ilə bağlı islahatların vacib olduğunu bildirmişik. Problemli kreditlər, dollarla verilmiş kreditlərin taleyi tez zamanda həllini tapmalıdır. Bunu hökumət, Mərkəzi Bank, təzə palata həll edəcək.
Danışıqlar müsbət həllini tapmalıdır. Biz bankların bağlanmağının tərəfdarı olmamışıq. Bankların təmərküzləşmə prosesinə getməsinə tərəfdar olmuşuq ki, onlar aşağı faizlə sahibkarlara kreditlər versinlər. Təəssüf ki, bir neçə bankın bağlandığını müşahidə etdik və bu da insanlar üçün problemlər yaratdı".
Deputat qeyd edib ki, maliyyə bazarlarına nəzarət mexanizmi dəqiq işlənib hazırlanmalıdır və bununla bağlı qanunun qəbul edilməsinə ehtiyac var.


Amnistiya elan olunsun

Millət vəkili Fəazil Ağamalı çıxışındə bildirib ki, Azərbaycanda maliyyə amnistiyası elan olunmalıdır. Onun sözlərinə görə, cinayət yolu ilə əldə edilmiş pullar istisna olmaqla, digər hallarla bağlı maliyyə amnistiyasının tətbiqinə ehtiyac var: "Maliyyə amnistiyası Azərbaycana maliyyə axınını təmin edə bilər. Bu isə iqtisadi inkişafı daha da gücləndirə, yerli istehsalı genişləndirə bilər".
Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov isə F. Ağamalının təklifinə bu cür reaksiya verib: "Təklif edirsiniz ki, cinayət yolu ilə əldə edilmiş pullar istisna olmaqla, maliyyə amnistiyası elan olunsun. Cinayət yolu ilə əldə edilmiş pullardan başqa, nəyin maliyyə amnistiyasına ehtiyac var ki?"


"İstər otel, istər yaşayış evləri..."

"Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihəsi müzakirəsi zamanı isə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bildirib ki, qanun layihəsinin qəbulu böyük əhəmiyyət kəsb edir: "Təhlükəsizlik, hərbi və strateji məsələlərdən başqa, digər sadalanan məsələlər də layihədəki siyahıya daxil olunmalıdır. Siyahıya nəzər salanda məlum olur ki, sahələrin bir hissəsi daxil olunub, digəri hissəsi isə daxil olunmayıb. Əgər investisiya cəlb etmək istəyiriksə, orada bütün sahələri qeyd etməliyik. Kim istəyir zavod, fabrik tikə, park sala bilsin və digər məsələlərlə məşğul olsun. Bununla bağlı cənab Prezidentin tapşırığına əsasən, Nazirlər Kabinetinin 26 fevral 2016-ci ildə 86 saylı qərarı var. Bakı şəhərinin 9 rayonunda qəzalı vəziyyətdə olan, yaşayış və qeyri-yaşayış, o cümlədən boş torpaq sahələrində yeni evlərin, mənzillərin tikilməsi ilə əlaqədar qərar qəbul edilib. Bu qərarın dərhal həyata keçirilməsi üçün yerli icra strukturlarına tapşırıqlar verilib". Deputatın sözlərinə görə, qanun elə qəbul olunmalıdır ki, Bakı şəhərinin həmin 9 rayonunda tikinti proseslərində hər hansı xarici investorunda iştirakı da mümkün olsun: "Onlar istər otel, istər yaşayış evləri, istərsə də qeyri-yaşayış obyektləri tikə bilməlidirlər. Bu, eyni zamanda yeni iş yerlərinin açılmasına da kömək edər. Hesab edirəm ki, bu qanunun hər 3 oxunuşunu sürətləndirməliyik. Mart ayının 15-də hökumətin hesabatına qulaq asacağıq. Ondan sonra bayramlarla əlaqədar Milli Məclisin iclasları dayanacaq. İnvestisiyanın cəlb olunması, yeni iş yerlərinin açılması, Bakıda və digər rayonlarda tikinti, quruculuq və abadlıq işləriin aparılması, həmçinin istehsal müəssisələrinin inşası ilə əlaqədar qanunun qəbulunun sürətləndirilməsinin tərəfdarıyam".


İşçi qrupu yaransın


Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov isə bildirib ki, islahatların həyata keçirilməsi üçün qanunvericilik bazasının təkmilləşdirilməsi əsas istiqamətlərdən biridir. Deputat qeyd edib ki, dünyada bu model 1979-cu ildən həyata keçirilir və orada müxtəlif yanaşmalar var: "Bu qanunun mahiyyəti və özəlliyi ondan ibarətdir ki, layihə özəl şirkətlər, ictimai şirkətlər və dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində həyata keçirilir. Bu baxımdan çox istərdim ki, bununla bağlı işçi qrupu yaransın. Qanuna yalnız maddələr yazmaqla onun işləməsində problemlə üzləşə bilərik. Bu işdə maraqlı müvafiq qurumlar mütləq şəkildə işçi qrupunda olmalıdır ki, gələcəkdə müəyyən məsələlər və problemlərlə üzləşməyək". Komitə sədri qanun layihəsində dövlət ehtiyacı üçün geri alınma məsələsinə diqqət çəkib: "Hansı sahibkar 40-50 illik bir investisiya qoyacaq ki, sabah müvafiq icra qurumlarının qərarında oranın dövlət ehtiyacı olan yer olduğu bildirilək. Burada bir az sahibklara inam şəraiti yaratmaq lazımdır ki, 50 illik investisiya qoyulsun. Qanunda müəyyən güzəştlər göstərilib, lakin inam da əhəmiyyətlidir. Eyni zamanda qanunun tətbiq dairələri sadalanır, belə olan biz onu məhdudlaşdırıq". Fuad Muradov qeyd edib ki, son zamanlar səsləndirilən Gənclər şəhərciyi, ekonom evlər, sosial mənzillər Azərbaycan üçün çox vacibdir: "Kifayət qədər evə ehtiyacı olan isanlar var. Yaxşı olardı ki, burada bu yanaşma da olsun. Biz bir neçə il bundan öncə Gənclər şəhərciyi ilə bağlı məsələni müzakirə edəndə praktiki olaraq buna investorlar tapa bilmirdik. Yəni özəl sektordan Gənclər şəhərciyi tikilməsi ilə bağlı maraq yox idi. Bu qanun bizə imkan verəcək. Dövlət tərəfindən müəyyən güzəştlər, həm torpağın ayrılması, müvafiq strukturlardan icazənin alınmaı və s. qanunda qeyd olunmalıdır ki, investor binanı tikməyə maraqlı olsun. Bütün dünyada maliyyə böhranı var. Əgər qanun layihəsi cəlbedici olmazsa heç vaxt sahibkar bir qəpik də pul qoymayacaq. Ona görə təlklif edirəm ki, qanunla bağlı işçi qrupu yaradılsın. Biz də detalla bu məsləyə yanaşaq".
Qeyd edək ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında ilk hissədə iqtisadi islahatlar paketinə daxil olan 24 qanuna dəyişikliklər qəbul edilib. Bu dəyişikliklər mahiyyət etibarilə Maliyyə Bazarlarına Nəzarət Palatası ilə bağlı texniki düzəlişlərdən ibarətdir. Sonda "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə, Mülki, Vergi, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələri, "Publik hüquqi şəxslər haqqında", "Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında", "Banklar haqqında", "Bank olmayan kredit təşkilatları haqqında", "Kredit ittifaqları haqqında", "Poçt haqqında", "Sığorta fəaliyyəti haqqında", "Qiymətli kağızlar bazarı haqqında", "İnvestisiya fondları haqqında", "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında", "İcbari sığortalar haqqında", "Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında", "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında", "Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında", "Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında", "Tibbi sığorta haqqında", "Bədən tərbiyəsi və idman haqqında", "Əmanətlərin sığortalanması haqqında", "Lotereyalar haqqında" və "Valyuta tənzimi haqqında" qanunlara dəyişikliklər edilməsi barədə layihələr səsə qoyularaq qəbul edilib.


Əli