Ümumi tarix və ümumi tale Siyasət

Ümumi tarix və ümumi tale

"Jerusalem Post": Azərbaycanda yəhudilər və müsəlmanlar qardaş kimi dinc yanaşı yaşayıblar

İsrailin ən nüfuzlu və sanballı nəşrlərindən biri olan "Jerusalem Post" qəzetində İsrail-Azərbaycan əməkdaşlığının tarixi və perspektivləri barədə məqalə dərc olunub. Məqalə, həmçinin Azərbaycan-İsrail əməkdaşlığına şübhə ilə yanaşan bəzi ermənipərəst İsrail siyasətçilərinə tutarlı cavabdır.
"İsrail və Azərbaycan – praqmatik yanaşma" sərlövhəli məqalənin müəllifi beynəlxalq münasibətlər sahəsində tanınmış İsrail eksperti, İsrailin "Cəmiyyət üçün beynəlxalq layihələr" qeyri-hökumət təşkilatının başçısı Arye Qutdur.
İsrail eksperti yazır: "Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər sıx və səmimi münasibətləri yoxdur. İki ölkə arasında münasibətlər xüsusilə maraqlıdır, çünki Azərbaycan əhalisinin çoxu müsəlman olan ölkədir. Bu sıx qarşılıqlı münasibətlərin səbəbləri azərbaycanlılar və Azərbaycanda firavan yaşayan yəhudi icması arasında qədim dostluqdan qaynaqlanır. Bir çox xalqlardan fərqli olaraq, azərbaycanlılar heç vaxt yəhudilərə yadelli və ya əcnəbi kimi baxmayıblar. Əslən Azərbaycandan olan israillilər Azərbaycan və İsrail arasında iqtisadi və geosiyasi əməkdaşlığı möhkəmləndirmək üçün çox işlər görürlər".
Arye Qutun fikrincə, Azərbaycanın və dünyadakı yəhudi icmalarının hüdudlarından kənarda az adam bilir ki, yəhudi icması Azərbaycan dövlətçiliyinin təşəkkülü və inkişafı tarixində necə mühüm rol oynayıb. Müəllif yazır: "Məsələn, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) ilk səhiyyə naziri yəhudi - doktor Yevsey Gindes olub, AXC parlamentində isə yəhudi fraksiyaları təmsil olunublar. Bundan əlavə, AXC-nin mövcud olduğu 1918-1920-ci illərdə yəhudi icması "Kavkazskiy yevreyskiy byulleten" jurnalı, "Palestina" qəzeti, habelə "Molodyoj Siona" jurnalı dərc edirdi. Həmçinin Sovet hakimiyyətinin mövcud olduğu bütün dövrdə yəhudilər Azərbaycanın elmi-intellektual, iqtisadi və siyasi həyatında mühüm rol oynayıblar.
İsrail eksperti yazır ki, Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra Təl-Əviv və Bakı bir-birinə əməkdaşlıq və tərəfdaşlıq əli uzadıblar: "1992-ci ilin aprelində hər iki hökumət diplomatik münasibətlərin qurulması barədə razılığa gəliblər. Eliezer Yotvat İsrail Dövlətinin Azərbaycanda ilk səfiri təyin edilib. Eyni zamanda, İsrailin o vaxtkı və indiki Baş naziri Binyamin Netanyahu Azərbaycana gecə saatlarında qısamüddətli tarixi səfər edib. İsrailin doqquzuncu prezidenti Şimon Peres 2009-cu ilin mayında Azərbaycana dövlət səfərinə gəlib. Sonra İsrail XİN-nin başçısı Aviqdor Liberman bir neçə dəfə (2010-cu ilin fevralında, 2012-ci ilin aprelində və 2014-cü ilin aprelində) "Odlar Yurdu"na rəsmi səfərə gəlib. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun 2013-cü ilin aprelində İsrailə səfəri yüksək səviyyədə keçib, 2014-cü ilin sentyabrında İsrail Dövlətinin müdafiə naziri Moşe Yaalon bu ölkənin Müdafiə Nazirliyinin Azərbaycana səfər edən ilk başçısı olub".
Məqalə müəllifi prezident Şimon Peresin Azərbaycana tarixi səfəri zamanı dediyi sözləri xatırlayır: "Mən bilirəm ki Azərbaycanın siyasəti sülh, dostluq, inkişaf, eyni zamanda müstəqillik siyasətidir. Sizin nadir coğrafi mövqeyiniz dünyanın bu hissəsinin mühüm və əsas ölkəsi olacağınıza əvvəlki kimi heç bir şübhə yeri qoymur".
İsrail eksperti yazır: "İsrail Azərbaycana həmişə böyük diqqət və səmimiyyətlə yanaşıb. Təkcə ona görə yox ki, bu ölkədə heç vaxt antisemitizm olmayıb və yoxdur. Rəsmi Bakı başqa ölkələrdə də hər hansı antisemitizm təzahürünü dəfələrlə pisləyib və pisləyir. Rəsmi Bakı indiyədək İsraildə diplomatik missiyasını açmasa da, Azərbaycan hökuməti İsrailə çoxsaylı nümayəndə heyətləri göndərir və bundan da çox İsrail nümayəndə heyətini Bakıda salamlayır. İsrail ilə iqtisadi əlaqələrin yüksələn xətt üzrə genişlənməsi, Azərbaycan neftinin satın alınması və Azərbaycan iqtisadiyyatına və kənd təsərrüfatına İsrailin investisiyaları nəzərə alınsa, bu, çox düzgün addımdır. Azərbaycanın isə kənd təsərrüfatında, hərbi sənayedə, telekommunikasiyalar sahəsində İsrailin müasir yüksək texnologiyalarına ehtiyacı var. Eyni zamanda ölkələrimiz təhsil, humanitar və mədəniyyət sahələrində layihələr həyata keçirirlər".
Arye Qut vurğulayır ki, Azərbaycan-İsrail münasibətləri müsbət strateji tərəfdaşlıq xarakteri daşıyır. Məqalədə deyilir: "Azərbaycan-İsrail əməkdaşlığı və tərəfdaşlığı inkişaf edir, ölkələr arasında ticarət dövriyyəsi təqribən 4 milyard dollar təşkil edir. Bu dövriyyə əvvəllər neft və qaz sənayesində cəmləşsə də, hazırda qarşılıqlı münasibətlərin inkişafı iqtisadiyyatın digər sektorlarına şaxələnib. Qeyd edək ki, İsrail dünya bazarında Azərbaycan neftinin əsas alıcılarından biridir. İsrailin Azərbaycan ilə daha sıx qarşılıqlı münasibətlər qurmağa can atmasının başqa səbəbləri də var. Azərbaycan enerji resurslarının etibarlı təchizatçısı kimi mühüm rol oynayır, o cümlədən İsrailin istehlak etdiyi neftin 40 faizini təmin edir. Azərbaycan Avropa üçün də energetika sahəsində şaxələndirmə və təhlükəsizlik mərkəzidir. Azərbaycan nəinki regionda iri energetika mərkəzidir, həm də əsas neft və təbii qaz hasılatçısıdır. Azərbaycanın Bakı-Tbilisi-Ceyhan boru kəməri (Alyaska boru kəməri ilə bərabər, dünyanın ən böyük neft kəməri) Gürcüstan ərazisindən keçməklə, Xəzər dənizindən Aralıq dənizinə qədər neft nəql edir. Ən başlıcası da budur ki, Azərbaycan və onun Qərb tərəfdaşları "Cənub" Qaz Dəhlizini təşkil edən boru kəmərləri şəbəkəsinin tikintisinə başlayıblar. Bu dəhliz vasitəsilə Azərbaycanın böyük qaz ehtiyatları Avropaya nəql olunacaq".
Məqalə müəllifinin fikrincə, postsovet Azərbaycanı sübut edib ki, zəif və asılı geosiyası substansiya deyildir, o, Cənubi Qafqazda və Yaxın Şərqdə mühüm rol oynayır. O yazır: "Azərbaycanın praqmatik yanaşması, dini dözümlülüyü, Azərbaycan cəmiyyətinin multikultural və tolerant olması, dünyanın bir çox digər yerləri ilə müqayisədə diplomatiyanın xeyli dərəcədə daha mürəkkəb olduğu bir regionda qonşular ilə konstruktiv münasibətləri - bütün bu amillər bu dərəcədə uğurlu inkişafda öz rolunu oynayıb".
Yeri gəlmişkən, İsrail də bu ölkəyə dostcasına yanaşan dünyəvi müsəlman ölkələrinə tam loyallığını beynəlxalq birliyə göstərmək istəyir.
Arye Qut İsrail vətəndaşı kimi qürur hissi ilə qeyd edir ki, Azərbaycan rəhbərliyi ölkənin yəhudi icmasının ənənələrinə və həyatına dünyada presidenti olmayan qayğıkeş və səmimi münasibət bəsləyir. O yazır: "Prezidentin və birinci xanımın hamiliyi ilə ölkədə iki sinaqoq və Cənubi Qafqazda ən böyük yəhudi təhsil mərkəzi tikilib. Azərbaycanda ilk yəhudi muzeyi yaratmaq planlaşdırılır. Bu, həm də Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Kiminsə əhalisinin çoxu müsəlman olan Azərbaycan kimi bir ölkənin İsraillə belə sıx dialoq qurmağa, yüksək əməkdaşlıq və tərəfdaşlıq səviyyəsinə necə müvəffəq olması barədə sualı yaransa, onun dağlıq rayon Qubada yəhudilərin məşhur Qırmızı Qəsəbəsinə baxması kifayətdir.
Qırmızı Qəsəbə İsraildən sonra yəhudilərin dünyada sıx yaşadığı yeganə unikal yerdir, Azərbaycanın həqiqi qürur mənbəyidir. Burada yəhudilər və azərbaycanlılar əsrlər boyu doğma qardaş kimi yaşayırlar, onları ümumi tarix və tale bağlayır. Ermənistanın Azərbaycana qarşı etnik təmizləmə və təcavüzkar siyasəti nəticəsində ölkə ərazisinin 20 faizinin işğal edilməsinə, 1 milyondan çox qaçqın və məcburi köçkünün yaranmasına baxmayaraq, Azərbaycan əsl sivilizasiyalararası və konfessiyalararası dialoq nümunəsi olub və olmaqda davam edir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin təməl daşıdır. Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrini inkişaf etdirmək və möhkəmləndirmək üçün siyasi və sosial şəraitin yaradılması və stimullaşdırılması istiqamətində zəruri addımlar atır".
Azərbaycan bütün dünyaya nümayiş etdirib ki, harmoniya mümkündür və hər hansı problem zorakılıq olmadan münaqişəsiz həll edilə bilər.
İsrail eksperti qeyd edib ki, Prezident İlham Əliyev dünyəvi dövlətə, tolerantlığa sadiq olduğuna, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətlə yanaşdığına görə, İsrail cəmiyyətinin xeyli hissəsinin, eləcə də dünyadakı yəhudi icmalarının hörmət və ehtiramını qazanıb. İsrail eksperti fikrini belə yekunlaşdırıb: "İsrail və Azərbaycan arasında münasibətləri, habelə Azərbaycan müsəlmanları və Azərbaycan yəhudiləri arasında münasibətləri yalnız qarşılıqlı maraqla izah etmək olmaz. Bu gün müasir Azərbaycan-İsrail münasibətlərini ümumi dəyərlər və ümumi tarix bağlayır. Hər iki ölkə onlar arasında bəşəri əlaqələrin mövcudluğu və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hesabına zənginləşir. Bundan əlavə, belə bir məsələ də aşkar və aydındır: Azərbaycanda yəhudilər və müsəlmanlar qardaş kimi dinc yanaşı yaşayıblar və bu gün də belə yaşayırlar. Onları bir-birinə ömürlük bağlayan ümumi tarix və ümumi taledir".