“Son vaxtlar Azərbaycan-ABŞ münasibətlərində yaşanan ciddi istiləşmə sevindiricidir” Siyasət

“Son vaxtlar Azərbaycan-ABŞ münasibətlərində yaşanan ciddi istiləşmə sevindiricidir”

Vahid Əhmədov: "Çünki Azərbaycan enerji daşıyıcısı kimi Cənubi Qafqazda ən önəmli ölkədir"

Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a son səfərindən, xüsusilə, ABŞ-ın dövləti katibi, vitse-prezidenti və digər nüfuzlu rəsmi şəxsləri ilə bir araya gəlməsindən sonra iki ölkə arasında münasibətlərin yeni mərhələsi müşahidə olunmaqdadır. Bir müddət öncə bu və ya digər səbəblərdən münasibətlərdə hiss olunan gərginliyi, anlaşılmazlığı bu dəfə istiləşmə və normallaşma əvəzləməkdədir. Heç təsadüfi deyil ki, münasibətlərdəki yeni mərhələ daha özünü iqtisadi müstəvidə göstərməkdədir. Məsələn, ölkə prezidentinin iştirakı ilə ABŞ-ın Azərbaycandakı Ticarət Palatasının üzvləri ilə geniş görüş keçirildi və bu görüşdə qarşılıqlı şəkildə hər iki tərəfdən xeyli təkliflər ortaya qoyuldu. Bundan sonra Azərbaycana ABŞ-ın daha bir yüksək çinli rəsmisi-ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini cənab Kurt Tonqun Azərbaycana səfər etdi. Verilən məlumatlara görə, iki günlük səfər zamanı K.Tonq Dövlət Departamentinin qlobal iqtisadi səylərinə dəstək verərək, həmin ölkənin tərəfdaşlarla ticarət, maliyyə, telekommunikasiya, nəqliyyat, iqtisadi sanksiyalar, kommersiya imkanlarını və digər məsələləri müzakirə edib. Bu baxımdan, iki dövlət arasında münasibətlərdə müşahidə olunan istiləşmənin, yeni mərhələnin nə ilə sonuclanacağı maraq doğurur. Bundan tərəflər nə qazanacaqlar və ya qazana bilərlər?
Milli Məclisin (MM) İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, ümumiyyətlə, son vaxtlar Azərbaycan-ABŞ münasibətlərində yaşanan ciddi istiləşmə sevindiricidir. Millət vəkilinin sözlərinə görə, çünki Azərbaycan enerji daşıyıcısı kimi Cənubi Qafqazda ən önəmli ölkədir. O, deyib ki, xüsusilə, Avropanı enerji ilə təmin etmək üçün "Bakı-Tbilisi-Ceyhan" neft kəməri, "Bakı-Tbilisi-Ərzurum" qaz xətti layihəsi uğurla icra olunmaqdadır. "Eyni zamanda, TAP, TANAP layihələri otradadır, onların icrası istiqamətində də ciddi addımlar atılmaqdadır. Bu baxımdan, Azərbaycan nəinki region üçün, bütövlükdə, Qərb, ABŞ üçün əhəmiyyətli ölkədir. Heç şübhəsiz ki, ABŞ dövləti, onun rəhbərliyi Azərbaycanla iqtisadi sahədə də münasibətləri istiləşdirməyə çalışır. Elə Azərbaycan Prezidentinin Nüvə Təhlükəsizliyi Sammitindəki iştirakı, ABŞ-ın Azərbaycandakı Ticarət Palatasının üzvləri ilə görüşü və sair də onu göstərir ki, hər iki tərəfdən münasibətlərin daha da sıxlaşdırılması, yaxşılaşdırılması istənilir. Ona görə mən münasibətlərin bu məcrada davam etməsini çox yüksək və müsbət qiymətləndirirəm. Hesab edirəm ki, ABŞ rəsmilərinin Azərbaycana də səfəri çox önəmlidir və bu, bir daha onu göstərir ki, Azərbaycanın Qərbə inteqrasiyasi labüddür, qaçılmazdır, vacibdir. Bunun alternativi yoxdur. Yəni, istər Qarabağ məsələsi olsun, istər iqtisadi məsələlərimiz olsun, bu məsələlərin həllində həm ABŞ-la, həm də Avropa ilə münasibətlərin normal məcrada davam etdirilməsi çox lazımlı və əhəmiyyətlidir".
Sözügedən komitənin digər üzvü Əli Məsimli isə bildirib ki, Azərbaycan hər cəhətdən çox mürəkkəb, qlobal güclərin, böyük dövlətlərin mövqe mübarizəsinin çox kəskin olduğu və buna görə də xeyli dərəcədə sabitsizlik məkanı olan bir regionda yerləşir. Millət vəkilinin bildirdiyinə görə, Cənubi Qafqaz, xüsusən də, Azərbaycan uğrunda mübarizədə və Azərbaycana daim təsir etmək rıçaqı əldə etmək məqsədilə ölkəmizə qarşı həmişə məkrli planlar həyata keçirilib, Azərbaycan ərazi itkisinə məruz qalıb. Ə. Məsimli qeyd edib ki, Ermənistan isə bu naqis planın sadəcə, "peşkası"dır: "Bütün bunları nəzərə alaraq Azərbaycan öz siyasətini kiminsə diktəsi ilə qurmur, dünya düzənində gedən proseslərin məntiqinə uyğun olaraq və qlobal güclər arasında münasibətlərin mövcud vəziyyəti nəzərə almaqla, öz milli maraqlarından - məhz müstəqillik və milli təhlükəsizlik marağından çıxış edərək, yürüdür. Belə bir siyasət Azərbaycana maraq göstrən ölkələrin maraqları ilə heç də həmişə və hər yerdə üst-üstə düşmədiyindən, biz tez-tez Azərbaycanın həmin qəbildən olan ölkələrlə münasibtlərində müəyyən qalxıb-enmələr, soyuqlıq və istiləşmə hallarını müşahidə edirik. Bu baxımdan, ABŞ-n Azərbaycanın müstəqilləyinin qorunub saxlanılnasında, Qərblə olan neft-qaz layihələrinin reallaşdırılmasındakı töhfəsini yüksək qiymətləndirməklə, həm də Azərbaycan və ABŞ arasındakı tərəfdaşlığın ortaq maraqlara söykənən geniş spektirli faydalı işlərlə yanaşı, üst-üstə düşməyən məqamları da mövcuddur. Belə şəraitdə hər iki ölkənin paylaşdığı dəyərlərin təşviq edilməsi yolu ilə hara qədər mümkünsə, əməkdaşlığı genişləndirmək və dərinləşdirmək prinsipindən çıxış etmək optimal variantdır". Millət vəkilinin fikrincə, Azərbaycan beynəlxalq sistemin bütün nümayəndələri, xüsusən də, iri dövlətlərlə münasibətlərini daha çox ikitərəfli formatda qurmaqda və inkişaf etdirməkdə maraqlıdır: "Bu konteksdən iqtisadi sahədəki maraqlar daha çox üst-üstə düşür. Azərbaycan tərəfin rəsmi mövqeyinə görə, Azərbaycanla ABŞ arasındakı dövlətlərarası münasibətlər həm tərəflərin milli maraqları baxımından, həm də qlobal beynəlxalq müstəvidə üst-üstə düşür və tərəfdaşlıq xarakteri daşıyır. Son aylar iki ölkə arasında münasibətlər ümumi maraq kəsb edən əsas məsələlər üzrə, o cümlədən, qlobal transmilli müstəvidə əməkdaşlıq və tərəfdaşlıq istiqamətində davam etdirilir. Azərbaycan Prezidentinin Amerika Birləşmiş Ştatlarına səfəri zamanı və ondan sonra ABŞ-la Azərbaycan arasında qarşılıqlı təmaslar xeyli intensivləşib.Azərbaycan Prezidentinin Nüvə Təhlükəsizliyi Sammitində iştirakı və eyni zamanda, ABŞ-ın siyasi rəhbərliyi, vitsepPrezidenti, dövlət katibi ilə görüşlər bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Həmin görüşlərdə siyasi, təhlükəsizlik, enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlığın genişləndirilmsi kimi mühüm məsələlər müzakirə edilib. Prezidentin ABŞ-ın ticarət naziri ilə görüşü zamanı isə iqtisadi əməkdaşlığımızın geniş planda perspektivləri müzakirə olunub. Bu sahədəki əməkdaşlığın genişləndirilməsi, Azərbaycanla ABŞ arasında iqtisadi işbirliyinin hər iki ölkənin maraqlarına cavab verməsilə yanaşı, həm də Azərbaycanda davamlı inkişaf planlarına uyğundur. Ona görə də bu əməkdaşlıq artıq neft sahəsi ilə məhdudlaşmayacaq, neftdənknar sahələri də əhatə edəcək. Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycandakı Amerika Ticarət Palatasının nümayəndə heyəti ilə görüşündə ölkəmizdə islahatlar kontekstində görülən və görüləcək işlər, həm də digər çıxış edənlərin çıxışlarında hər iki tərəfin xoşməramlı münasibətləri və ondan doğan perspektivlər xeyli dərəcədə öz əksini tapıb. Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta həmin görüşdə bildirib ki, "əlbəttə , energetika sektoru hər iki tərəf üçün və ümumiyyətlə, dünya miqyasında vacib sahədir. ABŞ şirkətləri Azərbaycanda təkcə istehsalat sahəsində yox, həmçinin xidmət və digər sahələrdə daha güclü rola yiyələnmək üçün başqa ölkələrdəki şirkətlərlə işləyirlər. Hesab edirəm ki, kənd təsərrüfatı, yüksək texnologiyalar və turizm sahələrində, habelə , Sizin qeyd etdiyiniz yeni sahələrin inkişafında biz Sizə yardımçı ola bilərik". Deputat qeyd edib ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 6 faizə yaxını ABŞ-ın payına düşür. Qeyri-neft sektorundakı əməkdaşlığın geniənməsi xarici ticarətimizə dair bu rəqəmi də xeyli artıra bilər. Odur ki, son vaxtlar Azərbaycanda iqtisadiyyatın şaxələndirilmsinə, sahibkarlığın qarşındakı maneələrin aradan qaldırılmasına, iqtisadiyyatın liberallaşdırılmasına, investisiya mühitinin yaxşılaşdırılmaısna yönəlik islahatlar ABŞ-la Azərbaycan arasındakı iqtisadi əlaqələrin genişlənməsinə və dərinləşməsinə əlavə təkan verəcək. Ə.Məsimli onu da deyib ki, əməkdaşlığımızın genişlənməsi və dərinləşməsi ilə çoxşaxəli Azərbaycan-ABŞ tərəfdaşlığı beynəlxalq və regional təhlükəsizliyə ciddi töhfə verməkdə davam edəcək: "Bu baxımdan, son vaxtlar intensivləşən və hazırda dinamik inkişaf edən Azərbaycan-ABŞ münasibətləri hər iki xalqın maraqlarına cavab verir".