ABŞ Senatından qondarma soyqırım qətnaməsi Siyasət

ABŞ Senatından qondarma soyqırım qətnaməsi

Əli Babacan: "ABŞ əsassız erməni iddialarını daxili siyasətinə alət etməməlidir"
İsmayıl Alper Coşqun: "Qondarma "erməni soyqırımı"ın tanınması haqqında qətnamənin qəbuluna ciddi yanaşmaq lazım deyil"

ABŞ-la Türkiyə arasında iplər yenidən gərilib. Birləşmiş Ştatlar Senatının Xarici əlaqələr komitəsi ənənəvi qaydada iki ölkə arasındakı müttəfiqlik prinsiplərini gözləmədən, üstəlik erməni lobbisiin maraqlarından və üzdəniraq xristian təəssübkeşliyi mövqeyindən çıxış edərək qondarma "erməni soyqırımı" iddialarını dəstəkləyən qərar layihəsini qəbul edib.
Türkiyənin "Anadolu" agentliyinin xəbərinə görə, 410 nömrəli qanun layihəsinin lehinə 12, əleyhinə 5 senator səs verib. Bildirək ki, erməni lobbisinin güclü dəstəkçilərindən olan Senatın Xarici əlaqələr komitəsinin sədri demokrat senator Robert Menendez və Respublikaçılar Partiyasının İllinoysdan olan senatoru Mark Kirk tərəfindən təqdim edilən layihə ABŞ prezidentini 1915-ci il hadisələrini soyqırımı olaraq tanımağa çağırır.
Səsvermədən əvvəl komitə başçısı R.Menendez layihə üzərində dəyişiklik təklifi təqdim edib. Bundan sonra layihənin mətnindən Türkiyənin adının çəkildiyi bütün hissələr çıxarılıb.
ABŞ Senatının çıxardığı qərara artıq rəsmi Ankaradan təpki gəlib. Türkiyən baş nazirinin müavini Əli Babacan bəyan edib ki, ABŞ əsassız erməni iddialarını daxili siyasətinə alət etməməlidir. Əli Babacan bildirib ki, ABŞ Senatının 99 il bundan əvvəl törədildiyi iddia edilən hadisələr araşdırılmadan belə bir qərar qəbul etməsi doğru deyil.
Baş nazirin müavini qeyd edib ki, qondarma "erməni soyqırımı"ndan ABŞ-ın daxili siyasət vasitəsi kimi istifadə edilməsi xoşagələn hal deyil. Babacan əlavə edib ki, Ankara bu kimi halların qarşısını almaq iqtidarındadır.
Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da bundan öncə bəyan etmişdi ki, hər il aprelin 24-də dünyada bəzi dairələr erməni lobbisinin maraqlarına uyğun olaraq təxribat xarakterli addımlar atırlar, amma rəsmi Ankara belə addımların qarşısını almağa qadirdir.
Bununla belə Türkiyə XİH rəhbəri əlavə etmişdi ki, saxta soyqırım iddiaları Türkiyə-ABŞ münasibətlərinə təsir etməyəcək.
Yeri gəlmişkən, Əhməd Davudoğlu bu mövzunu ABŞ dövlət katibi Con Kerri ilə telefon danışığında da müzakirə edib. "Anadolu" agentliyinin xəbərinə görə, Davudoğlu 1915-ci il hadisələrinin soyqırımı kimi tanınması məqsədilə ermənilərin ABŞ Senatına təqdim etdiyi layihə ilə bağlı Türkiyə hökumətinin narahatlığını çatdırıb.
Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşqun da ABŞ Senatının Xarici əlaqələr komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnamə qəbul etməsini şərh edib. Səfir deyib: "ABŞ Senatı komitəsinin qondarma "erməni soyqırımı"nın tanınması haqqında qətnamə qəbul etməsinə ciddi yanaşmaq lazım deyil, tarixi hadisələrə siyasi qiymət vermək olmaz, bu, tarixçilərin işidir. Tarixi saxtalaşdırmaq, dəyişdirmək olmaz".
Hakim Ədalət və İnkişaf Partiyası da Senat komitəsində qəbul olunan qətnaməyə sərt reaksiya verib. AKP İdarə Heyətinin üzvü Məzhər Bağlı bəyan edib ki, "Vaşinqton qondarma "erməni soyırımı" məsələsində Ankaranın maraqlarını nəzərə almazsa, ABŞ-Türkiyə münasibətləri pisləşə bilər". Onun sözlərinə görə, Ankara və Vaşinqton strateji müttəfiqdirlər, lakin ABŞ bilməlidir ki, Türkiyə qondarma "erməni soyqırımı" məsələsinə çox həssas yanaşır: "Rəsmi olaraq Türkiyə həm erməni, həm də beynəlxalq icitmaiyyətə 1915-ci il hadisələri barəsində öz mövqeyini açıqlayıb. 1915-ci il hadisələri tərəfsiz və obyektiv tarixçilər tərəfindən araşdırılmalıdır".
Məzhər Bağlı qeyd edib ki, araşdırılmayan 1915-ci il hadisələri Türkiyə əleyhinə istifadə edilə bilməz və Ankara bu addımı öz milli maraqlarına qarşı atılan addım kimi qəbul edir.
Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, Milli Məclisin deputatı Asim Mollazadə də qəbul olunan qətnamə ilə bağlı Milli Məclisdən də etirazların olacağını dilə gətirib: "Milli Məclisin deputatları da ABŞ Senatına etiraz edəcək".
Onun fikrincə, Qətnamənin qəbulu ölkələrarası əlaqələrə o cümlədən Türkiyə-NATO münasibətlərinə də mənfi təsir edə bilər: "ABŞ Senatının Xarici əlaqələr komitəsinin belə bir qətnamə qəbul etməsi təəssüfedici və təcübləndiricidir. Yaxın vaxtlarda ABŞ-a edəcəyimiz səfər çərçivəsində ABŞ-lı həmkarlarla bu məsələni müzakirə edəcəyik və bununla bağlı Senata öz etirazımızı bildirəcəyik. Dünyada gedən prosseslər, xüsusilə Ukraynada gərgin hadisələrin baş verdiyi dövrdə ABŞ Senatının Türkiyəyə qarşı bu addımı başa düşülən deyil. ABŞ Senatı 100 il əvvəl törədildiyi iddia edilən, lakin subuta yetirilməyən qondarma "erməni soyqırımı"nı tanımaqla bağlı təşəbbüs göstərməkdənsə, yaxın tarixdə dünyanın gözü qarşısında ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdiyi soyqrım faktlarına münasibətini bildirsin. Senaiorlar yaxşı olar ki, Azərbaycan, Gürcüstan və Ukraynanın ərazi bütövlüyünə yönələn təhdidlərin qarşısının alınması üçün fəaliyyətlərini artırsınlar".
CƏMİL