“Struktur dəyişikliklərinə ehtiyac var” Siyasət

“Struktur dəyişikliklərinə ehtiyac var”

Son günlərdə "Azərenerji"nin prezidenti Etibar Pirverdiyevlə bağlı mətbuatda silsilə tənqidi məqalələr yazılır.
Milli Məclisin yaz sessiyasının sonuncu iclasında deputat Zahid Oruc da "Azərenerji" haqqında iradlarını bildirdi. O, bu qurumun ləğvini gündəmə gətirdi.
Zahid Orucun sözlərinə görə, fikirləri qətiyyən şəxsi kontekstdə qoyulmayıb. Yəni, hədəf birbaşa Etibar Pirverdiyev deyil: "Söhbət ilk növbədə hazırkı dövrdə dövlətin yeni iqtisadi kursu qarşısındakı vəzifələrə parlamentdən baxışı özündə ehtiva edir. Digər tərəfdən isə islahatlar dərinləşdirilir. Bu əsnada fikir söylədik ki, ümumən dövlət büdcə xərclərinin özündə də optimallaşdırma apararkən nəzərə alınmalıdır ki, hansı sahələrdə idarəetmənin formalarını dəyişmək lazımdır. Buna görə mən "Azərenerji" sferasından danışdım. Daha sonra dövlət satınalmaları ilə bağlı qurumdan bəhs etdim. Bütün bu məsələlərdən danışarkən, məqsədimiz kimisə şəxsi kontekstdə işıqlandırmaq, məhkəmə rolunda çıxış etmək deyil. Mənim bu məsələ üzərindən Etibar Pirverdiyevlə aramızda heç bir xüsusi problem yoxdur. Amma faktiki reallıq ondan ibarətdir ki, "Azərenerji"nin əsas enerji topdansatışını həyata keçirən qurum kimi büdcə qarşısında öhdəlikləri var. Bu rəqəm 800 milyon manata çatıb.
Əsas ötürücü naqillər, digər aşağı gərginlikli transformator sistemləri, digər enerji təsərrüfatları və onun idarəçiliyi həmin quruma verilib. Onlar effektiv bir şəkildə bu prosesə qoşulublar və ötən illər ərzində enerji sisteminə dövlət tərəfindən qoyulan vəsaitin hansısa səviyyələrdə baş verən itkilərini, qüsurlarını və yaxud da səhvləri aradan qaldırmaq üçün bütün güclərini səfərbər ediblər. Təmsil etdiyim Bərdə bölgəsində yalnız ötən ilin sonundan və bu ilin əvvəlindən çip kabelləşdirmə və yeni modul transformatorlar qoyulmasına başlanılıb. Əlbəttə ki, mən şəbəkənin bütün daxili təsərrüfat həyatından bəhs edə bilmərəm. Həmin qurumun istehsalla bağlı avadanlıqlarının köhnəliyi və digər texniki problemləri mövcud olduqca xarici kompaniyalar gəlib enerji təsərrüfatına rahatlıqla investisiya qoymayacaq."
Bəs "Azərenerji"nin belə bir vəziyyətə gəlməsində Etibar Pirverdiyevin rolu varmı? Zahid Oruc suala belə cavab verib:
"Hər bir qurum onu yönləndirən şəxsin intellektual keyfiyyətindən, o sahə üzrə professionallığından, menecerlik qabiliyyətindən, təşkilatçılıq xüsusiyyətindən, son dərəcə asılıdır. Heç şübhəsiz ki, bütün bu məsələlərin müqabilində biz nəzərə almalıyıq ki, ötən illər ərzində Sovet dövründən miras qalmış enerji təsərrüfatının yeniləşməsi və onun texniki cəhətdən tamamilə təzələnməsi üçün ölkə rəhbərliyi tərəfindən bu sahəyə küllü miqdarda vəsaitlər qoyuldu. Ancaq bir sıra hallarda vergi öhdəlikləri yerinə yetirilmədi. Eyni zamanda neft şirkətindən alınmış qazın borcları ödənmədi.
Zamanında Azərbaycan Rusiyadan enerji asılılığına malik idi. Bütün məlum stansiyaların hərəkətə gəlməsi mazutla idi. Bu da enerjinin istehsalının maya dəyərini baha olmasına səbəb olurdu. Bir müddət bundan əvvəl əhaliyə elektrik enerjisinin 1kilovatını 6 qəpiyə qaldıranda bəyan olundu ki, bu, təsərrüfatın gəlirlə işləməsi üçündür. Bəs necə olur ki, bu qurumun qeyd etdiyimiz səviyyədə borcları meydana çıxıb?
Ümumiyyətlə borclanma problemi hökumətin qarşısında dayanan ən mühüm məsələlərdəndir. Düşünürəm ki, bu məsələlər həll olmalıdır. Qurum rəhbərliyi bunun fərqindədir ki, borclanma çoxalıb. Düşünürlər ki, bu hallar baş verəndə vətəndaşlar və parlament həmin qurumdan razılıqmı etməlidir? Bu gün vətəndaşların kiçik miqdarda borcu olan kimi işıqlarını kəsirlər. İnsanlar nə düşünməlidir? "Azərenerji"nin işığınımı kəsməlidir?
Hər 5-10 ildə bir sayğac dəyişdirilir. Buna nə ehtiyac var ki... Sayğaclar uzun illərlə davam etməlidir. "Smartkart" sistemi mobil operatorların iş prinsipinə xeyli dərəcədə yaxındır. "Smartkart" tipli sayğac olduqda vətəndaşın işığını heç kim kəsə bilməz. Borclanma problemlərini ortadan qaldırmaqla sağlamlaşma tədbirlərinin həyata keçirilməsi lazımdır. Bunun üçün islahatlar lazımdır, struktur dəyişikliklərinə ehtiyac var."