İranı məcbur edən faktorlar... Siyasət

İranı məcbur edən faktorlar...

Aydın Mirzəzadə: "Azərbaycan maraqlarının daha yaxşı təmin olduğu əməkdaşlıqlara maraq göstərir"
Arzu Hağıyev: "Həzərə alınır ki, İranda azərbaycanlılar ölkə əhalisinin böyük bir hissəsini təşkil edir"

Aprelin 9-da prezident İlham Əliyevin İrana baş tutmuş rəsmi səfəri hər iki tərəfdən münasibətlərdə yeni mərhələnin bünövrəsinin qoyulması kimi qiymətləndirilir. Bu isə səbəbsiz deyil. Məlum olduğu kimi, səfər çərçivəsində münasibətlərin demək olar ki, bütün sferaları müzakirə edilib, mövcud vəziyyət, uğurlar və problemlər nəzərdən keçirilib.
Bir sıra sahələrdə münasibətlərin gələcək konturlarını müəyyən edəcək çox vacib sazişlər imzalanıb. İmzalanmış sənədlər "Gənclər və idman sahələrində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Meteorologiya və əlaqədar məsələlərə dair Anlaşma Memorandumu", "Ordubad" və "Marazad" Su Elektrik stansiyalarının tikintisi və istismarı haqqında Saziş"lərdir ki, bu da hər iki ölkə həyatının mühüm sahələrini əhatə edir.
Bundan başqa, səfər çərçivəsində dövlət rəhbərlərinin müzakirə etdiyi məsələlərin spektri də maraq doğurur. Səfərin nəticələri barəsində yayılan məlumatlarda tərəflərin qarşılıqlı maraq doğuran müxtəlif regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi apardığı öz əksini tapır.
Qeyd edək ki, Azərbaycan müstəqillik qazandığı ilk dövrlərdən Qərbyönümlü inkişaf xəttini seçməklə İranın bir sıra mühafizəkar dairələri tərəfindən bu günədək davam edən qısqanclığa məruz qalıb. Ölkəmiz Qərbyönümlü inkişafın hər addımında demək olar ki, həmin qısqanclığı hiss etməkdədir. Bu, istər siyasi, istər iqtisadi, istərsə də mədəni sahələrdə daim özünü göstərib.
Zaman-zaman İran tərəfindən verilən rəsmi açıqlamalarda mühafizəkar dini dairələrin mövqeyinin dövlətin yanaşması olmadığı bildirilsə də, din xadimlərinin əsas söz sahibi olduğu bir ölkədə onların proseslərə təsiri danılmazdır. Məhz bunun da nəticəsidir ki, ikitərəfli münasibətlərdə mütəmadi olaraq anlaşılmazlıqlar müşahidə olunub. Xüsusilə də İranda mühafizəkar qüvvələrin qurduğu hökumətlər dövründə din xadimlərinin fətva və bəyanatları münasibətlərə daha çox təsir göstərib.
Bu baxımdan islahatçı namizəd kimi İranda prezident seçkilərində qalib olmuş Həsən Ruhaninin hakimiyyətə gəlməsindən sonra ikitərəfli münasibətlərdə durğunluğun aradan qaldırılmasına inam böyük idi.
Ruhani hakimiyyətə gəldikdən sonra İranla Azərbaycan arasında dövlət başçıları səviyyəsində ilk görüş Davos İqtisadi Forumu çərçivəsində bu ilin yanvar ayında baş tutub. Məhz bu görüşdən sonra ikitərəfli münasibətlərdə müəyyən canlanma hiss olundu və bunun da məntiqi nəticə olaraq uzun müddətdir ki, reallaşmayan Azərbaycan prezidenti İlham Əliyevin İran səfəri gerçəkləşdi.
Təhlillər göstərir ki, səfər çərçivəsində münasibətlərin bundan sonrakı mərhələdə daha da inkişaf etdirilməsi barədə tərəflər öz üzərlərinə böyük öhdəliklər götürüblər.
İranlı həmkarı Hossein Dehqanın dəvəti ilə səfərə gedən müdafiə naziri general-polkovnik Zakir Həsənovun iki mərhələli rəsmi görüşdən sonra, İranın hərbi və siyasi yüksək çinli məmurları ilə ikitərəfli, regional və beynəlxalq məsələlər barədə müzakirələr aparıb.
Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə isə hesab edir ki, nazir Həsənovun səfərini "yalnız tanışlıq" kimi qiymətləndirmək olmaz: "Burada ikitərəfli hərbi əməkdaşlığın müzakirə edilməsindən söhbət gedir. Çünki İran dünyanın ən güclü ordularından birinə sahibdir və hərbi sənayesi güclü inkişaf edib". Həmçinin, İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsə də, Ermənistanda sıx dostluq əlaqələrinə malikdir, yəni Ermənistanda hərbi yardım göstərir. "Bunların müzakirəsinə böyük ehtiyac var", deyən Mirzəzadə bu tip səfərləri Azərbaycanın mövqeyinin İran hökumətinə çatdırılması baxımından böyük rola sahib olan adlandırır.
Azərbaycanın Qərb və İsraillə olan əlaqələrinə gəldikdə isə, Aydın Mirzəzadə Azərbaycanın "heç vaxt" hərbi müttəfiqlərini gizlətmədiyini deyir: "Azərbaycan maraqlarının daha yaxşı təmin olduğu əməkdaşlıqlara maraq göstərir. Qərb və İsraillə əlaqələr İran-Azərbaycan hərbi əməkdaşlığına təsir göstərməyəcək".
Millət vəklili Asəf Hacıyev deyib ki, İran qonşu olmaqla yanaşı, müsəlman ölkəsidir: "Digər tərəfdən Azərbaycanla İranı birləşdirən enerji və bir sıra digər amillər var. Bu mənada hesab edirəm ki, həmin səfər çox yüksək qiymətləndirilir". Deputatın sözlərinə görə, dövlət başçısının İrana səfəri Azərbaycan-İran münasibətlərinin genişlənməsinə böyük təkan olacaq.
Politoloq Mübariz Əhmədoğlunun fikrincə, İranın təşəbbüskarlıq etməsinə baxmayaraq "top hələ də İranın meydançasındadır". Politoloqun fikrincə, İranın regional mesajları əvvəlkilərdən tam fərqlənir: "Onlardan biri "Ordubad" və "Marazad" su elektrik stansiyalarının tikilməsidir. Prezidentlərin görüşündən sonra imzalanan sənədlərdən biri "Ordubad" (Azərbaycan Respublikası) və "Marazad" (İran) iki su elektrik stansiyasının tikilməsini nəzərdə tutur".
Politoloq qeyd edib ki, Azərbaycan İranla bu istiqamətlərdə əməkdaşlıq etməyə hazır olduğunu dəfələrlə bəyan edib. Politoloq Arzu Hağıyev bildirib ki, ümumiyyətlə Ruhani prezident seçildikdən sonra İran xarici siyasətində müəyyən demokratik dəyişikliklər etməyə başlayıb: "İstər Avropa, istərsə də digər ölkələrlə ikitərəfli əlaqələri müsbət tərəfə dəyişdirməyə çalışır. Azərbaycana gəlincə isə ölkəmizin regionun ən mühüm və strateji baxımdan önəmli olan dövlət olması nəzərə alınır. İranın bizimlə yaxınlıq etməsi həmin siyasətin bir hissəsidir. Məlumdur ki, ABŞ və İsrail Azərbaycanı strateji tərəfkeş kimi qəbul edir və münasibətlərdə önəmli irəliləyişlər var. Elə bu faktorun özü də yetərli bir səbəbdir ki, İran bizimlə yaxınlıq etsin. Başlıca səbəblərdən biri də əlbəttə İranda azərbaycanlıların xalqın böyük bir hissəsini təşkil etməsidir. Azərbaycanlılar İranın daxili və xarici siyasətində önəmli gücə malikdiir və mühüm yer tutur...".

Əli