“Ermənistan fosfor bombalarından istifadə edib” Siyasət

“Ermənistan fosfor bombalarından istifadə edib”

Novruz Məmmədov: "Hərbi attaşelər də bunun şahidi olub"

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Andorra Knyazlığında keçirilən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin VIII Ali Səviyyəli toplantısı bu gün işini panel iclaslarla davam etdirib.
Komitənin mətbuat xidmətindən verilən məlumata görə, "Gələcəyin siyasi xəritəsi" mövzusunda keçirilən panel iclasda regional təmsilçilik, müxtəlif bölgələrədəki münaqişələr, idarəçilik, qloballaşan dünyada dövlətlərin rolu, siyasətin regionallaşması və iqtisadiyyatın qloballaşması kimi məsələlərlə bağlı geniş fikir mübadiləsi aparılıb.
İclasda Ərəb Liqasıının sabiq baş katibi Əmir Musa, Azərbaycan Respublikasının Prezident Adminstrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Latviyanin sabiq prezidenti Valdis Zatlers, Gürcüstanın sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili və Rumıniyanın sabiq prezidenti Emil Konstantinesku çıxış edib.
Paneldə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxış edən Novruz Məmmədov bildirib ki, Varşava Paktı və SSRİ-nin süqutundan sonra meydana gələn konfliktlər beynəlxalq münasibətlərdə ədalətin yoxluğu səbəbindən baş verib: "Azərbaycan müstəqillik illərində sabitliyini, təhlükəsizliyini və davamlı inkişafını təmin edə bilib. Ancaq qonşu ölkəylə olan problemimiz ölkənin gələcək inkişafına mane olur. Münaqişənin həllində beynəlxalq hüquqa əməl edilmir, BMT-nin 4 qətnaməsi yerinə yetirilmir.ATƏT-in Minsk qrupuunun həmsədrləri 25 ildir effektiv iş ortaya qoya bilməyib. Bütün bu proseslər geosiyasi maraqlara qurban verilir. Münaqişə davam edir, lakin əməli iş görülmür. Dağlıq Qarabağ və ətraf 7 rayon da daxil olmaqla işğal olunan 20 faiz Azərbaycan ərazilərindən məcburi köçkün düşmüş şəxslərin hüquqlarından, BMT Təhlükəsizlik Şurasının qətnamələrindən danışılmır".
Daha sonra bu ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ordusu ilə təmas xəttində həyata keçirilən hərbi təxribatlara toxunan Novruz Məmmədov diqqətə çatdırıb ki, aprel döyüşlərində Ermənistan tərəfi fosfor bombalarından istifadə edib, diplomatik korpusun hərbi attaşeləri də bunun şahidi olub. Novruz Məmmədov ermənilərin Azərbaycana nüvə bombası ilə hədə-qorxu gəldiklərini də vurğulayıb.
Novruz Məmmədov Metsamor Atom Elektrik Stansiyasının bağlanmasının zəruriliyini diqqətə çatdırıb və bildirib ki, beynəlxalq cəmiyyət bu cür məsələlərə vaxtında reaksiya verməli olsa da, işğalçı Ermənistana heç bir təzyiq göstərilmir, sanksiya tətbiq edilmir.
Paneldə Latviyanın sabiq prezidenti Vayra Vike-Frayberqa, Ukraynanın sabiq prezidenti Viktor Yuşşenkonun xanımı Katerina Yuşşenko, Serbiyanın sabiq prezidenti Boris Tadiç, Gürcüstanın sabiq baş nazirinin müavini Eka Tkeşelaşvili çıxış edib.