Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib Hadisə

Azərbaycan Rusiyanın axtarışa verdiyi Qırğız vətəndaşını təhvil verib

Cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir. Qırğız Respublikasının vətəndaşı - 1994-cü il təvəllüdlü Tadzhimatov Kamoliddin Salicanoviçin cinayət məsuliyyətinə cəlb edilməsi məqsədilə ekstradisiya olunmasına dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Rusiyada yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda cinayətini törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa verilmiş Tadzhimatov Kamoliddin Salicanoviç 2026-cı ilin mart ayında Azərbaycanda müəyyən edilərək saxlanılıb, barəsində həbs qətimkan tədbiri seçilib.

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanına təhvil verilib.