
“Prezident İlham Əliyevin Almaniyaya rəsmi səfəri çərçivəsində verdiyi bəyanatlar və imzalanmış sənədlər Azərbaycan–Almaniya münasibətlərində yeni mərhələnin formalaşdığını göstərir. Səfərin əsas nəticələrindən biri iki ölkə arasında “ikitərəfli tərəfdaşlıq üçün strateji gündəliyə dair Birgə Bəyannamə”nin imzalanması oldu. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bu sənəd əlaqələri yeni səviyyəyə qaldıracaq və Azərbaycanla Almaniya arasında strateji dialoqun başlanmasına mühüm zəmin yaradacaq”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında politoloq Yusif Bağırzadə deyib.
Politoloq diqqətə çatdırıb ki, Azərbaycan–Almaniya münasibətlərinin inkişafı son illərdə yalnız ikitərəfli çərçivə ilə məhdudlaşmır: “Almaniya Avropa İttifaqının aparıcı siyasi və iqtisadi güclərindən biri kimi Cənubi Qafqaza artan maraq göstərir. Prezident İlham Əliyev də vurğuladı ki, Azərbaycan–Almaniya əlaqələri təkcə iki ölkə arasındakı münasibətlərə deyil, bütövlükdə regionda əməkdaşlığa, sülhə və sabitliyə töhfə verə bilər. Bu yanaşma Azərbaycanın Avropa ilə münasibətlərində daha geniş siyasi və iqtisadi inteqrasiya məqsədini əks etdirir.
Səfərin əsas istiqamətlərindən biri də enerji əməkdaşlığı oldu. Ölkə başçısının da qeyd etdiyi kimi, Azərbaycan artıq bu ildir ki, öz təbii qazını Almaniyaya ixrac etməyə başlayıb və Azərbaycan qazı Avropa İttifaqına üzv 10 ölkəyə çatdırılır. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu nümayiş etdirir. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropa ölkələri enerji mənbələrinin şaxələndirilməsinə xüsusi diqqət yetirdiyi üçün Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi əhəmiyyəti daha da yüksəlib”.
O əlavə edib ki, bununla yanaşı, gələcək əməkdaşlıq yalnız ənənəvi enerji resursları ilə məhdudlaşmır: “Prezident İlham Əliyev Azərbaycanın gələcəkdə yaşıl enerjisini də Avropa bazarlarına çıxarmaq niyyətində olduğunu bildirib. Bu isə Azərbaycan–Almaniya münasibətlərində yeni istiqamətlərin – bərpa olunan enerji, texnologiya və innovasiya sahələrində əməkdaşlığın genişlənməsi üçün imkan yaradır. Almaniyanın qabaqcıl texnoloji imkanları ilə Azərbaycanın enerji potensialının birləşdirilməsi qarşılıqlı faydalı əməkdaşlıq modeli formalaşdıra bilər. Nəqliyyat və tranzit məsələləri də səfərin mühüm mövzularından biri olub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Orta Asiya ilə Avropa arasında körpü rolunu getdikcə daha çox gücləndirir. Azərbaycanın Orta Asiya məşvərət formatına tamhüquqlu üzv olması və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi ölkənin geoiqtisadi əhəmiyyətini artırır. Bu baxımdan Almaniya şirkətlərinin logistika və nəqliyyat sahəsində iştirakı həm Azərbaycanın tranzit imkanlarını genişləndirə, həm də Avropanın Asiya ilə əlaqələrini gücləndirə bilər”.
Y.Bağırzadənin sözlərinə görə, siyasi baxımdan isə səfərin ən mühüm məqamlarından biri Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması məsələsi olub: “Uzunmüddətli münaqişənin başa çatması və sülh prosesində yeni mərhələyə keçilməsi regionda iqtisadi əməkdaşlıq üçün yeni imkanlar açır. Almaniyanın bu prosesdə diplomatik dəstək göstərməsi Berlinin Cənubi Qafqazda daha fəal rol oynamaq istəyini nümayiş etdirir. İqtisadi əlaqələrin genişləndirilməsi istiqamətində Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması da xüsusi əhəmiyyət daşıyır. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanda artıq 200-dən çox Almaniya şirkəti fəaliyyət göstərir və yeni sənədlər bu əməkdaşlığın daha da genişlənməsinə imkan verəcək. Sərmayə qoyuluşlarının artırılması, texnologiya mübadiləsi və yeni layihələrin həyata keçirilməsi ikitərəfli münasibətlərin iqtisadi əsaslarını möhkəmləndirə bilər. Beləliklə, Prezident İlham Əliyevin Almaniyaya səfərini Azərbaycan–Almaniya münasibətlərinin yeni strateji mərhələyə keçidi kimi dəyərləndirə bilərik. Bu mərhələ enerji və iqtisadi əməkdaşlıqla yanaşı, həm də regional təhlükəsizlik, nəqliyyat bağlantıları və sülh gündəliyi ilə xarakterizə olunur. Azərbaycanın Avropa üçün əhəmiyyətinin artması, Almaniyanın isə Cənubi Qafqazda daha fəal rol almaq istəyi qarşılıqlı maraqlara əsaslanan yeni əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır”.
Röya İsrafilova